Özəl klinikada zondla mədəsi yoxlanan qız komaya düşdü- Türkiyəyə aparıldı - FOTOLAR

  • 2023.07.07 14:43
  • 6311 Baxış
Özəl klinikada zondla mədəsi yoxlanan qız komaya düşdü - Türkiyəyə aparıldı - FOTOLAR

Sumqayıt şəhər sakini Ramil Əfəndizadə “Doktor.az” klinikasından şikayətçidir.

O, Bakupost.az -a deyib ki, “Doktor.az” klinikasında həkim səhlənkarlığı ucbatından qızı ölümlə üzləşib, sağlamlığına ciddi ziyan vurulub.

Belə ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 1-ci kurs tələbəsi Z.Əfəndizadə iyunun 2-də mədə-bağırsağında narahatlıq hiss edib. O anası ilə birlikdə Sumqayıt şəhərində yerləşən “Doktor.az” klinikasına gedib. Kassada 180 manat ödəniş edilməsi tələb olunub.


Pul köçürüldükdən sonra 17 yaşlı qızı kran suyu ilə klizma etmək istəyiblər. Anası irad bildirdikdən sonra isə həmin su distillə olunmuş su ilə dəyişdirilib.

Daha sonra pasiyentə narkoz verilib, mədə-bağırsağı endoskopik diaqnostika ilə müayinə edilib. Atasının sözlərinə görə, yeniyetmə narkozdan ayıldıqdan sonra evə buraxılıb. Evdə isə onun halı pisləşib:


“Uşaq narkozdan ayılandan 5 dəqiqə sonra evə buraxıblar. Xəstəxanadan evə 20 dəqiqəlik yol var. Uşaq evə çatdıqda halı pisləşib, təzyiqi 0-a düşüb. Məlum oldu ki, narkozdan anafilaktik şok keçirib. Dərhal 13-cü mikrorayondan təcili tibbi yardımı çağırdıq. Onların həkimi evin içində saat yarım ərzində uşağın həyatını xilas etmək üçün mübarizə apardı. Daha sonra oksigen balonu olan əlavə təcili tibbi yardım gəldi. Uşağı bir az özünə gətirdilər, təzyiqini 0-dan 40-a qaldırdılar”.


Ramil Əfəndizadə bildirib ki, uşaq özünə gəldikdən sonra onu Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına aparıblar:

“Günorta saat 2-də oraya gəldik. Orada baş həkim Rauf və daha 3-4 həkim uşağa əllərindən gələn ilkin yardımı göstərdilər. Axşam saat 7-ə qədər ona iynələr, sistemlər vuruldu. Uşağı özünə gətirə bilmirdilər ki, Bakıya, Mərkəzi Klinikaya aparaq. 5 saatlıq mücadilədən sonra qızım bir az özünə gəldi”.

Z.Əfəndizadə yalnız bunda sonra qızının Bakıya - Mərkəzi Klinikayaa aparıldığını bildirib:


“Qızım 4 gün orada yatdı. Baş həkim Kamran doktor və digər həkimlər onun vəziyyəti ilə bağlı bütün bilgilərə sahib idilər. 4 gün sonra Kardiologiya şöbəsinin müdiri Firdovsi həkim dedi ki, uşaq təcili olaraq, Türkiyəyə aparılmalıdır.

Uşağın anafilaktik şok keçirdiyini, ürəyinin zədələndiyini, qanının zəhərləndiyini, bütün bakteriya və virusların oyandığını bildirdi”.

Yeniyetmənin atası bildirib ki, qızı İstanbul şəhərində yerləşən “Medical Park” klinikasında 1 həftə ərzində müalicə alıb və sağalıb:


“Gecə saat 5-də təcili tibbi yardımla hava limanına yola düşdük. Yoldaşım, mən və qızım Türkiyənin İstanbul şəhərinə getdik. Oranın hava limanında da bizi təcili tibbi yardım maşını qarşıladı. Qızım İstanbulda “Medical Park” xəstəxanasında qan zəhərlənməsi, Anafilaktik şok səbəbilə 6 gün yatdı. Uşaq bu müddət ərzində sağaldı. 2-3 gün onun tam özünə gəlməsini gözlədikdən sonra evə qayıtdıq. Hazırda vəziyyəti qənaətbəxşdir. Nə yaxşı demək olar, nə də pis”.

Ramil Əfəndizadə “Doktor.az” klinikasının anestezioloqu Şakir Səfərovun məsuliyyətdən boyun qaçırdığını bildirib:

“Şakir həkim deyir ki, mənlik bir şey yoxdur. Mənim günahım deyil”.

Şikayətçi məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN), Sumqayıt şəhər prokuroluğu, Sumqayıt Şəhər Baş Polis İdarəsinin 1-ci polis bölməsinə məlumat verdiyini də qeyd edib:

“Hadisə baş verən kimi DİN-in 102 qaynar xəttinə 3-4 dəfə ard-arda zəng edib şikayətimi bildirmişəm. Travmatologiya Xəstəxanasında olanda Sumqayıtın 1-ci polis bölməsinin əməkdaşları ora gəlib. Onlara da izahatımı və ərizəmi vermişəm. Qurban bayramından iki gün öncə də Sumqayıt şəhər prokurorluğuna lazım olan bütün sənədləri və ərizəmi təqdim etmişəm. Bütün sənədlər əlimdədir. "Doktor.az"ın bizə verdiyi ilk kağız da var. Bu sənəddə qızımın narkoza girməzdən əvvəl müayinə edildiyi və sağlam olduğu qeyd olunub. Bunu klinikanın özünə də təqdim etmişəm”.

Zərəçəkmişlər aidiyyəti qurumların məsələyə diqqət göstərilməsini,onlara maddi və mənəvi ziyan vuran şəxslərin ağır şəkildə cəzalandırılmasını tələb edir.

Məsələ ilə bağlı “Doktor.az” klinikasına ünvanlanan suallarımız cavabsız qaldı.