Oğlanlarda xaya burulması təhlükəsi - Həkim danışdı

  • 2025.11.18 16:27
  • 56 Baxış
Oğlanlarda xaya burulması təhlükəsi  - Həkim danışdı


Xaya burulması xayanın spermatik kordon ətrafında dönməsi nəticəsində xayaya qan axınının kəsilməsi ilə yaranan təcili cərrahi əməliyyat tələb edən bir haldır.


"Medicina" xəbər verir ki, Kliniki Tibbi Mərkəzin həkim-uşaq cərrahı Binnət Sofuyev xaya burulmasında müdaxilə vaxtında edilmədikdə ciddi fəsadlar yarada biləcəyini deyib.


Xaya burulması niyə baş verir?

• Genetik amillər
• Travma və ya hərəkət
• Gənc yaş və inkişaf dövrü
• Soyuq hava təsiri və əzələ yığılması


Xaya burulması təhlükəlidirmi?


“Xaya burulması çox ciddi və təcili tibbi müdaxilə tələb edən bir vəziyyətdir. Xaya burulmasının əsas əlamətləri qəfil başlayan kəskin xaya ağrısı, ağrının qasıq və ya qalça nahiyyəsinə yayılması, ürəkbulanma və qusma, zədələnmiş tərəfdə xayanın yuxarı qalxmış və ya “dartılmış” vəziyyətdə olması, xayanın getdikcə bərkiməsi və toxunmaya həssaslığın artması ilə müşayiət olunmasıdır. Bu simptomlardan hər hansı biri yarandıqda, dərhal həkimə müraciət etmək lazımdır.


Xaya burulması zamanı xayaya gedən qan dövranı qəfil dayanır və toxuma sürətlə məhv olmağa başlayır. Əgər xəstə ilk 4-6 saat ərzində həkimə müraciət edərsə, xayanın tam sağlam şəkildə qorunması mümkündür. Gecikmə olduqda, təəssüf ki, xaya qan dövranının pozulması nəticəsində funksiyasını itirir, toxumalar nekroza uğrayır və bu vəziyyət xayanın çıxarılmasına səbəb ola bilər.

Xaya burulmasının müalicə üsulları nələrdir?

B.Sofuyev qeyd edib ki, xaya burulmasının müalicəsi cərrahi müdaxilə ilə aparılır:

“Xaya burulmasının effektiv müalicəsi təcili cərrahi müdaxilədir. Ona görə də xəstə qəbul olunduğu an vaxt itirmədən əməliyyata hazırlaşdırılır.


Qeyd edim ki, xaya burulmasına ən çox yeniyetməlik dövründə, yəni 13–17 yaş arasında rast gəlinir”.