Türkiyədə xərçəng xəstəliyinə qalib gələn 4 yaşlı Zeyd üçün səmaya minlərlə şar buraxılıb.
Medicina.az xəbər verir ki, 3,5 yaşında xərçəng diaqnozu qoyulan və təxminən bir il davam edən çətin müalicə prosesindən sonra sağalan 4,5 yaşlı Zeyd üçün mənalı bir tədbir keçirilib. Vətəndaşlar günlər əvvəldən verilən elanlara reaksiya veriblər.
Zeyd və ailəsi, Sultanbəyli Bələdiyyə Başçısı Əli Tombaşla birlikdə, səhnəyə çıxaraq Şəhər Meydanını dolduran on minlərlə insanla birlikdə səmaya şarlar buraxıblar. Şarlar səmanı doldurduqca meydanda emosional anlar yaşanıb.
Uşağın anası Kader Bilgin proqramdan məmnunluğunu ifadə edərək deyib: "Çətin bir müalicə prosesindən uğurla keçdiyimiz üçün çox xoşbəxtik. Bu gün burada belə gözəl bir proqramın təşkili də bizi sevindirdi. Həmçinin dəstəyinə və diqqətinə görə bələdiyyə sədrimiz Əli Tombaşa təşəkkür etmək istəyirəm."
Ata Səbri Bilgin isə əlavə edib: "Bu sahəni həvəslə dolduran və xoşbəxtliyimizi bölüşən hər kəsə çox təşəkkür edirəm."
Aygün
Medicina.az