TƏBİB-də 11 ayın yekunları və qarşıya qoyulan hədəflər müzakirə olunub
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərliyi ilə “İlin yekunlarına və növbəti il üçün qarşıya qoyulan hədəflərə dair” müavin, müşavir, departament rəhbərləri və tabeli müəssisələrin rəhbər heyətinin iştirakı ilə müşavirə keçirilib.
"Medicina" xəbər verir ki, müşavirdə 2025-ci ilin 11 ayının nəticələri və qarşıdakı dövr üçün prioritet istiqamətlər ətrafında geniş müzakirə aparılıb.
Çıxışında Vüqar Qurbanov bildirib ki, tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilib, müasir avadanlıqlarla təchiz olunub və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyəti davamlı şəkildə artırılıb.
İc2025-ci il ərzində TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində milyonlarla tibbi xidmət göstərilib, ambulator və stasionar xidmətlərin həcmi artıb, nəticədə müraciətlərin sayı yüksəlib. V. Qurbanov bu nailiyyətlərdə səhiyyə idarəçilərinin və fədakar həkimlərin xüsusi rolunu qeyd edib.
Çıxışda bildirilib ki, TƏBİB 2025-ci ildə ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq yarışlar, forumlar və irimiqyaslı tədbirlər zamanı tibbi xidmətin təşkilində yaxından iştirak edib. Tədbirlər çərçivəsində tibbi briqadalar formalaşdırılıb, təcili tibbi yardım, ambulator və stasionar xidmətlər operativ şəkildə təşkil olunub, iştirakçıların və qonaqların sağlamlığı beynəlxalq standartlara uyğun şəkildə təmin edilib.
V.Qurbanov səhiyyə sistemində baş verən mühüm yeniliklərə də toxunub. O bildirib ki, Yeni Klinikada ilk dəfə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində böyrək transplantasiyası əməliyyatı icra edilib, daha sonra canlıdan-canlıya qaraciyər transplantasiyasının icrasına başlanılıb. Qeyd olunub ki, bu nəticələr klinikanın cərrahiyyə və transplantasiya imkanlarının yüksək səviyyədə olduğunu göstərir. Eyni zamanda Yeni Robotik Reabilitasiya Mərkəzinin açılışının baş tutduğu, açılışda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın və Alena Əliyevanın iştirakının həyata keçirilən işə verilən yüksək dəyərin göstəricisi olduğu diqqətə çatdırılıb.
Çıxışda qarşıda duran vəzifələrə xüsusi diqqət yetirilib. Vüqar Qurbanov bildirib ki, icbari tibbi sığortanın yaratdığı imkanlardan maksimum istifadə etməli, səhiyyə xidmətlərinin keyfiyyət və əlçatanlığını bütün regionlarda artırmalıdır. O, Sümük İliyi Transplantasiyası Mərkəzinin qurulduğunu qeyd edərək, bu Mərkəzin fəaliyyətinin təmin edilməsi və genişləndirilməsinin növbəti il üçün əsas prioritetlərdən biri olduğunu bildirib.
İxtisaslı tibbi xidmətlərin təşkili sahəsində görülən işlər və mövcud çağırışlar barədə çıxış edən İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva bildirib ki, cari il ərzində əvvəlki illərlə müqayisədə müsbət göstəricilərdə artım, neqativ göstəricilərdə isə azalma qeydə alınıb. Bununla belə, qarşıya qoyulan hədəflərə uyğun olaraq bu nəticələrlə kifayətlənməyin mümkün olmadığı, müsbət dinamikanın davam etdirilməsi və yeni nailiyyətlərin əldə olunmasının prioritet olduğu vurğulanıb.
Qeyd olunub ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələri artıq yalnız bazal səhiyyə xidmətləri ilə kifayətlənmir, eyni zamanda yüksək, müasir və texniki baxımdan mürəkkəb tibbi xidmətlərin icrasını həyata keçirir. Travmatoloji, oftalmoloji, kardioloji, uroloji və digər sahələr üzrə icra olunan əməliyyatların həm sayı, həm də keyfiyyət göstəriciləri əsas meyar kimi qiymətləndirilir.
Hazırda 15 tibb müəssisəsində FAKO üsulu ilə katarakta əməliyyatları, 18 tibb müəssisəsində çəplik və göz qapağı əməliyyatları, 8 tibb müəssisəsində isə qlaukoma əməliyyatları icra olunur. Travmatoloji xidmətlər üzrə 10 müəssisədə endoprotezləşmə əməliyyatları həyata keçirilir. Kardiologiya sahəsində 5 müəssisədə ürək-damar cərrahiyyəsi, 2 mərkəzdə TAVİ əməliyyatları, 1 mərkəzdə orqan transplantasiyası, həmçinin robotik reabilitasiya və sümük iliyi transplantasiyası xidmətləri göstərilir.
Eyni zamanda göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin gücləndirilməsi, düzgün tibbi qeydiyyatın aparılması və elektron sistemlərdən istifadənin maksimum səviyyəyə çatdırılmasının vacibliyi diqqətə çatdırılıb.
Yeni xidmətlərin yaradılması istiqamətində müəssisələrin təşəbbüskarlığının artırılmasının vacibliyi qeyd olunub.
Çıxışda bildirilib ki, son aylarda aparılan təhlillər nəticəsində ilkin dializ kateterinin qoyulması xidmətinin yalnız məhdud sayda müəssisədə mövcud olduğu müəyyən edilib və görülən tədbirlər nəticəsində hazırda bu xidmət 9 tibb müəssisəsində tətbiq olunmağa başlanılıb. Növbəti mərhələdə daha 5 müəssisədə də bu xidmətin təşkili planlaşdırılır. Bundan əlavə, son 7 ay ərzində 30-a yaxın müəssisədə ehtiyat qan tədarükü otaqları yaradılıb.
Çıxışda həmçinin tibbi xidmətlərin keyfiyyətinin təmin olunması üçün klinik protokollara, TƏBİB-in təlimat və qaydalarına, eləcə də mövcud qanunvericiliyin tələblərinə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb. Təcili tibbi yardım şöbələrinin hazırlıq səviyyəsi, reanimasiya çarpayılarının çatışmazlığı və ana və uşaq sağlamlığı sahəsində mövcud problemlər də diqqətə çatdırılıb.
Müşavirə çərçivəsində Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva tərəfindən cari ilin 11 ayı üzrə tibbi sığorta sahəsində görülmüş işlərə dair təqdimat edilib.
Təqdimatda Tibbi sığorta departamentinin fəaliyyətinə dair konkret rəqəmlər, faiz göstəriciləri, maliyyə məbləğləri, dinamika və müqayisəli statistikalar əsasında formalaşdırılmış əsas göstəricilər diqqətə çatdırılıb. Qeyd olunub ki, tibbi sığorta mexanizminin effektiv tətbiqi, maliyyə intizamının gücləndirilməsi və xidmətlərin şəffaf idarə olunması departamentin əsas prioritetləri sırasında yer alır.
Səbinə Quliyeva bildirib ki, təqdim olunan göstəricilər icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin planlaşdırılması, icrası və nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir. Vurğulanıb ki, təhlillər nəticəsində əldə edilən məlumatlar gələcək dövr üçün qərarların qəbulunda mühüm analitik baza rolunu oynayır.
Təqdimatda tibbi xidmətlərin reyestr məlumatları, ödəniş mexanizmləri, maliyyə axınlarının təhlili, eləcə də xidmətlərin səmərəliliyinin qiymətləndirilməsi üzrə göstəricilər müqayisəli şəkildə təqdim olunub. Qeyd edilib ki, bu yanaşma tibbi sığorta sistemində şəffaflığın artırılmasına və resurslardan daha məqsədyönlü istifadəyə imkan yaradır.
Departament rəhbəri vurğulayıb ki, tibbi sığorta sahəsində aparılan təhlillər tibb müəssisələrinin fəaliyyətinin daha dəqiq qiymətləndirilməsinə, mövcud çatışmazlıqların vaxtında aşkarlanmasına və qabaqlayıcı tədbirlərin görülməsinə şərait yaradır.
TƏBİB-in Maliyyə departamentinin rəhbəri Xəyal Cəlilov tərəfindən 2024 və 2025-ci il üzrə icra vəziyyəti, həmçinin 2026-cı il üçün büdcə yanaşmasına dair ətraflı təqdimatla çıxış edib.
Təqdimatda bildirilib ki, 2025-ci ilin ilk 10 ayı üzrə ümumi büdcə icrası 67,65% təşkil edib. Belə ki, cari dövr ərzində əməyin ödənişi üzrə xərclər 72.8 faiz, malların (işlərin və xidmətlərin) satınalınması üzrə xərclər 46.58 faiz, sosial ödənişlər üzrə xərclər 35.85 faiz, qeyri-maliyyə aktivləri (kapital xərcləri) üzrə xərclər 19.01 faiz icra olunub.
X.Cəlilov qeyd edib ki, 2024-cü il üzrə 19, 2025-ci ilin ilk 10 ayı ərzində isə TƏBİB-in tabeliyində 8 müəssisə kapital xərcləri nəzərə alınmadan dotasiyadan çıxıb. O həmçinin bildirib ki, mövcud icra nəticələri nəzərə alınmaqla 2026-cı il üçün büdcə real icra potensialına uyğunlaşdırılıb.
Növbəti mərhələ üçün rüblük icra nəzarətinin gücləndirilməsi, satınalma prosedurlarının təkmilləşdirilməsi və 2026-cı il büdcə proqnozlarının bu ilin nəticələri əsasında hazırlanması əsas prioritetlər kimi təqdim olunub.
2024 və 2025-ci illərin ilk 10 ayının müqayisəsi göstərir ki, TƏBİB üzrə ümumi gəlir 2024-cü ilin müvafiq dövründə 1 milyard 123 milyon 800 min 642 manat olduğu halda, 2025-ci ilin ilk 10 ayında 1 milyard 180 milyon 549 min 962 manata yüksəlib və nəticədə 56 milyon 749 min 321 manat və ya 5,05 faiz artım qeydə alınıb.
Hesabat dövründə ilkin tibbi sanitariya yardımı xidməti üzrə gəlirlər 169 milyon 886 min 500 manatdan 170 milyon 542 min 750 manata yüksələrək 656 min 250 manat və ya 0,39 faiz artıb.
Təcili tibbi yardım xidməti üzrə daxilolmalar 2024-cü ilin ilk 10 ayında 202 milyon 250 min manat təşkil etdiyi halda, 2025-ci ilin eyni dövründə 203 milyon 27 min 83 manata çatıb ki, bu da 777 min 83 manat və ya 0,38 faiz artım deməkdir.
Xidmətlər Zərfi üzrə təqdim olunan tibbi xidmətlərin həcmi 2024-cü ilin ilk 10 ayında 735 milyon 550 min 637 manat olduğu halda, 2025-ci ilin müvafiq dövründə 787 milyon 65 min 768 manata yüksəlib və 51 milyon 515 min 131 manat və ya 7 faiz artım qeydə alınıb.
Ödənişli tibbi xidmətlərdən (ƏDV-siz) daxil olan vəsait 2024-cü ilin ilk 10 ayında 16 milyon 113 min 505 manat təşkil etdiyi halda, 2025-ci ilin müvafiq dövründə 19 milyon 914 min 361 manata yüksəlib ki, bu da 3 milyon 800 min 857 manat və ya 23,59 faiz artım deməkdir.
Bu dövrdə stomatoloji tibbi xidmətlərdən (ƏDV-siz) daxilolmalar 352 min 719 manatdan 584 min 395 manata yüksələrək 231 min 676 manat və ya 65,68 faiz artıb, tibbi arayışlardan daxilolmalar 13 milyon 267 min 392 manatdan 14 milyon 270 min 802 manata çataraq 1 milyon 3 min 410 manat və ya 7,56 faiz artım göstərib.
Digər tibbi xidmətlərdən (ƏDV-siz) daxilolmalar isə 2 milyon 493 min 393 manatdan 5 milyon 59 min 164 manata yüksələrək 2 milyon 565 min 771 manat və ya 102,90 faiz artım qeydə alıb.
Müşavirədə tibb müəssisələrində tibbi xidmətin təşkilində mövcud çətinliklər, idarəetmə və maliyyə proseslərində rast gəlinən nöqsanlar, həmçinin neqativ hallarla bağlı xəbərdarlıqlar səsləndirilib. Qeyd olunub ki, bəzi müəssisələrdə əlavə ödənişlərin tələb edilməsi, tibbi sərfin vətəndaşa aldırılması, imtiyazlı xəstələrə dərman təminatının qanunvericiliyə uyğun təşkil edilməməsi və s. kimi hallar yolverilməzdir.
Bununla yanaşı, aparılan yoxlamalarda ayrı-ayrı tibb müəssisələrində sterilizasiya, infeksiyaya nəzarət və keyfiyyət standartlarının tələblərinə tam əməl olunmaması ilə bağlı müşahidələrin qeydə alındığı bildirilib.
Vüqar Qurbanov məsul şəxslərə nəzarətin gücləndirilməsi və aşkarlanan çatışmazlıqların aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.
Sonda qış mövsümü ilə əlaqədar olaraq tibb müəssisələrində yanğın təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi, profilaktik yoxlamaların mütəmadi aparılması, personalın maarifləndirilməsi və təhlükəsizlik qaydalarına ciddi riayət olunmasının vacibliyi qeyd olunub.
Qeyd edilib ki, vətəndaşların və tibb işçilərinin təhlükəsizliyi prioritet məsələdir.