Bakıda uşaqların işgəncələrə məruz qaldığı iddia edilən “Sevgi Evi” qadın və uşaq sığınacağı ilə bağlı sosial şəbəkələrdə dəhşətə gətirən görüntülər yayılıb.
Bakupost.az xəbər verir ki, paylaşımlarda sığınacaqda qaldığı iddia olunan uşaqlara aid “əvvəl/ sonra” görüntüləri yer alır.
Belə ki, fotolarda uşaqların kəskin şəkildə arıqladığı, anoreksiya vəziyyətində olduqları əks olunub.
Həmin paylaşımları təqdim edirik:
Məsələ ilə bağlı “Sevgi Evi” sığınacağı ilə əlaqə saxladıq. Sığınacağın rəhbəri Könül Qasımova Bakupost.az-a açıqlamasında yayılan iddiaları təkzib etdi. Onun sözlərinə görə, paylaşılan materiallar montajdır və böhtan xarakteri daşıyır:
“Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında cinayət işi başlanılıb. İndiki paylaşımlar isə açıq şəkildə şər-böhtandır. Analardan biri uşaqların köhnə video və şəkillərini paylaşır. Bununla bağlı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə belə müraciət etmişik. Şübhəli hesab etdiyimiz şəxslərin ad-soyadlarını da təqdim etmişik. Fotoları paylaşılan uşaqların analarından dördü artıq şikayət verib.
Bu paylaşımların arxasında kimlərin dayandığı tam müəyyən edilənə qədər hüquqi mübarizəmizi davam etdirəcəyik. Paylaşılan videolar da köhnədir. Həmin uşaqlar artıq bizdə deyil”.
Qeyd edək ki, daha əvvəl mediada “Sevgi Evi” qadın və uşaq sığınacağının rəhbəri Könül Qasımovanın azyaşlıları ac saxladığı, döydüyü və qaranlıq zirzəmiyə saldığı ilə bağlı iddialar yayılmışdı.
Xatırladaq ki, 10 may 2022-ci il tarixində müxtəlif dövlət qurumlarının iştirakı ilə sığınacaqda keçirilən monitorinq zamanı uşaqların bədənində xəsarət izləri aşkarlanıb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılıb.
Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər sığınacaqda saxlanılan C.M. (şərti ad) bu müddət ərzində psixi və fiziki zorakılığa məruz qalıb. O, həmçinin sığınacaqda olan digər azyaşlılara qarşı da zorakılıq hallarının şahidi olub. Bundan əlavə, sığınacaqda saxlanılan daha iki azyaşlının bədənində saxlanıldıqları dövrə uyğun xəsarət izləri aşkar edilib.
Faktla bağlı rayon prokurorluğunda müvafiq maddələr üzrə cinayət işi başlanıb.
Lalə Novruz, BakuPost
medicina.az