2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin "J2-8243" nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer E190" təyyarəsi Qazaxıstanın Aktau şəhərindən üç kilometr aralıda qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində 62 sərnişin, beş ekipaj üzvü olmaqla ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində iki uçuş heyəti üzvü, böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olub.
İnsan itkisi və xəsarət alanların olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 nəfərin həyatını xilas etmək mümkün olub.
Xəsarət alan şəxslər isə Aktaudakı Mangistau vilayət xəstəxanasına çatdırılıblar.
Medicina.az xəbər veriir ki, "Bizim.media" Qazaxıstanın Mangistau Vilayət Xəstəxanasının şöbə müdiri Janar Baymanova ilə həmsöhbət olub.
Baymanova bildirib ki, sözügedən qəza Aktauda ilk belə hadisə idi:
"Xəstəxanamıza heç vaxt qəza ilə bağlı bu sayda xəsarət alan daxil olmamışdı. Bəli, əslində, 25 dekabrdan 30 dekabr 2024-cü ilə qədər olan müddət mənim təcrübəmdə çox gərgin və yüksəkməsuliyyətli bir dövr kimi yadda qaldı. Bu cür çoxsaylı ağır xəstələrin eyni anda daxil olması, təbii ki, çox nadir hallarda baş verir. Digər tərəfdən, bu hadisənin ictimai rezonansı, üstəlik, beynəlxalq statusu narahatedici idi. Həkimlərimiz üçün də çətinliklər mövcud idi. Onlar üçün əlbəttə ki, bu, böyük bir məsuliyyət idi. Çünki onların növbələri, müəyyən iş qrafikləri yox idi və demək olar ki, fasiləsiz, 24 saatlıq rejimdə işləyirdilər".
Baymanova deyib ki, hadisənin üzərindən bir il keçsə də, onlar həmin günü yenə xatırlayırlar. Onlar həmin günlərdə azərbaycanlı həkimlərlə birlikdə sağ qalan yaralıların həyatını xilas etmək üçün dayanmadan çalışıblar:
"Əlbəttə ki, bu pasiyentlərin vəziyyəti ağır idi. Bir neçə pasiyentdə ürək dayanması baş vermişdi, xoşbəxtlikdən, anestezioloq, reanimatoloq, cərrah, neyrocərrah, travmatoloq və digər ixtisaslaşmış həkimlərin vaxtında və təcili tibbi müdaxiləsi ilə onların həyatını xilas etmək mümkün oldu.
Təyyarə qəzasından sonra pasiyentlər arasında itki olmadı. Mangistau üçün yalnız yaralılara keyfiyyətli tibbi yardım göstərmək deyil, həm də yaxınlarına, dost ölkələrdən gələn ziyarətçilərə mənəvi və psixoloji dəstək vermək vacib idi. Bu hadisə bizim xəstəxananın tarixində ilk idi", - deyə J.Baymanova əlavə edib.
Xatırladaq ki, qəzada xəsarət alan Azərbaycan vətəndaşları Mangistau Vilayət Xəstəxanasında zəruri tədbirlər görüldükdən sonra ölkəmizə təxliyə olunmuşdular.
MEDİCİNA.AZ