“Pandemiya ilə əsas mübarizə qapanma deyil...”- Baş infeksionist

  • 2021.08.25 10:17
  • 9253 Baxış
“Pandemiya ilə əsas mübarizə qapanma deyil...”-  Baş infeksionist
Medicina.az Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazovun Musavat.com-a müsahibəsini təqdim edir:



- Doktor, son günlər gündəlik yoluxma sayında yüksək rəqəmlər müşahidə edilir. Hazırkı epidemioloji vəziyyəti necə dəyərləndirirsiz? Səbəbləri nədə görürsüz?

- Bəli, hazırda epidemioloji durumda mənfi dinamika qeyd edilir. Bu yeni yoluxma hallarının artımı, spesifik təsdiqləyici test nümunələrində pozitiv nəticələrin səviyyəsinin yüksəlməsi, aktiv xəstə sayının günü- gündən çoxalması ilə özünü göstərir. Lakin hələ ki vəziyyətin nəzarət altında olduğunu qeyd edə bilərik.

- İnsanlar tez-tez sual verirlər ki, vaksinasiya da aparılır, amma yenə də bu say çoxalır, niyə? Sizcə, bu, saxta COVİD pasportu alanlarla bağlıdır, yoxsa vaksinlərin yeni ştammlara qarşı qoruyuculuğunun az olması ilə bağlıdır?

- Bu, ölkə əhalisinin böyük hissəsində infeksiyaya qarşı immunitetin olmaması ilə bağlıdır. Bu immunitet, xəstəliyi keçirdikdən və ya iki doza vaksin aldıqdan iki həftə sonra formalaşır. Hazırda bu şəxslərin sayı əhalinin təxminən dörddə birindən bir qədər çoxdur. Saxta COVİD pasportlarının əldə edilməsi ilə ciddi mübarizə aparılır. Bu məsələnin hazırda ümumi nəticəyə əhəmiyyətli təsiri olmasını düşünmürəm.



- Hansı vaksin daha etibarlıdır? Çində “Sinovak” şirkətinin peyvəndi olan “KoronaVak”ın koronavirusun mutasiya olunmuş variantlarına qarşı effektli olmadığı bildirilib. Sözügedən peyvəndi vurduran şəxslər hazırda dünyada yayılmaqda olan delta ştammına yoluxa bilərlər. Buna görə də Çində qəbul olunan yeni qərara görə, “KoronaVak”ın hər iki dozasını vurduran şəxslərə “Pfizer” peyvəndi vurulacaq. Bizdə də “KoronaVak”ı vurduranlar arasında virusu ağır keçirənlərin olduğu deyilir. Bu vaksinin tətbiqi dayandırılmalıdırmı, yoxsa bizdə də üçüncü doza kimi “Pfizer” vurulmalıdır?

- Aparılmış son tədqiqatlara görə, Çin istehsallı “KoronaVak” vaksini delta ştammına qarşı kifayət qədər effektivdir. Üçüncü doza kimi həm bu vaksindən, həm də istifadəsinə icazə verilmiş COVİD əleyhinə digər vaksindən istifadə etmək mümkündür.

- Amerikada vətəndaşların çoxuna vaksinasiya tamamlanandan 8 ay sonra gücləndirici (buster) 3-cü dozanın vurulacağı açıqlanıb, bizdə də bu mümkündürmü?

- Azərbaycanda da buster dozanın ikinci doza vaksinasiyadan 6 ay sonra tibb işcilərinə, yaşlılara, müxtəlif ağır xroniki xəstəliyi olan şəxslərə vurulması tibb qurumları tərəfindən tövsiyə olunub.



- Bəzi infeksionistlər yoluxma mənbəyi kimi toy, yas mərasimlərini, iri ticarət mərkəzlərini görürlər. Siz necə düşünürsüz, toyların, iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılmalıdırmı? Vəziyyətin daha da kritikləşməməsi üçün hansı addımlar atılmalıdır?

- Bu məsələlər Nazirlər Kabineti yanında Operativ Qərargahin səlahiyyətlərinə aiddir. Bildiyiniz kimi, OQ-ın bir neçə gün əvvəl keçirdiyi brifinqdə bu məsələlərə kifayət qədər aydınlıq gətirildi. Hələlik sərt qapanmalara gedilməsə də, qeyd olundu ki, növbəti qərarlar epidemioloji durumun dinamikasına adekvat olaraq veriləcəkdir.

- Uşaqlar vaksin olunmayıbsa, dərslər əyani şəkildə açılmalıdırmı?

- Uşaqların vaksin olunmadığı halda tədrisin əyanı aparılmaması barədə heç bir qərar verilməyib.

- Bir çox ölkələrdə 12-15 yaş arası uşaqların da kütləvi peyvəndlənməsinə başlanıb. Finlandiyada uşaqlar hətta valideynlərinin razılığı olmadan peyvənd oluna bilirlər. Ümumiyyətlə, uşaqların kütləvi vaksinasiyasına ehtiyac yarana bilərmi? Bizdə kifayət qədər peyvənd (“Pfizer”) varmı?

- 12-15 yaşlı uşaqların vaksinasiyası məsələsı müzakirə predmetidir. Hazırda ölkəmizdə yalnız 18 yaşdan yuxarı şəxslər peyvənd olunur. Lakin vəziyyətdən asılı olaraq digər qərarlar da qəbul oluna bilər. Rəsmi qurumların açıqlamalarına görə, ölkəyə bütün COVİD əleyhinə peyvəndlər kifayət qədər gətirilib və müxtəlif müqavilələr əsasında gətirilməkdədir.

- Bəzi ekspertlərsə nə vaksinlərin, nə də hər hansı sərt qapanmaların virusa qarşı qoruyucu olmadığı qənaətindədir. Yalnız bütün insanlar yoluxub sağalandan sonra immunitetin yaranacağını, pandemiyaya qalib gəlməyin mümkünlüyünü bildirirlər... Bəs siz necə düşünürsüz?

- Sərt qapanmalar infeksiyanın yayılma sürətinin bir qədər azalmasına xidmət edir. Bu üsul səhiyyənin izafi yüklənməsinin baş verməməsi üçün tətbiq olunur. Pandemiya ilə mübarizənin əsas yolu məhz vaksinasiyadır. Yalnız əhalinin 75-80%-i tam peyvənd olunarsa, epidemioloji zəncirin qırılmasını görə bilərik.



- Saxta COVİD pasportu satanlara ən ağır cəzanın verilməsini tələb edənlər var. Bəs siz necə düşünürsüz, “vaksin dissidentləri” ilə necə mübarizə aparılmalı, onlar necə cəzalandırılmalıdır ki, müsbət nəticə əldə edilsin?

- Saxta COVİD pasportları verənlərlə mübarizə və təqsirli bilinən şəxslərin necə cəzalandırılması məsələsi hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə aiddir. Bir tibb işçisi kimi onu qeyd edə bilərəm ki, belə halların baş verməməsi üçün əhali arasında vaksinasiyanın effektivliyi və təhlükəsizliyi məsələləri daha da geniş təbliğ olunmalıdır.