Pişik sahiblərinin diqqətinə: Şizofreniya riskiniz daha yüksəkdir

  • 2026.06.08 21:59
  • 138 Baxış
Pişik sahiblərinin diqqətinə:  Şizofreniya riskiniz daha yüksəkdir

Alimlərin araşdırması maraqlı bir faktı ortaya çıxardı. Bu araşdırmaya görə, pişiyi ev heyvanı kimi saxlamaq şizofreniya ilə əlaqəli xəstəliklərin inkişaf ehtimalını artırır.

Medicina.az xəbər verir ki, pişiklər dünyanın ən populyar ev heyvanları arasında olsa da, yeni bir araşdırma təəccüblü nəticələr ortaya çıxardı.

Avstraliyadakı Kvinslend Ruhi Sağlamlıq Tədqiqat Mərkəzinin alimləri tərəfindən aparılan təhlil pişik sahibliyi ilə şizofreniya ilə əlaqəli xəstəliklər arasında əhəmiyyətli bir əlaqə olduğunu göstərdi.



Tədqiqat 1980-2023-cü illər arasında 11 fərqli ölkədə aparılan 17 elmi tədqiqatı araşdırdı.

Təhlilin nəticələrinə görə, pişiklərlə təmasda olan şəxslərdə şizofreniya ilə əlaqəli xəstəliklərin inkişaf ehtimalı təxminən iki dəfə çoxdur.

Science Alert-ə görə, tədqiqatçılar əlaqənin mümkün səbəblərindən biri kimi Toxoplasma gondii parazitini göstərirlər.

Pişiklərdə rast gəlinən bu parazit, yoluxmuş nəcislə təmas, az bişmiş ətin istehlakı və ya çirklənmiş su vasitəsilə insanlara ötürülə bilər.

Qeyd olunur ki, parazit mərkəzi sinir sisteminə təsir göstərə bilər və bəzi nevroloji və ya psixiatrik xəstəliklərlə əlaqələndirilir.



Buna baxmayaraq, tədqiqatçılar mövcud məlumatların pişiklərin şizofreniyaya səbəb olduğunu sübut etmədiyini vurğulayırlar.

Tədqiqat qrupu bildirir ki, mövzu ilə bağlı daha aydın nəticələrə gəlmək üçün daha böyük və daha keyfiyyətli tədqiqatlara ehtiyac var.


Aygün
Medicina.az