Hazırda mövsümi kəskin respirator virusların artması, qrip və digər infeksiyaların ağır keçməsi, insanların gec həkimə müraciət etməsi, zəifləmiş immunitet pnevmoniyanın yaranma səbəbləri ola bilər.
Medicina.az xəbər verir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, insanların qapalı və zəif havalandırılan məkanlarda cəmləşməsi, hava-damcı yolu ilə ötürülən infeksiyaların əhali arasında yayılma sürətini nisbətən artırır:
“İnfeksiyanın yayılma arealını məhdudlaşdırmaq üçün sanitariya qaydalarına riayət olunması və kollektiv immunitetin qorunması böyük əhəmiyyət kəsb edir. Xüsusilə, risk qrupuna daxil olan şəxslərin kütləvi toplaşma yerlərindən uzaq durması tövsiyə olunur.
Xəstəliyin ilk klinik əlamətləri olan şəxslərin izolyasiyası, zəncirvarı yoluxma hallarının qarşısının alınmasında ən effektiv rol oynayır. Respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət nəzarət altındadır”.