Bakıda minlərlə yoluxma, qorxulu infeksiya – Dövlət niyə tədbir görmür?

  • 2023.01.06 16:05
  • 1952 Baxış
Bakıda  minlərlə yoluxma, qorxulu infeksiya  – Dövlət niyə tədbir görmür?

Dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda COVID-19-la bağlı məhdudiyyətlər ləğv olunsa da, virusun yayılmasının tamamilə səngidiyini söyləmək mümkün deyil. Əksinə, bir sıra ölkələrdə, məsələn, Çində bu virusa yoluxanların sayı fantastik həddə çatıb. Hətta bu səbəbdən Çin hakimiyyəti rəsmi olaraq, yoluxma və ölüm sayına dair statistik məlumatların açıqlanmasını qadağan edib. Hər gün Çində on milyonlarla insanın koronavirusa yoluxduğu, orta hesabla 9-10 min insanın öldüyü iddia edilir.


Digər ölkələrdə də yoluxma sayında artım müşahidə olunur. Belə ki, ötən gün ABŞ-da 85515, Cənubi Koreyada 56954, Braziliyada 28049, Almaniyada 20922 nəfər koronavirusa yoluxub. Bütövlükdə bir sutka ərazində dünyada bu virusa yoluxanların sayı 212 291 nəfərdir ki, bu da kifayət qədər yüksək göstəricidir.

Bu səbəbdən Çin də daxil olmaqla bir sıra ölkələrdə COVID-19-la mübarizə tədbirləri yenidən gücləndirilib. Azərbaycanda ötən sutkada koronavirusa yoluxanların sayı (66) yüksək olmasa da, son günlər əhali arasında yayılan naməlum infeksiya ciddi narahatlıq yaradır. Uşaqlar və böyüklər arasında yayılan bu xəstəliklə bağlı mütəxəssislər arasında yekdil fikir yoxdur.

Bəzilərinin bunun adi qrip, bəziləri isə koronavirusun yeni ştammı olduğunu deyirlər. Lakin faktdır ki, hazırda bu infeksiya ölkədə çox geniş yayılıb. Sosial şəbəkələrdə yayılan məlumatlar, həmçinin gündəlik müşahidələr də bunu təsdiq edir. Xəstəxana və apteklərə müraciət edənlərin sayında da kəskin artım var. Düzdür, bu hal qış aylarında həmişə müşahidə olunur. Lakin naməlum virusa yoluxanlar xəstəliyi çox ağır keçirdiklərini, bu infeksiyanın adi qrip olmadığını bildirirlər. Onların sözlərinə görə, bir neçə gün ərzində temperatur 38-40 dərəcədən düşmür. Halsızlıq, ürəkbulanma ilə müşahidə olunan infeksiya burun-boğaz, daxili orqanlarda, hətta ayaqlarda belə ciddi narahatlıq və ağrılara səbəb olur.

Yeni infeksiyanın kütləvi şəkildə yayılması əhali arasında ciddi narazılığa səbəb olsa da, təəssüf ki, aidiyyəti qurumlar tərəfindən məsələ ilə bağlı nəinki hansısa tədbirlər görülmür, hətta vəziyyət göz ardı edilir.

Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən yeni infeksiya ilə bağlı əhaliyə heç bir xəbərdarlıq edilməyib. Koronavirusla bağlı məhdudiyyətlər ləğv edildikdən sonra bu qurumlar heç bir maarifləndirmə işi aparmırlar. Halbuki mütəxəssislər yeni infeksiyanın sürətlə yayılmasını məhz maarifləndirmə işinin aparılmaması, əhalinin qoruyucu vasitələrdən istifadə etməməsi, ara məsafəsi saxlamaması ilə izah edirlər. Vəziyyət o qədər kəskin şəkil alıb ki, dünən infeksiyanın geniş yayılması səbəbindən orta məktəblərdən birində tədrisin dayandığı barədə məlumatlar yayıldı. Düzdür, sonrada bu məlumat təkzib olundu. Ancaq etiraf etmək lazımdır ki, bu gün yeni infeksiyaya yoluxan xeyli sayda müəllim, tələbə və şagirdlər tədris prosesindən kənarda qalmağa məcbur olurlar. Halbuki, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən vaxtında maarifləndirmə işləri aparılsaydı, infeksiyanın bu dərəcədə geniş yayılmasının qarşısını almaq olardı.

Digər bir problem isə ondan ibarətdir ki, infeksiyaya yoluxanların böyük əksəriyyəti tibb müəssisələrinə müraciət etmir, evdə qalmağa və özünümüalicəyə üstünlük verirlər ki, bu da fəsadlarsız ötüşmür.

Ən nəhayət, təəssüf ki, paytaxtda sanitar-epidemioloji vəziyyətə nəzarətin təşkili istiqamətində də heç bir addım atılmır. Belə ki, ötən illər qış mövsümündə əksər iş yerlərində, eləcə də paytaxtın küçələrində dezinfeksiya tədbirləri aparılır, bu da infeksion xəstəliklərin geniş yayılmasının qarşısını müəyyən dərəcədə alırdı. Oktyabr ayından bəri havalar soyusa və müxtəlif infeksiyalar yayılsa da, təəssüf ki, bu günə qədər nə paytaxt Bakı, nə də digər iri şəhərlərdə bir dəfə də olsun, dezinfeksiya tədbirləri görülməyib. Halbuki koronavirus oldu-olmadı, qış aylarında bu tədbirlərin görülməsi vacibdir.

Maraqlıdır, hər ay, hətta hər həftə dövlət büdcəsindən müvafiq qurumlara bu tədbirlərin görülməsi üçün ayrılan vəsait hara xərclənir? Niyə səhiyyə qurumları, meriya paytaxtda sanitar-epidemioloji durumun nəzarətdə saxlanması istiqamətində üzərinə düşən vəzifələri icra etmirlər?