Daha bir uğursuz estetik əməliyyat qurbanı olduğunu qeyd edən müğənni klinika və həkimi məhkəməyə verir.
"Medicina" xəbər verir ki, müğənni Mənzurə Musayeva "Funda Hospital"ı məhkəməyə verəcək.
O, "Qaynarinfo"ya açıqlamasında bildirib ki, onun üzünü uğursuz əməliyyat edən tanınmış estetik cərrah Maqomed Poluxovdur.
"Məni Məhəmməd Poluxov bu günə salıb. Əməliyyatdan sonra özümü tanıya bilmirəm. Gedib deyirəm ki, pulumu qaytar, qaytarmır. Deyir, əməliyyatı etmişəm, daha nə pul? Pis günə salıb məni. Sifətimin bir tərəfini dartıb, birini boşaldıb.
Camaatı aldadır, yalandan deyir ki, üzgərmə əməliyyatı edirəm. Amma əslində, üzə sap atır. Gəlin üzümə baxın, görün nə haldayam. Sifətimin bir tərəfi dartılı qalıb.
Heç zaman buxağım olmayıb. Əməliyyatdan sonra buxaq çıxardıb mənə. Pulu tələb edirəm, deyir, gəl, yenidən əməliyyat edim. Yeddi minə yaxın pul vermişəm.
Köməkçisi ilə əlaqə saxlayıram. İndi gedirəm mərkəzin direktorunun yanına, onunla danışacağam".
Mənzurə Musayeva vurğulayıb ki, əgər pulunu qaytarmasalar, hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət edəcək.
Xatırladaq ki, ötən ay Səhiyyə Nazirliyinin sertifikat və işləməyə icazə verdiyi cərrahlar siyahısında Məhəmməd Poluxovun adı yox idi.
Medicina.az araşdırmasına görə, Poluxov a Azərbaycanda tanınmış uşaq cərrahı, professor Ramiz Poluxovun oğludur.
Məhəmməd Poluxov ATU-nu onkologiya ixtisası üzrə bitirdiyini, Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda Plastik cərrahiyyə üzrə təkmilləşmə kursu keçdiyini göstərib.
Lakin görünür ki, məhz plastik cərrah kimi sertifikasiya imtahanından keçib, müvafiq icazəni ala bilməyib.
Məsələ ilə bağlı "MEDİCİNA.AZ" Funda Hospitalla əlaqə saxladı, klinika bu barədə heç bir açıqlama verməli olmadıqlarını bildirdilər, çünki Mınzurə Musayevanı əməliyyat edən estetik cərrah Məhəmməd Poluxov daha orda çalışmır, aylar öncə çıxıb.
MEDİCİNA.AZ