Sabir Rüstəmxanlı 80 yaşa çatmağının səbəbini açıqladı - Biri sevgidir, biri genetik...

  • 2026.05.20 14:46
  • 112 Baxış
Sabir Rüstəmxanlı 80 yaşa çatmağının səbəbini açıqladı  - Biri sevgidir, biri genetik...


Dünən Prezident İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif olunan Xalq şairi, “Vətəndaş Həmrəyliliyi Partiyası”nın sədri, uzun illər deputat seçilən Sabir Rüstəmxanlı bu gün 80 yaşını qeyd edir.


Medicina.az xəbər verir ki, yubiley günü Modern.az-a danışan Sabir Rüstəmxanlı insan həyatda ilk növbədə düzgün və ədalətli yaşamağa çalışmalıdır deyə bildirib.

“Necə yaşamaq planla olan bir şey deyil. O, bir taledir, yazıdır. İnsan insan kimi yaşamalıdır, düz və ədalətli. Sonra da nə bacarırsa, milləti və vətəni üçün etməlidir. Torpağını becərməlidir, insanları sevməlidir. Allahın verdiyi istedad varsa, onunla məşğul olmalıdır”.

Xalq şairi qeyd edib ki, şöhrətin arxasınca qaçmaqla ona çatmaq mümkün deyil:

“Şöhrətin dalınca qaçmaqla şöhrət gəlməz. Gərək öz həyatını yaşayasan, öz nəğməni oxuya-oxuya yolunla gedəsən. Onda şöhrət sənin dalınca gəlir”.

80 yaşında olmasına baxmayaraq enerjili qalmasının səbəblərindən danışan Xalq şairi bunu həm genetik amillərlə, həm də sevgiylə əlaqələndirib:

“Onun iki kökü var biri genetikdir, biri sevgidir. İnsan sevgiylə qanadlı olur. Öz işinə, vətəninə, insanlara sevgi ilə yanaşmalıdır. Nifrət və paxıllıq insan ömrünü qısaldır. Həyatı sevərək yaşamaq lazımdır”.

medicina.az