Bir məməli kimi insan övladının erkək fərdlərində xayalar bədəndən xaricdə bir kisə içərisində yerləşirlər.
Toxum hüceyrələri olan spermatozoidlər qarın boşluğunda var olan istilikdə öz quyruq hərəkətlərini itirir və süstləşirlər. Ayrıca xayada hər zaman hüceyrə bölünməsi baş verdiyi üçün nisbətən isti mühitdə xərçəng əmələ gəlmə riski mövcuddur.
Bir sözlə - xayalar mütləq qarından kənarda yerləşməlidirlər.
Təbiətdə qəza və xəsarət riski də yuxarıdır. Məsələn, bir öküz böyük buynuzları ilə başqa öküzün xayalarını yaralaya bilər, deyil mi?
Amma yaralaya bilmir. Çünki xayalar çox sürüşkən bir torba içərisində yerləşiblər. Balıq kimi iki barmaq arasında belə tuta bilməzsən. Hələ xaya öz original məkanı olan qarın boşluğuna ciyə deyilən bir kəndirlə bağlıdır. Burada onun damarları, kanalları və ...əzələsi vardır. İstənilən təhlükədə ciyə əzələsi (kremaster) xayanı dartaraq qasıq kanalında gizlədir. Amma belə mükəmməl yaradılmış sistemin ciddi bir çatışmazlığı var.
Xaya öz oxu ətrafında fırlana bilər. Nə qədər desən. Məsələn, 180, 360, hətta 540 dərəcə. Bu zaman xayaya qan gəlməsi dayanır və xaya tədricən ölür.
Xayanı salamat saxlamaq üçün ilk 4 saatda mütləq xaya geriyə burulmalıdır.
Bunu əməliyyatla edirik.
Başqa bir yolu daha var. Xaya ciyəsinə iynə vuraraq əl ilə geri burmaq. İyirmi illik uroloqam, amma hələ də əlimlə xayanı geri bura biləcəyimə inanmıram.
Nəticə: xayada anidən çıxan bütün ağrılar TƏCİLİDİR.
Xüsusilə uşaqlarda.
Yuxarıdakı şəkildə keçən həftə geriyə burduğumuz xayanın fotosunu görə bilərsiniz. On iki saatlıq hadisədir. Xaya qapqaradır. On beş dəqiqədə 20 faiz rəng açılması oldu.
Amma bu xayanın gələcəyi şübhəlidir.
Vasif İsmayıl