Hipertoniya yetkin bir xəstəlik kimi görünsə də, daha çox kiçik uşaqlarda rast gəlinir. İndi hətta beş yaşlı uşaqlara da hipertoniya diaqnozu qoyulur. Həkimlər uşaqlar arasında demək olar ki, bir trendə çevrilmiş "noodle"yə qarşı xəbərdarlıq edirlər.
Medicina.az xəbər verir ki, oturaq həyat tərzi və qablaşdırılmış qidalara üstünlük uşaqlarda hipertoniyanın daha çox yayılmasına səbəb olur.
Türkiyəli Uşaq Nefrologiyası Mütəxəssisi Dos. Prof. Dr. Nilüfer Göknar bildirib ki, xəstəxanaya hər gün 25-30 müraciət daxil olur. Bunlardan ən azı 3-ü hipertoniya ilə müraciət edir:
"Məktəbdə ürək döyüntüsü, burun qanaması, şiddətli baş ağrısı yaşayan və hətta təcili yardım çağırdıqdan sonra çox yüksək təzyiqlə təcili yardım şöbəsinə gələn xəstələrlə qarşılaşırıq”.
Nilüfer Göknar qablaşdırılmış qidaların inanılmaz miqdarda duz ehtiva etdiyini söyləyərək əlavə edib:
“Bizə müraciət edən uşaq xəstələrdən soruşanda, onların gündə 3-4 paket yediklərini eşidirik. Elə xəstələr var ki, sadəcə əriştəni kəsməklə təzyiqlərini aşağı salırıq.
Uşaqlarda hipertoniya çox vaxt həyat tərzi dəyişiklikləri, məsələn, aktiv həyat tərzi və sağlam qidalanma ilə həll edilə bilər.
Bu problemin həlli vacibdir, çünki uşaqlıqda başlayan xəstəlik yetkinlik dövründə daha böyük problemlərə səbəb ola bilər".
Göknar bildirib ki, hipertoniyalı uşaqların analarının və ya atalarının 15-40%-də də hipertoniya var:
"Yetkinlərdə infarkt və insultların təməli uşaqlıqda qoyulur, çünki bu qan damarları uşaqlıqda zədələnir".
Mütəxəssislər hər bir uşağın 3 yaşından sonra ildə bir dəfə qan təzyiqini yoxlatdırmasını tövsiyə edirlər.
Aygün
Medicina.az