"Niko"nun qopan qolunu tikmək olardımı?- Məşhur travmatoloqdan açıqlama

  • 2023.08.15 16:46
  • 6030 Baxış
"Niko"nun qopan qolunu tikmək olardımı? -  Məşhur travmatoloqdan açıqlama

Bəzən bədbəxt hadisələr zamanı əlin, ayağın, barmağın yerindən qopması, parçalanması, kəsilməsi hallarına rast gəlinir. Tibbi praktikada bədəndən 90% qopmuş əzanı – ayaq, qol, əl, barmaq, qulaq, dil və s. yenidən yerinə tikib, bərpa etmək mükün olur.

Məsələn, gürcü mikrocərrah Ramaz Datiaşvili hələ sovet dövründə - 1983-cü ildə litvalı qızın hər iki ayağını yerinə tikmişdi. Bu hadisə o illərdə bütün tibb aləmində sensasiyaya çevrilmişdi. Belə ki, atasının idarə etdiyi traktorun tırtılları altnda qalan 3 yaşlı litvalı qızın hər iki ayağı dabandan yuxarı üzülmüşdü. Qızı xüsusi vertolyotla Moskvaya gətirəndə ayaqlarını da buzlu balıqların içində ayrıca qutuda cərraha çatdırmışdılar.

O dövrdə gənc cərrah Ramaz komandası ilə 10 saatlıq əməliyyata başlayaraq, hər iki ayağı yerinə bərpa etməyə cəhd etdi. Onun assistentləri o qədər yorulmuşdular ki, ayaq üstə dayana bilməyib yıxılmışdılar, son 1 saatı Ramaz özü tək çalışıb əməliyyatı yekunlaşdırmışdı.

Amputasiya olunmuş ətrafı bərpa etmək üçün bütün damarlar, sinirlər, bağlar, vətərlər bir-bir düzgün tikilməli idi ki, ayaq idarə oluna bilinsin və beyindən impulslar alsın.

Gürcü cərrah bunu bacardı və Rasa adlı həmin qız hazırda Almaniyada yaşayır.


Qopmuş əzanı yerinə tikmək üçün müəyyən şərtlər lazımdır.

Birincisi, yaralı qəzadan ən geci 1 saat ərzində artıq əməliyyatxanaya çatdırılmalıdır. Onu peşəkar travmatoloq, mikrocərrahlar qrupu gözləməlidir.

İkincisi, qopmuş əza dərhal buzun içində olmaqla 1 saat müddətində əməliyyatxanaya çatmalıdır.

Əgər qopmuş hissə 10% də olsa bədən üzərində qalıb, bir damardan qanla qidalanarsa, onu xilas etmək şansı var.

Onlarla belə əməliyyat icra edən məşhur travmatoloq Sənan Aşirov Medicina.az-a açıqlamasında deyib ki, əgər əlin və ya ayaq pəncəsinin tam qopması baş veribsə, həmin nahiyə buzun içində olmaqla xəstə ilə birgə 1, ən pis halda 2 saatdan gec olmayaraq, xəstəxanaya çatdırılmalıdır:





"Qopmuş hissə 2 saat ərzində qanla qidalanmadığından ölür. Əl və ya ayaq biləyin üstündə 10 faiz qalsa və qan damarlarının bir-ikisi salamat olsa, qanla təchizat davam edir:

"Məsləhət görərdim ki, belə yaralanmalar zamanı özləri yaranı sarıyıb həkim gözləmək və vaxt itirməkdənsə, yaralını dərhal klinikaya gətirsinlər.

Bizim təcrübəmizdə belə hadisə olub. Avtomobil qəzasənda bir gənc kişinin ayağı tamam qopmuşdu, əməliyyat edib tikdik. Bir ustanın da əlini laqonda 80% kəsmişdi. Onu da Gəncədən gətirib çatdırdılar.

Amputasiya etmək ən son qərardır. Amma yenə də qərarı cərrah verir. Ola bilər ki, qopmuş, kəsilmiş əl, qol tamam əzilib, parçalanıb, qəzadan vaxt çox keçib, orqan nekrozlaşıb və onu bərpa etmək mümkün deyil. İstənilən halda qopmuş orqan buzun içində 1 saata travmatoloq-cərraha çatdırılmalıdır”.