Tümendə bir cihazla ağır xəstələri ayağa qaldıran azərbaycanlı həkim – Bir metodun sirri

  • 2019.05.17 16:32
  • 46150 Baxış
Tümendə bir cihazla ağır xəstələri ayağa qaldıran azərbaycanlı həkim –  Bir metodun sirri
Azərbaycanlı həkim Kamil Nəzərov 1998-ci ildən Rusiya Federasiyasının Tümen vilayətinin Neftyuqansk şəhərindəki V. İ. Yaçkiv adına Vilayət Klinik xəstəxanasının anestezialogiya və reanimasiya şöbəsində həkim-anestezialoq, reanimatoloq işləyir. Ali dərəcəli həkimdir. Rusiya mama-anestezioloqlar cəmiyyətinin üzvüdür.

 

Buna baxmayaraq, Kamil həkim artıq beş ildir ki, sümük və oynaq xəstəlikləri, baş və onurğa beyni sinir xəstəliklərinin müalicəsində toxumadaxili elektroneyrostimulyasiya metodu ilə məşğul olur və çox gözəl nəticələr əldə edir. Bel yırtıqlarının əməliyyatsız müalicəsi və insultdansonrakı parez və plegiyaların bərpasında bu metoddan istifadə edir. O həm də bu metodu reanimasiyada da əzələ yorğunluğu sindromunda tətbiq edir.

 

Medicina.az xəbər verir ki,  Tümen vilayətinin Xantı-Mansiysk Muxtar dairəsində bu sahə ilə məşğul olan yeganə həkimdir. Dairənin ətraf şəhərlərindən də Kamil həkimin qəbuluna gəlirlər. Tələbəsi olduğu akademik A.A. Gerasimovun kəşf etdiyi və onun adı ilə adlandırılan Gerasimovun BTЭC (Внутритканевая электростимуляция) - Toxumadaxili elektrostimulyasiya metodu ilə o 2015-ci ildən məşğul olmağa başlayıb və bu metodu yaxşı mənimsəməklə insultdan sonrakı parezləri və plegiyaları, miqrenləri, enurez, neyrogen sidik kisəsi sindromu, bronxial astma, artrozlar, piylənmə, polineyropatiyalar və digər xəstəlikləri müalicə edir. Bu sahədə özünün yenilikləri və əlavələrini Yekaterinburqda keçirilən elmi konfransda məruzə edib və mütəxəssislər tərəfindən maraqla qarşılanıb.

 

Əldə etdiyi 3 cihazla Kamil həkim bu metodla gün ərzində 18-25 xəstə qəbul edir. Hər cihazla eyni zamanda 2 xəstə müalicə olunur. Prosedurun müddəti 30 dəqiqədir. Yəni 1 saata 6 xəstə qəbul etmək mümkündür. Fəqərə yırtıqlarının ölçüsü 5-6 mm-dən aşağı olduqda bu metodla müalicə etməklə heç bir əməliyyata ehtiyac qalmır.

 

Kamil Nəzərov keçən il Bakı şəhərində Ultra Med klinikasında qonaq olub və 7 gün ərzində 90-a yaxın seans keçirib. Bundan başqa o, 2018-ci il aprelin 28-də dəvət olunduğu Bakı şəhərində keçirilən beynəlxalq konfransda mama anasteziologiyasından mühazirə etmiş və iştirakçıların böyük marağına səbəb olub.

 

 

 


 

Gerasimov metodu nədir? 


Bu metodu 1998-ci ildə Gerasimov kəşf edib və tək özü məşğul olaraq tətbiq etməyə başlayıb. 2002-ci ildən tələbələrinə öyrədib. TDES (BTЭС) zamanı istifadə olunan cərəyanın parametrləri insan orqanizminin fizioloji cərəyan parametrlərinə uyğun gəlir. Sümük, oynaq, fəqərə xəstəlikləri zamanı yaranan ağrı sindromu sümük və sümüküstlüyündən yayılır. Başqa fiziomüalicələr zamanı istifadə olunan elektrik cərəyanları patoloji ocağa çatana kimi çoxlu maneələrlə rastlaşır (dəri, dərialtı piy təbəqəsi, əzələ, fassiya). Bu metod zamanı verilən cərəyan birbaşa patoloji ocağa verilir (sümük və sümüküstlüyünə). Ona görə cərəyanın təsiri tez çatır və effekti də uzunmüddətli olur.

 

TDES sümük toxumasında qan dövranını, sümük toxuması strukturunu bərpa edir, qığırdaq toxumasının qidalanmasını yaxşılaşdırır. Ona görə də sümük, oynaq, fəqərə xəstəliklərinin müalicəsində ağrı sindromunu götürərək, patoloji ocağın bərpasında istifadə olunan, yüksək effektliliyə malik bilinən bir prosedur sayılır. Bu metodun effektliliyi 90-95% hesab olunur. Adətən bir xəstəyə 5-7 prosedur bəs edir. Ağrının 70 %-i 1-2 prosedurdan sonra itir.

 

Kamil həkimin bacarığını nəzərə alaraq xəstəxanada süni böyrək aparatını idarə etməyi də ona həvalə ediblər. Kamil həkimin xidmətləri Rusiya Federasiyasının Ali Dumasının, dairə və şəhər dümalarının fəxri-fərmanları ilə qiymətləndirilib. 


Qeyd edək ki, Kamil Nəzərov 25 sentyabr 1968-ci ildə Yardımlı rayonunun Şəfəq kəndində doğulub. 

1993-cü ildə Azərbaycan Tibb İnstitutunun müalicə işi fakültəsini bitirib, Akademik Topçubaşov adına Eksperimental Klinik Cərrahiyyə İnstitutunda anestezialogiya üzrə internatura keçib.


1994-cü ildə DİN-in hospitalında anestezioloq işləməyə başlayıb. 1996-cı ildə cəbhə bölgəsindəki hərbi hospitalda qəbul çeşidləmə taqımının komandiri olub. Sonra yenidən DİN hospitalına qaytarılaraq 1997-ci ilin sonuna qədər orada işləyib. 



Zahir Məlikli

Medicina.az
Tümendə bir cihazla ağır xəstələri ayağa qaldıran azərbaycanlı həkim –  Bir metodun sirri
Tümendə bir cihazla ağır xəstələri ayağa qaldıran azərbaycanlı həkim –  Bir metodun sirri