Uşaqlarda anemiya, yəni qan azlığı, qanda hemoqlobinin azalması ilə yaranan vəziyyətdir. Hemoqlobin oksigeni bütün bədənə daşıyır.
Medicina.az xəbər verir ki, onun səviyyəsi azaldıqda uşaq tez yorulur, halsız olur, rəngi solğun görünür və diqqəti zəifləyə bilər.
Anemiyanın yaranmasına bir neçə amil təsir edə bilər:
Dəmir çatışmazlığı — uşağın qidasında dəmir az olduqda və ya dəmir bağırsaqlardan yaxşı sorulmadıqda yaranır.
B12 vitamini və fol turşusu çatışmazlığı — bu vitaminlər qan hüceyrələrinin yaranması üçün vacibdir.
Qidalanma pozulması — birtərəfli qidalanma, iştahsızlıq və faydalı qidaların az qəbulu qan azlığı riskini artırır.
Mədə-bağırsaq problemləri — bağırsaqlarda sorulma zəifdirsə, uşaq dəmir və vitamin qəbul etsə də, orqanizm onlardan tam istifadə edə bilmir.
İrsi qan xəstəlikləri — talassemiya və oraqvari anemiya kimi xəstəliklər ailədən uşağa keçə bilər.
Qan azlığının əlamətləri
Valideynlər uşağın davranışında və görünüşündə bəzi dəyişikliklərə diqqət etməlidir. Anemiya zamanı aşağıdakı əlamətlər görünə bilər:
• tez yorulma;
• halsızlıq;
• solğun dəri;
• iştahsızlıq;
• başgicəllənmə;
• baş ağrısı;
• nəfəs darlığı;
• diqqət zəifliyi;
• əsəbilik;
• soyuq əl və ayaqlar;
• böyümə və inkişafda ləngimə.
Bəzən uşaq sadəcə əvvəlki kimi aktiv olmur, tez yorulur və dərslərə diqqətini toplamaqda çətinlik çəkir. Bu hallar uzun müddət davam edirsə, pediatra müraciət etmək lazımdır.
Qan azlığını yalnız uşağın rənginə baxaraq dəqiq bilmək olmaz. Bunun üçün həkim müayinəsi və qan analizi lazımdır.
Əsas müayinələrə bunlar daxildir:
Ümumi qan analizi — hemoqlobin və qan hüceyrələrinin vəziyyətini göstərir.
Ferritin və dəmir göstəriciləri — bədəndə dəmir ehtiyatını qiymətləndirir.
B12 və fol turşusu analizi — vitamin çatışmazlığı olub-olmadığını göstərir.
Lazım olduqda həkim əlavə analizlər də təyin edə bilər.
Uşaqlarda anemiya necə müalicə olunur?
Müalicə anemiyanın səbəbindən asılıdır. Əgər səbəb dəmir çatışmazlığıdırsa, həkim dəmir preparatı və uyğun qidalanma planı təyin edə bilər. B12 və ya fol turşusu çatışmazlığı varsa, həmin vitaminlər əlavə olunur. Valideynlər uşağa özbaşına “qan dərmanı” verməməlidir. Çünki hər qan azlığı dəmir çatışmazlığı demək deyil. Yanlış müalicə fayda verməyə və problemi gecikdirə bilər.
Qidalanma niyə vacibdir?
Anemiyanın qarşısını almaq və müalicəni dəstəkləmək üçün düzgün qidalanma çox önəmlidir. Uşağın menyusunda dəmir və vitaminlərlə zəngin qidalar olmalıdır:
• ət;
• balıq;
• yumurta;
• qaraciyər;
• yaşıl yarpaqlı tərəvəzlər;
• paxlalılar;
• qarabaşaq;
• quru meyvələr.
Dəmirin daha yaxşı sorulması üçün C vitamini də vacibdir. Məsələn, yeməklə birlikdə limon, pomidor, bolqar bibəri, portağal və ya kivi faydalı ola bilər. Yeməkdən dərhal sonra çay içmək isə dəmirin sorulmasını azalda bilər.
Anemiyanın müalicəsinə İnteqrativ Tibbin yanaşması
İnteqrativ tibb anemiyaya yalnız “hemoqlobin aşağıdır” kimi baxmır. Burada əsas məqsəd qan azlığının səbəbini tapmaqdır. Bəzən uşaq dəmir preparatı qəbul edir, amma nəticə istənilən kimi olmur. Bunun səbəbi bağırsaqlarda sorulmanın zəif olması, mikroflora pozulması, qida həssaslığı və ya həzm sistemi problemləri ola bilər. İnteqrativ yanaşmada həkim uşağın qidalanmasını, bağırsaq sağlamlığını, vitamin-mineral balansını və immun sistemini birlikdə dəyərləndirərək, fərdi müalicə proqramı hazırlayır.
Uşaqlarda anemiya vaxtında aşkarlandıqda və düzgün müalicə olunduqda yaxşı nəticə verir. Valideynlər uşağın halsızlığına, solğunluğuna, iştahsızlığına və tez yorulmasına diqqət etməlidir. Ən doğru addım - səbəbi müəyyən etmək üçün pediatra müraciət etməkdir.
Düzgün müayinə, uyğun qidalanma və fərdi yanaşma ilə qan azlığını nəzarətə almaq mümkündür.
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi
Ətraflı məlumat üçün: (012 / 050 / 055 / 070) 430 89 89
Aygün
Medicina.az