Qara nöqtələr bir çox insanı narahat edən dəri problemlərindən biridir.
Medicina.az xəbər verir ki, qara nöqtələr, tıxanmış məsamələr nəticəsində əmələ gələn iltihabsız sızanaqlardır. Məsamələrdə yığılan çirk və yağ hava ilə təmasda olduqda oksidləşir və qara görünüş alır. Bu, xüsusilə burun nahiyəsində daha nəzərə çarpan hala gəlir. Sağlam olmayan qidalanma vərdişləri, çirklənmiş ətraf mühit şəraiti və bəzi kosmetik məhsullar qara nöqtələrin əmələ gəlməsinə səbəb olar. Dərinizin hamar və canlı görünməsinə mane olan qara nöqtələr bir çox insan üçün yayqın bir problemdir. Xüsusilə yağlı dəri tipinə sahib olanlar bu problemlə daha tez-tez qarşılaşırlar. Amma narahat olmayın. Düzgün qulluq üsulları ilə qara nöqtələrə əlvida demək mümkündür.
Əgər qara nöqtələr və sızanaqlar kimi dəri problemləri yaşayırsınızsa, ilk addım olaraq dermatoloqa müraciət etməlisiniz. Probleminiz hormonal balanssızlıqdan qaynaqlana bilər və bu halda mütəxəssis tərəfindən tövsiyə edilən məhsullar dərinizi bu problemlərdən təmizləməyə kömək edəcək. Dəriniz həssasdırsa, yağ istehsalını azaldan və dərini qurudan məhsullardan çəkinməlisiniz. Bu cür məhsullar əvvəlcə dərinizi təravətləndirən kimi görünsə də, uzun müddətdə dərinizin daha çox yağ istehsal etməsinə səbəb ola bilər. Bunun əvəzinə, dərinizi qurutmayan toniklər seçin və məsamələri yumşaq bir şəkildə təmizləyin.
Günəşin zərərli təsirləri də dəri problemlərini daha da pisləşdirə bilər. Buna görə də, günəşə çıxmazdan əvvəl həmişə günəşdən qoruyucu krem istifadə edin. Həmçinin, dərinizin tipinə uyğun yüksək keyfiyyətli nəmləndirici ilə nəmləndirin. Bu addımlar qara nöqtələrlə mübarizə aparmağa və dərinizin daha sağlam görünməsinə kömək edəcək. Unutmayın ki, dəriyə qulluq müntəzəm olaraq və düzgün məhsullarla edildikdə, qara nöqtələr artıq kabus olmayacaq və çini kimi dəriyə sahib olacaqsınız.
Aygün
Medicina.az