Poliklinikalarda verilən sağlamlıq arayışı 40 manat oldu - Rəsmi AÇIQLAMA

  • 2022.11.22 14:52
  • 1532 Baxış
Poliklinikalarda verilən sağlamlıq arayışı 40 manat oldu  - Rəsmi AÇIQLAMA

Azərbaycanda poliklinikalarda sağlamlıq haqqında standart arayış üçün 40 manat tələb olunur.

Bakupost.az xəbər verir ki, bir müddət əvvəl başlanan bu proses vətəndaşlar tərəfindən narazılıqla qarşılanır.

Bu barədə məlumatı olmayan vətəndaşlar poliklinikada 40 manat ödəyəcəklərini eşidəndə əvvəl bunu həkimlərin özləri üçün istədiyini düşünərək etiraz edirlər. Lakin sonradan məbləğin İcbari Tibbi Sığorta tərəfindən təyin olunduğu və 40 manatın banka ödəniləcəyi deyilir.


Məsələ ilə bağlı İcbari Tibbi Sığorta Agentliyindən Bakupost.az -a verilən açıqlamada arayışın 40 manat olduğu təsdiqlənib:

“Qeyd edək ki, Prezident İlham Əliyevin 13 may 2022-ci il tarixli Fərmanı ilə TƏBİB tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan və ödəniş tələb olunan tibb xidmətlərini və tarifləri TƏBİB müəyyənləşdirir. 18 yaşdan yuxarı vətəndaşların sağlamlıq barədə arayışı ödənişlidir.
Bu məsələ İcbari Tibbi Sığortanın səlahiyyətində deyil.

Amma aşağıdakı şəxslər üçün arayışlar ödənişsizdir:

- 18 yaşa qədər uşaqlar
- Hərbi xidmətə çağırılanlar

Qalan hallarda hər kəs üçün sağlamlıq arayışı ödənişlidir”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə Bakupost.az –a bildirilib ki, qurumun tabeliyindəki dövlət tibb müəssisələrində ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edilib:

Azərbaycan Respublikasının Prezidentinin 13 may 2022-ci il tarixli 1677 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin, sığortaolunmayan şəxslərə göstərilən tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edilib. Qeyd edək ki, sözügedən sənəd TƏBİB-in Müşahidə Şurasının 2 nömrəli Protokolu ilə təsdiqlənib”.

Həmin siyahılarla bu linklər vasitəsilə tanış ola bilərsiz:



Qeyd edək ki, sovet dövründən ötən ilə kimi sağlamlıq arayışı rəsmən pulsuz olsa da, çox zaman poliklinikalarda bunun üçün qeyri-rəsmi ödəniş tələb olunurdu. Əksəriyyət işini həll etmək üçün həkimlərə “hörmət” edirdi.

Amma bu “hörmət” 40 manatdan xeyli az – 5-10 manat olurdu. Hələlik əhalinin imkansız, işsiz təbəqəsinin bu pulu ödəyə bilməməsi nəzərə alınmır. Maraqlısı budur ki, maaş və gəlirindən sığorta ödəmiş şəxslər üçün də arayışlar pulludur.

Aygün Musayeva

Baku Post