Bir çox valideyn uşaqlarını isti saxlamaq üçün qalın parçalı geyimlərə üstünlük verir. Lakin, mütəxəssislərin fikrincə, bu üsul göründüyü qədər qoruyucu deyil. Əksinə, xəstəliklərə səbəb ola bilər.
Medicina.az xəbər verir ki, qış aylarında uşaqların yuxarı tənəffüs yollarının infeksiyalarına yoluxma ehtimalı böyüklərə nisbətən iki dəfə çoxdur.
Türkiyəli pediatr Çiğdem Şenol soyuq havanın bədənin müdafiə mexanizmini zəiflətdiyini bildirib:
"Xüsusilə dəri və tənəffüs yollarında olan təbii qoruyucu baryer soyuqla daha həssas olur. Buna görə də uşaqların üşüməməsi çox vacibdir. Uşağınızı qalın bir paltar əvəzinə qat-qat geyindirmək istiliyi daha yaxşı saxlayır. Pambıq və təri udmayan parçalara üstünlük verilməli və sintetik geyimlərdən mümkün qədər çəkinilməlidir. Həmçinin, uşaqlarda istilik itkisi əsasən başdan baş verdiyi üçün papaq və şarflardan mütləq istifadə edilməlidir. Uşaqları xəstəliklərdən qorumağın ən vacib addımlarından biri infeksiya riskini azaltmaqdır. Evdə kimsə xəstədirsə, uşaqla yaxın təmas mümkün qədər məhdudlaşdırılmalı və maskalardan istifadə, xüsusən də qapalı məkanlarda laqeyd edilməməlidir. Xəstəlik zamanı uşağı öpmək də asanlıqla virus və bakteriyaların ötürülməsinə səbəb ola bilər".
Virusların qapalı məkanlarda daha asan yayıldığını bildirən Şenol, "Xüsusilə məktəblər, evlər və oyun meydançaları kimi izdihamlı mühitlərdə hava dövranı qeyri-kafi olarsa, infeksiya riski artır", deyib:
"Buna görə də, hər saat ətraf mühiti qısa müddətə havalandırmaq yoluxma riskini azaltmağa kömək edir. Təmiz havanın daxil olması üçün pəncərəni gündə bir neçə dəfə açmaq çox təsirli bir tədbirdir. Fincan, çəngəl və qaşıq kimi əşyaları uşaqlarla paylaşmaq infeksiyaların yayılmasına kömək edir. Çünki viruslar tüpürcək və ifrazat vasitəsilə səthlərə yayıla bilər. Buna görə də, xüsusilə xəstəlik zamanı ortaq əşyaların istifadəsindən çəkinmək lazımdır. Qış aylarında sağlam qidalanma immunitet sisteminin güclü qalmasına kömək edir. Pomidorlar likopen tərkibi sayəsində bədənin müqavimətini dəstəkləyir. Portağal, nar, alma, üzüm və ərik kimi meyvələr vitamin və antioksidantlarla zəngindir. Albalı və albalı suyu A vitamini və kalium tərkibi ilə diqqətəlayiqdir. Xüsusilə A vitamini tənəffüs sistemini gücləndirir və bədənin xəstəliklərə daha davamlı olmasına kömək edir. Bundan əlavə, ət, süd və yumurta kimi protein mənbələri antikorları dəstəkləyir".

Əl gigiyenasının yuxarı tənəffüs yollarının infeksiyalarından qorunmağın ən təsirli üsullarından biri olduğunu bildirən Şenol əlavə edib:
"Uşaqlar, xüsusən də çöldən evə gələndə, tualetdən istifadə etdikdən sonra və yeməkdən əvvəl əllərini ən azı 2 dəqiqə sabunla yumağa məcbur edilməlidirlər. Bu vərdiş aşılanmalıdır. Həmçinin, dəsmalları paylaşmaq əvəzinə şəxsi dəsmallardan istifadə etmək daha uyğun olardı".
Aygün
Medicina.az