Türkiyədə səhiyyə, tibbi sığorta, həkimlər və xəstəxanaların işi necə qurulub?– Başkent Ankaranın azərbaycanlı həkimilə MÜSAHİBƏ

  • 2021.07.17 15:59
  • 10721 Baxış
 Türkiyədə səhiyyə, tibbi sığorta, həkimlər və xəstəxanaların işi necə qurulub? – Başkent Ankaranın azərbaycanlı həkimilə  MÜSAHİBƏ

“Burda ən bahalı orqan köçürülmə əməliyyatların pulunu da dövlət qarşılayır”

"Bizim brendimiz, vizit kartımız, simamız Mehmet Haberaldır, xəstələr onun adını eşidib gəlir"



Bu gün Türkiyə səhiyyəsində çalışan, sayılıb seçilən azərbaycanlı həkimlərin sayı artır. Dünyaca məşhur transplantoloq cərrah, Başkent Universiteti və onun nəzdində nəhəng xəstəxanalar şəbəkəsinin təsisçisi Mehmet Haberalın komandasında fəaliyyət göstərən gənc həkim Turxan Namazov artıq 6 ildir ki, Türkiyədədir.
Kiyev Tibb Universitetini bitirdikdən sonra Türkiyəyə gəlib.

Turxan Namazov hazırda Başkent Universitetinin Ankara xəstəxanasında Beynəlxalq Xəstə Departamentinin direktor müavinidir.

Onunla Türkiyədə səhiyyə, tibbin təşkili, cəmiyyətdə həkimlərə münasibət və qardaş ölkədə tibbi sığortanın fərqlərindən danışdıq.


Müsahibəni təqdim edirik:


- Turxan doktor, Türkiyədə qalıb fəaliyyət göstərməyinizin əsas səbəbləri nə oldu?

- Ali təhsilimi bitirdikdən sonra məqsədim Avropaya getmək idi. Türkiyəyə ixtisasımla bağlı kurslara gəlmişdim. Baxdım ki, burda səhiyyə, tibb Avropadakı kimidir, hətta bəzi məqamlarda ordan da üstündür. Burda bizə daha yaxşı münasibət var, dil problemi yoxdur. Ona görə burda qalmağı seçdim. Seçimimdən razıyam.


Artıq 6 ildir Türkiyədəyəm. Öncə başqa bir özəl xəstəxanada çalışırdım. Qeyd edim ki, həkim kimi yox, xəstəxanada beynəlxalq marketinqin inkişafı mütəxəssisi üzrə çalışdım və bu üzrə yüksəldim. Türkiyədə tibbi kadro ilə yanaşı idarə heyəti kadrosu da var. 1 ildir Başkent Universiteti Ankara xəstəxanasında beynəlxalq marketinq üzrə çalışıram.

- Yəqin ki, uzun müddət Azərbaycanda yaşadığınız üçün burda səhiyyə sistemi, dövlət və özəl xəstəxanalardakı vəziyyətdən xəbəriniz var. Biz indi icbari tibbi sığortaya keçirik. Türkiyə səhiyyəsində bizdən fərqli məqamlar hansılardır, sizi heyrətləndirən nələr oldu? Orda xəstələr klinikanı, həkimi necə seçir, necə yönəldilir? Hansı müalicələr pulsuzdur?

- Əslində, Azərbaycanda səhiyyə sistemində heç vaxt iş təcrübəm olmadığı üçün çox da məlumatım yoxdur. Çalışmadığım bir sistemdir. Amma Türkiyə barədə bir çox məqamları deyə bilərəm.

Türkiyədə Sosial Güvənlik qurumu var, o qurum vasitəsilə bütün vətəndaşlara tibbi xidmət 100% ödənilir.
İstər orqan köçürmə əməliyyatı, istər digər əməliyyatlar, istərsə də müalicə- hər bir tibbi xidmət bura daxildir.

Burada 3 tip xəstəxana var: dövlət, universitet xəstəxanaları və özəl. Özəl xəstəxana dövlətlə sosial sığorta üzrə müqavilə imzalamaya bilər, bu onun seçimidir. O zaman bura sığorta ilə xəstə gəlmir. Xəstə özü xərclərini ödəyir.

Eləcə də əcnəbi xəstələr burada ödənişli xidmət alır.
Amma Başkent universitet xəstəxanası olduğu üçün dövlətlə bütün tibbi xidmətlər üzrə müqaviləsi var. Xəstələr burda müayinələrdən keçə, böyük bahalı əməliyyatlar etdirə bilər.

Universitet xəstəxanaları fonda bağlı xəstəxanadır, özü-özünü maliyyələşdirən qurumdur. Ona görə xərcləri daha çox olur. Bəzən xəstənin elə bir müalicəyə, əməliyyata ehtiyacı olur ki, dövlətin ödədiyi məbləğ xəstəxananın xərclərini ödəmir, qane etmir, bu zaman qalan fərqi xəstə ödəyir.

Amma dövlət xəsrəxanalarında belə sistem yoxdur, orda 100% dövlət hər şeyi ödəyir.
Orqan köçürülməsində vəsaiti 100% dərmanları daxil dövlət ödəyir. Xəstələrdən ücrət alınmır.



- Bəs xəstələr həkim, xəstəxana seçimi edərkən özləri qərar verə bilərmi? Bu zaman xəstəxananın və ya həkimin nüfuzu əsas götürülürmü?

- Başkent xəstəxanası Ankarada həkimlərinin peşəkarlığı ilə seçilir. Xəstə konkret mən bu cərraha etibar edirəm, onu seçirəm deyirsə və ya xəstəxanadakı xidmətdən razıdır, buranı seçə bilir. Biz daha çox transplantasiya üzrə nəinki Türkiyə, bütün dünyada seçilən bir xəstəxanayıq. Çünki Türkiyədə ilk transplantalogiya əməliyyatını edən Mehmet Haberal kimi professor cərrah bu xəstəxananın rəhbəridir. Əfsanəvi şəxsiyyətdir. Mehmet Haberalı seçib bura gələnlər çoxdur. Dediyim kimi bu əməliyyatların ücrətini dövlət sosial qurum ödəyir.



Bizim üçün bütün xəstələr eynidir, sosial statusu, maddi durumu fərq etmir.
Bu qeyri-etikdir və həkimin bunda marağı da yoxdur.

- Orqan transplantasiyası dünyada ən bahalı əməliyyatlardır. Amma Amerika və Avropaya nisbətdə xeyli sərfəlidir? Sirr deyilsə, dövlət transplantasiya üçün bir xəstəyə nə qədər vəsait ayırır?

- Xəstələrdə qaraciyər və böyrək köçürülməsinə standart qiymət təyin etmək olmur. Qaraciyər köçürülməsindən sonra xəstələrə plazmafarez kimi bəzi əlavə prosedurlar, müalicələr təyin edilə bilər. Təxmini olaraq qaraciyər üçün 50-60 min dollar sərf olunur. Hepatit xəstəliyi varsa, bu zaman çox bahalı dərmanlar istifadə edirik. Bu zaman qiymət dəyişə bilər. Böyrək köçürülməsi isə 12-15 min dollar arasındadır. Yenə də dəqiq qiymət demək olmaz. Xəstənin durumuna görə fərdi hesablanır.


- İşsiz, çox kasıb bir insanın da müalicə xərcləri ödənirmi? Yoxsa vətəndaş mütləq maaşından sığorta hesabına pul köçürməlidir.

- Xeyr, burda sistem belə qurulub ki, tibbi xidmət hər kəs üçün əlçatandır. Səhiyyə xidmətinə dövlət zəmanəti var. Başkent Xəstəxanasına bu gün Türkiyənin ən ucqar kəndindən kəndli də gəlib eyni xidməti ala bilir, Ankarada elit təbəqədən olan şəxs də. İkisini də dövlət qarşılayır, ikisi də eyni münasibəti görür. Həkim və tibbi personal üçün heç bir xəstə ayrımı yoxdur. Bizim üçün bütün xəstələr eynidir, sosial statusu, maddi durumu fərq etmir. Bu qeyri-etikdir və həkimin bunda marağı da yoxdur.


- Başkent Ankara xəstəxanasında təcili tibbi yardım xidməti də var. Kimsə qəzaya düşürsə, ağır vəziyyətdə Başkentə gətirilir. Deməli. xəstənin yaxını, qohumu gözləmədən, yəni heç bir ödəniş gözləmədən dərhal qəbul edilir, lazım gələrsə əməliyyatı edilir və bütün bunları sonra sığorta ödəyir?

- Qəza zamanı istər Türkiyə vətəndaşı, istər əcnəbi, fərq etmir, bütün hallada tibbi yardım dövlət tərəfindən təmin olunur. Qəzalar, avtoqəzalarda hadisə yerinə ən yaxın xəstəxanaya yönəldilir. Bizə təcili xəstə gəldisə dərhal qəbul olunur və təcili yardım xidmətində xəstəyə ehtiyacı olan bütün tibbi xidmətlər göstərilir.

- Başkent Ankara xəstəxanası kimi klinikalarda Azərbaycandan gənc həkimlər çalışa bilərmi? Türkiyədə yerli həkimlərlə əcnəbi həkimlər arasında bir fərq varmı? Belə bir xəstəxanada çalışmaq üçün əsas şərtlər nədir?

- Türkiyədə həkim kimi çalışmaq üçün dövlət tərəfindən təyin edilən xüsusi imtahanları verməlidirlər. Əvvəl ali tibbi təhsil diplomunu təsdiqlətməlidir. Uzmanlıq təhsili almaq istəyirsə, oxuyub çalışa bilər. Əcnəbi ölkədən gəlmiş həkim Türkiyə həkimləri ilə eyni səviyyədə olur. Heç bir fərq yoxdur. Başkent Universitetinin özünün qaydaları var. Həkimlər müsahibələrə girir, baş həkimlik onları seçir. Bizdə tibb universiteti olduğu üçün universitetin də həmin ixtisas üzrə rəhbərləri bu müsabiqələrdə iştirak edir. Burada çalışan azərbaycanlı həkimlər, MDB dövlətləri, digər türkdilli ölkələrdən həkimlərimiz çoxdur.


- Türkiyədə həkimlərin maaş və gəliri necə tənzimlənib? Məsələn, bizdə belə bir sistemdir ki, həkimə standart maaş təyin edilib, əlavə olaraq sığorta ilə baxdığı, əməliyyyat etdiyi xəstədən onlara müəyyən faiz hesablanır. Amma həkimlərimiz deyir ki, bu sistemlə maaş çox azdır. Özəldə işləyənin maaşı daha yüksəkdir, dövlətdə isə azdır.

- Türkiyədə də sığorta sistemi yeni başlayanda buna qarşı çıxanların birincisi elə həkimlər olub. Burda da narazılıqlar olub. çünki daha az qazanc əldə olunacağı düşünülürdü.

Sistem oturuşuncaya qədər fikirlər dəyişir. Azərbaycanda da hazırda insanlar sığortanın gələcəyini indidən qiymətləndirə bilmir. Türkiyədəki sistem bizdə də qurulsa çox yaxşı olacaq, hər kəs bundan yararlanacaq. Türkiyə sistemi dünyada örnək bir sistemdir.

Sistemdə daima pul olur, pul olan yerdə də inkişaf olur, həkimlərin də marağı olur. Xəstə də əməliyyat olmaq üçün pul axtarmır. Nə qədər insan bu dəqiqə bəlkə də əməliyyat edilməlidir, amma pula görə etmir. Əməliyyat olsalar həkimlərin işi artacaq, bunun nəyi pisdir?

O ki qaldı maaşlara. Qurumdan quruma ödəmə şərti dəyişir. Başkentdə həkimlər üçün xəstə sayı fərqi yoxdur. Həkim xəstə sayından asılı deyil. Hər həkim və cərraha ixtisasına, peşəkarlığına, vəzifəsinə görə standart maaş təyin edilir və o maaşın miqdarını klinika daxili qaydalarla təyin edir. Dövlətin ödədiyi sığorta da ümumi xəstəxanaya ödənilir. Buradan həkimə əlavə nəsə hesablanmır. Eləcə də özəl xəstələr də pulunu xəstəxanaya keçirir.
Sığortalar minimumla ödəmə edir, slğortadan gəlir çox azdır.

Ona görə həkimlərə konkret fiks maaş təyin edilir.

Başkent xəstəxanasına o qədər xəstə axını var ki, bütün həkimlər səhərdən axşama kimi məşğuldur. Hər kəsə əməyinə, zəhmətinə görə bəlli bir maaş təyin edilib.




- Həkimlər maaşlarından razıdırmı? İstanbul, Ankara kimi şəhərlərdə normal yaşam şərtlərinə yetərlidirmi?

- Maaşlar həkimin təcrübəsi, statusuna görə dəyişir. Özəl xəstəxanada həkim var ki, 5-10 min dollar alır. Həkim var daha az alır.

Minimum olaraq deyə bilərəm ki, 5000 lirədən aşağı maaş yoxdur. Məsələn, sadə bir terapevtin dövlət xəstəxanasında minimum ala biləcəyi məbləğ budur. Amma universitet xəstəxanası, özəl xəstəxanalarda belə bir sistemdir ki, iki yanaşı əyləşən həkim biri digərinin maaşını bilmir. Bunlar fərdi təyin edilir. Bu ticari sirdir. Həkimin xəstəxana ilə bağladığı gizlilik anlaşması var.

Amma düşünürəm ki, həkimlərin məvacibləri Türkiyədə Ankara, İstanbul kimi şəhərlərdə normal yaşaması üçün yetəri qədərdir. Ümumiyyətlə Türkiyə cəmiyyətində həkimlər həmişə yaxşı ücrət alan təbəqə olub.


- Türkiyədə həkimlərə cəmiyyətin, xalqın münasibəti, inam səviyyəsi necədir? Orda da həkimlərə inamsızlıq, tənqid varmı?

- Türkiyədə həkimlər cəmiyyətin ən hörmətli təbəqəsi hesab olunur. Təəsüf ki , Burda da bəzən həkimə qarşı aqressiv davranmalar olur. Pandemiya göstərdi ki, həkimlər heç vaxt özlərini düşünmürlər, burda bizim həkimlərimiz 24 saat işləyirlər. Həkim öz ailəsini, canını düşünmür. Belə bir təhlükəli ağır peşə sahibinə hörmətsiz davranış düzgün deyil. Amma ümumilikdə Türkiyədə həkimlər hörmətli təbəqə hesab edilir və sevilirlər.


Başkent Xəstəxanası digər xəstəxanalardan çox fərqlənir. İdarəçilikdən tutmuş, xəstəyə yanaşma,
müayinə və müalicələrdə və marketinq sahəsində.


- Xarici ölkələrlə əlaqələr, xəstə qəbulu necədir? Ümumiyyətlə, əgər ölkə vətəndaşları 99% sığorta ilə təmin olunubsa, deməli, özəl xəstəxanalar sığortasız xəstə, yəni digər ölkələrdən pasiyent qəbulunda maraqlı ola bilər. Türkiyədə xəstəxanalar arasında rəqabət nəyin üzərində qurulub?

- Başkənt Xəstəxanasının qurucusu Mehmet Haberaldır. Onun illərdir qurduğu təməl prinsiplər var. Türkiyə tibb sisteminə gətirdiyi qaydalar var. Tibb sahəsində reklama, ticarətin tibbə qarışmasına qəti şəkildə qarşıdır. Biz də hər zaman onun qoyduğu prinsiplərə əməl eməyə çalışırıq. Başkent Xəstəxanası digər xəstəxanalardan çox fərqlənir. İdarəçilikdən tutmuş, xəstəyə yanaşma, müayinə və müalicələrdə və marketinq sahəsində. Digər özəl klinika zəncirləri kimi çox aqressiv şəkildə bu sferada özümüzü qabartmırıq. Tanıtımızı daha etik edirik.


Əlbəttə ki, yerli və xarici bazarda xəstəxanalar arasında rəqabət var. Bəziləri qiymətlər üzərində dəyişiklik edir, bəziləri çox reklam edir, dünyanın hər yerində durmadan tanıtım edir. Açıq rəqabətdir, heç kim digərinə maneçilik törətmir.
Başkent xəstəxanası olaraq bir çox dövlətlər və ordakı iri xəstəxanalarla işləyirik. Dövlət səviyyəsində işbirliyi üçün bizə müraciətlər olunur. Məsələn,Qazaxıstanda bir univerisitetin yenidən qurulması üçün Dünya Bankının maliyələşdirdiyi layihə var idi. Onu Qazaxıstana Başkent Universiteti dəstək verərək qurdu. Hazırda Kiyev Tibb universiteti ilə yeni memorandum imzaladıq. Gürcüstanda 2 universitetlə işbirliyimiz var. Həım xəstə qəbulu, həm həkimlərinin yetişdirillməsi istiqamətində.

İordaniyadan xəstələrin qəbul edilməsi ilə bağlı protokolumuz var. Başkend xəstəxanasının qurucusu Mehmet Haberal dünya miqyasında tanınmış cərrah olduğu üçün, bizim simamız, markamız odur. Başqa reklama ehtiyacımız yoxdur.
Onu tanımayan yoxdur. Bəzən xaricdən xəstələr, həkimlər gəlir və burda “Mehmet Hoca ilə qarşılaşmağımız belə böyük xoşbəxtlikdir” deyirlər.


Xarici ölkələrlə əməkdaşlıq müqavilələri və xəstə sayımızda artım var. Bu yaxınlarda Amerikadan böyük bir sığorta şirkətindən bizə müraciət olundu. Bizimlə əməkdaşlıq etmək istəyirlər. Bizə müraciətılər durmadan artır.


- Bəs qiymət siyasəti necədir? Xarici ölkələrdən gələn xəstələr Ankarada məhz bu xəstəxananı seçirsə, deməli, həm də qiymətlər əlyandıran deyil. Xüsusən də onkoloji xəstələr üçün bu maraqlıdır.

- Bəli, xarici ölkələrdən bizə onkoloji xəstələr çox gəlir. Məhz bizi seçmələrinin səbəbi xəstəxanada çox müasir, dünyada nadir cihazların olmasıdır. Biri MR Linak cihazıdır, Türkiyədə yalnız bizdədir. Onu Möcüzə cihaz da adlandırırlar.




- İstər Türkiyədə, istər xaricdən ən çox hansı xəstəliklər, əməliyyatlar üzrə pasiyent qəbul edirsiz? Başkent Ankara xəstəxanası ən çox hansı şöbəsinə axın var?

- Bizim statistikamıza görə, ümumi cərrahiyyə şöbəsinə daha çox xəstə müraciəti olur. Pediatrik ürək cərrahiyyəsində Murat Özkan Türkiyənin ən tanınmış uşaq ürək cərrahı bizim xəstəxanadadır. Ümumi cərrahiyyənin içində Orqan transplantologiyası yer aldığı üçün, Mehmet Haberal və komandasına görə xəstələr gəlir. Ortopediya üzrə xəstələr çoxdur, çünki ortoped həkimlərimiz Türkiyənin seçilən həkimləridir. Ümumi cərrahiyyə birinci yerdədir. İkinci yerdə onkologiya gəlir.



Onkologiya üzrə ultra müasir, yeni, dünyada nadir cihazlarımız var
Azərbaycandan gələn bir çox xəstələrə ümid olmuşuq

- Başkent Ankarada çek uplardan keçmək bir pasiyentə neçəyə başa gəlir və bu zaman neçə müayinədən keçir?


- Çek up yaşa və cinsiyyətə görə dəyişir. 500 dollarlıq çek up paketləri var. 1000 dollara da var. Məsələn, 40 yaşında qadına və ya kişiyə hansı həkimlər və analizlər lazımdırsa, onlar təyin edilir. Xəstə bir neçə həkimdən keçir. Bütün lazımi həyati vacib orqanlar yoxlanılır. Şübhəli hallarda əlavə müayinəyə cəlb edilir.


- Bir insanı xarici ölkəyə müalicə ardıyca aparan səbəblərdən birincisi şiş xəstəliyi ola bilər. Sizdə yeni müalicə, kimya, radioterapiya, əməliyyat metodları var. Bu sahədə xəstələrə nə kimi ümidlər verə bilərik?

- Onkologiya çox qəliz bir sahədir. Burda biz möcüzə vəd etmirik. Amma onu deyə bilərik ki, ən son super cihazlarımız var. Lakin bu cihazlar belə xərçəngi tamamilə qısa müddətə sağaltmır. O cihazlardan hansı xəstələr keçə bilər, hansı şişlərdə, hansı mərhələdə tətbiq edilir, onu bizim həkimlər qərar verir. Biz beynəlxalq protokollarla işləyirik, onları düzgün şəkildə tətbiq edirik.

Bizdə diaqnostika və düzgün müalicənin seçilməsi əminliklə deyirəm ki, 100% dəqiqdir.

Radioterapiya, şüa terapiyası cihazlarımız cərrahın əlinin yetə bilməyəcəyi. çətin yerləşən yerlərdə olan şişlərə təsir etmək, onu yandırmaq üçün istifadə edilir. Eləcə də kiber bıçaq metodunu tətbiq edirik. Xəstənin sağlam toxuma və hüceyrələri bu metodlarda zərər görmür. Məhz şişin özü hədəflənir. Onkologiyanın ən son cihazlarından keçmək və bunlarla müalicə olunmaq şansı varsa, Başkent Ankaraya müraciət edə bilərlər.

Azərbaycandan belə xəstələrimiz olub. Bir xəstəni heç cür əməliyyat etməjk olmazdı. Bizdə də etmədik. Yeganə yol MR Limak cihazı idi. Şüa terapiyası ilə 90-100% sağaltdıq. Bir xəstədə də şüa ilə 100% nəticə almışıq. Əlbəttə ki, bu xəstələrdə ətraf orqanlara metastazlar yox idi, şiş bir orqanda və kiçik idi.

Cərrah onkoloqlarımız da çox peşəkar, təcrübəlidir. Radioloqlarımız da təcrübəlidir. Səhv bir diaqnoz qoyma və müalicə ehtimalı yoxdur.

- Başkent Ankaranın cərrahkarı ilə müsahibədə onların hər biri dedi ki, xəstənin sağalması, əməliyyatın uğuru təkcə cərrahla bitmir. Əməliyyatı uğurlu edə bilərik, amma reanimasiya, terapiyada baxım, qulluq, əməliyyatdan sonrakı dövrü aparan komanda olmasa o iş sona kimi uğurlu olmur.

- Əlbəttə, bir cərrahla iş bitsəydi nə yaxşı olardı. Peşəkar cərrahlarımız əməliyyatı edir, sonra xəstəni digər komandaya ötürür. O xəstənin baş ucunda dayanan reanimatoloqu, tibb bacısı, həkimi, təmizlikçisi belə peşəkar, vicdanlı olmalıdır. Kiçik tibb işçilərinin rol, xəstəyə qulluq, baxım ən üst səviyyədədir.

Xəstəxanada qapıda xəstəni qarşılayan köməkçi tibb işçisi keyfiyyətsiz insan olarsa, xəstə qapıdan geri dönər. Xəstəxana idarəetməsində ən kiçik işçi belə yerində olmalıdır.

Xəstə mükəmməl əməliyyat ola bilər, amma tibb bacısı elə kobud davranar ki, xəstə 3 günə yox, 10 günə sağalmaz. O xəstə bir daha bu xəstəxanaya gəlməz. Xəstənin həkimə qədər gəldiyi bir neçə mərhələ var. O alt mərhələdə işçilər yaxşı olmasa, xəstə həkim nə qədər yaxşı olursa olsun, müalicədən imtina edə bilər

- Doktor, Azərbaycanda Tibb universitetini bitirmiş tələbə Başkent Ankaraya necə gələ bilər. Burda çalışma, təkmilləşmə şansı varmı?

ATU-nu bitirən tələbə ilk öncə imtahan verməli, diplomunu təsdiqlətməlidir. Daha sonra uzmanlıq imtahanına hazırlaşmalıdır. Bu imtahandan topladığı ballar üzrə o İstanbul və ya Ankarada universitet və ya dövlət xəstəxanasına təyinat ala bilər. Bizdə Başkent Univeritsti xəstəxanasına bal tələbi yüksəkdir. Amma balı az olarsa, digər xəstəxanaya düşə bilər. Şəxsi istəklə deyil. Belə bir sistem yoxdur ki, mən sırf Başkenti istəyirəm, gəlim birda işləyim, elə bir sistem yoxdur.



Xəstəxanada qapıda xəstəni qarşılayan köməkçi tibb işçisi keyfiyyətsiz insan olarsa,
xəstə qapıdan geri dönər. Xəstəxana idarəetməsində ən kiçik işçi belə yerində olmalıdır.


Azərbaycandan xəstələrin müraciət etməsi üçün əlaqə: +90 530 830 53 00



Aygün Musayeva