Uşağı neçə yaşda məktəbə qoymaq olar? - Səhiyyə nazirliyi eksperti

  • 2022.09.16 16:56
  • 2919 Baxış
Uşağı neçə yaşda məktəbə qoymaq olar?  - Səhiyyə nazirliyi eksperti


“Qanunvericiliklə altı yaşı tamam olmuş hər bir uşaq məktəbə gedə bilər. Amma məktəbə başlama uşaqların ünsiyyət və vərdişlərindən, sağlamlığından asılıdır. Tez-tez xəstələnən uşaqlar yeddi yaşından məktəbə getsələr, daha yaxşı olar”.

Medicina az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova deyib.


“Məktəb tək bilikdən ibarət deyil, uşaq sosial-psixoloji olaraq da oraya getməyə hazır olmalıdır. Hazır olmayan uşaqların məktəbə qoyulması ilə onların fiziki və psixoloji həyatında mənfi yöndə dəyişikliklər baş verə bilər. Ona görə də fikrimcə, yeddi yaşında məktəbə qoymaq daha məqsədəuyğundur”, - deyə qurum rəsmisi əlavə edib.


“Uşağın məktəbdə dostlarının olmaması, hər kəsdən ayrı gəzməsi və nəticədə məktəbə getmək istəməməsi kimi hallar yaşana bilər. Ona görə də valideynlərə tövsiyəm odur ki, uşağı çox yükləməsinlər. Məktəbəqədər müəssisəyə gedən uşaqlar artıq məktəbə hazır olurlar, amma evdən birbaşa məktəbə gələnlər ərköyün olurlar. Ona görə də ibtidai sinfin ilk iki ilində valideynlərə onları əlavə dərslərlə yükləməməyi tövsiyə edirəm. Amma idmana o yaşlarda da başlaya bilərlər”.


Aygün Musayeva