Tualetdə telefondan istifadə edənlərin nəzərinə!

  • 2025.10.13 00:37
  • 110 Baxış
Tualetdə telefondan istifadə edənlərin nəzərinə!

Alimlərin araşdırmasına görə, tualetdə smartfondan istifadə edən insanlarda, istifadə etməyənlərə nisbətən 46 faiz daha çox hemoroid yaranır.

Medicina.az xəbər verir ki, ABŞ alimləri aşkar ediblər ki, tualetdə smartfonlardan istifadə uzun müddət oturmağa gətirib çıxarır, hemoroid riskini artırır.

Bostonda yerləşən Beth Israel Deaconess Tibb Mərkəzində aparılan araşdırmanın bir hissəsi olaraq, elm adamları 2024-cü il avqustun 1-dən dekabrın 15-dək müntəzəm kolonoskopiya testlərindən keçən 125 böyüklər arasında yaş, cins, bədən kütləsi indeksi, fiziki fəaliyyət səviyyəsi və pəhriz vərdişləri, həmçinin smartfondan istifadə tezliyi və müddəti ilə bağlı sualları əhatə edən sorğu keçirib.

Tədqiqatçılar kolonoskopiya nəticələrini və sorğu cavablarını təhlil edərək, iştirakçıların 66 faizinin tualetdə olarkən smartfonlardan istifadə etdiyini və bu şəxslərdə digərlərindən 46 faiz daha çox hemoroid yarandığını aşkar ediblər.

Tədqiqatçılar bu müddət ərzində telefonlarında ən çox görülən işlərin “xəbərləri oxumaq və sosial mediaya baxmaq” olduğu qənaətinə gəliblər və tualetə sərf olunan vaxtın beş dəqiqədən çox olmaması lazım olduğunu vurğulayıblar.

Tədqiqatçılar qeyd etdilər ki, hemoroid ən çox görülən üçüncü mədə-bağırsaq diaqnozudur, ildə təxminən 4 milyon ambulator və təcili yardıma müraciət edir və səhiyyə sisteminə 800 milyon dollardan çox başa gəlir. Onlar həmçinin qeyd ediblər ki, qəbizlik, az lifli qidalanma, uzun müddət oturma, piylənmə, oturaq həyat tərzi və hamiləlik hemoroid riskini artıran amillərdəndir.

Araşdırmadan sonra alimlər belə qənaətə gəliblər ki, gündəlik həyatın ayrılmaz hissəsinə çevrilən smartfondan istifadə tualetdə vaxtın artmasına səbəb ola bilər ki, bu da öz növbəsində hemoroid riskini artırır.

Araşdırma "Plos One" jurnalında dərc olunub.

Aygün
Medicina.az