Vaksinasiya zamanı sıxlıq buna görə yaranır - Rəsmi AÇIQLAMA

  • 26 Avq 2021 12:02
  • 4107 Baxış
Vaksinasiya zamanı sıxlıq buna görə yaranır -  Rəsmi AÇIQLAMA
Bəzi vətəndaşların koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn növbə götürmədən birbaşa olaraq tibb müəssisəsinə müraciət etmələri sıxlığa səbəb olur.

Medicina.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzə Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, tibb müəssisələrinin əməkdaşları növbədən kənar müraciət edən şəxsləri hörmət əlaməti olaraq geri qaytarmamaq üçün onlara da xidmət göstərməli olurlar:

"Bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, peyvənd olunmaq üçün sözügedən elektron xidmətdən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidirlər. Elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər isə ərazi üzrə müvafiq poliklinikaya zəng edə bilərlər. Bu zaman onlara qeydiyyatçılar tərəfindən onlayn növbənin götürülməsi üçün köməklik göstərilir.

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın həyata keçirilməsi prosesi çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “COVID-19 vaksin randevu” adlı elektron xidmət istifadəyə verilib. Elektron xidmətin yaradılmasında məqsəd tibb müəssisələrinin potensialına uyğun olaraq müraciətləri bölüşdürmək və insan axınını operativ sürətdə idarə etməkdir. Randevu sistemi hər bir tibb müəssisəsinin imkanlarını nəzərə alaraq növbə götürülməsini tənzimləyir.

Nəzərinizə çatdırmaq istərdik ki, “COVID-19 vaksin randevu” elektron xidmətində göstərilən vaxt aralığının müddəti 1 saatdır (məsələn, 09:00-10:00) və vətəndaşlara həftənin bazar günü istisna olmaqla hər gün saat 09:00-dan 19:00-a qədər xidmət göstərilir.

Peyvənd məntəqələrində vaksin otaqlarının sayından asılı olaraq hər saat aralığı (məsələn, 09:00-10:00) üzrə limitlər təyin olunub. Məsələn, bir peyvənd məntəqəsində həmin saat aralığında 10 nəfər qəbul olunursa, digər peyvənd məntəqəsində həmin saat aralığında 20 nəfər qəbul olunur. Limitlər peyvənd məntəqələrinə görə fərqlidir və mütəmadi olaraq dəyişə bilər".