Reseptdə dərman adı yazıla bilməz! – Deputat həkimlərin qanunsuz əlbirliyindən danışdı

  • 13 İyl 2022 14:28
  • 1186 Baxış
Reseptdə dərman adı yazıla bilməz!  – Deputat həkimlərin qanunsuz əlbirliyindən danışdı

Bu gün özəl və dövlət xəstəxanaları sanki bir-biri ilə rəqabətə girib. Bu rəqabət həkimlərin maddi maraqları ilə bağlıdır. Bəzi
xəstəxanalar və həkimlər dərman firmaları ilə əlbirdir.

Dərmanın keyfiyyəti, xəstəyə təsiri onlarda maraq doğurmur.

Həkim və dərman firmalarının bu cür müştərək fəaliyyətinin aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Kamilə Əliyeva Bakupost.az -a açıqlama verib.
Deputat bu cür işbirliyinin yolverilməz olduğunu deyib:

“İstər özəl, istərsə də dövlət xəstəxanalarında çalışan həkimlərin hansısa aptek və ya dərman firması ilə işbirliyi qurması yolverilməzdir. Təəssüf ki, həqiqətən də bu gün hələ də bu cür həkimlərə rast gəlinir. Belə halların baş verməsi xəstələrin hüquqlarının pozulması deməkdir. Xəstə dərmanı hansı aptekdən alacağını özü müəyyənləşdirməlidir. Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar bu məsələni araşdırmalı, həmin həkimlər ciddi cəzalandırılmalıdır. Ümumiyyətlə, həkimlər resept yazanda dərman adı ilə deyil, tərkibi ilə yazmalıdır. Bu, qanunvericilikdə də öz əksini tapıb. Mənə elə gəlir ki, belə olsa, firmalar da öz dərmanlarını məqsədli şəkildə geniş yaya bilməyəcək və belə halların qarşısı alınacaq”.