Şəkərsiz diabet – Nadir xəstəliyin səbəbləri, əlamətləri

  • 24 May, 2019
  • 7937 Baxış
Şəkərsiz diabet – Nadir xəstəliyin səbəbləri, əlamətləri
Şəkərli diabet olduğu kimi bir də qeyri-adi, nadir rast gəlinən, amma artıq çox insanlarda diaqnoz olunan şəkərsiz diabet növü də var. Bu  hipotalamus vəzin sintez etdiyi ADQ və ya vasopressin adlı hormonun çatışmazlığından yaranır. 

Eləcə də böyrək toxumasından qaynaqlanır. 
Medicina.az bu xəstəliyin əlamətlərini və müalicə metodlarını təqdim edir.

Şəkərsiz diabetin əsas göstəricisi normadan həddən çox sidik ifrazıdır ki, orqanizmdə dehidratasiya gedir. Bu da insan üçün həyati təhlükəlidir. Çoxları bunu böyrək xəstəliyi ilə, şəkərli diabetlə səhv salır. Amma qanda şəkər artıq çıxmadıqda arxayınlaşır.


Hazırda dünyada hər 100.000 insanda 3-4 nəfərdə şəkərsiz diabet aşkarlanır. Bu diaqnoz Azərbaycanda da var. Amma çox zaman gec qoyulur. 
Daha çox gənc kişilərdə 17-35 yaş arası rast gəlinir. 

Maraqlı məqam odur ki, xəstələrin 20-25%-də bu patologiya neyrocərrahi əməliyyatdan sonra əmələ gəlir.
Vazopressin hormonunun vəzifəsi orqanizmdə mayenin saxlanmasıdır. O, böyrəklərdə su yığan borucuqların işini tənzimləyir. 
Şəkərsiz diabet mərkəzi və nefrogen olur. 

Mərkəzi forma birbaşa baş beyin və hipotalamusla bağlıdır. 
Nefrogen formada isə böyrəklərdə toxumalar vazopressin hormonuna qarşı həssaslığını itirir.

Kimlərdə daha çox yaranır:

-Xəstəlik kəllə-beyində, hipofizdə şişləri, törəmələri olanlarda
-Damar pozulmaları
-İltihab prosesləri – sifilis, vərəm
-Kəllə daxili travma alanlarda

-Anadangəlmə böyrək patologiyası ilə doğulanlar
-Böyrək çatışmazlığı, dializ xəstələrində
-Bir sıra preparatlarla zəhərləndikdə
-Hamilələrdə müvəqqəti olaraq yaranır sonra keçib gedir

Əsas əlaməti:

  • Sidiyin miqdarı çox olur- təxminən 5 -10 litr
  • Güclü yanğı hissi – çox su içmək
  • Dərinin quruması
  • Orqanizmin susuzlaşması
  • Gecə tez-tez sidiyə getdikdə yuxusuzluq, əsəbilik, tez yorulma
  • Susuzlaşma səbəbindən çox tərləmə, ağızda quruluq
  • Ürək döyüntüsü artır, təzyiq düşür
  • Qusma, ürəkbulanma və s.
 

Diaqnoz və müalicə

Endokrinoloq və terapevtə müraciət edilir və sutkada 5 litrdən çox sidik ifrazı barədə məlumat verilir.
Sidik analizi, qan analizi, hormonal analiz, baş beynin MRT-si, böyrəklərin USM-i aparılır.

Müalicə üçün ilk növbədə hipotalamus qaydaya salınmalıdır, törəmə varsa əməliyyatla götürülməlidir. 
Hormon azlığına görə sintetik vazopressin təyin edilir.

Paralel olaraq orqanizmin su mineral balansı bərpa olunur, infuziya təyin edilir.