Yayın təhlükəsi - İlan sancmasında nə etməli?

  • 2026.07.01 16:16
  • 79 Baxış
Yayın təhlükəsi  - İlan sancmasında nə etməli?


İlan sancması yay fəslinin ən təhlükəli hadisələrindən biri hesab olunur.

Statistikaya görə, hər il ölkəmizdə 120-130 ilan sancma halı olur.

Medicina.az xəbər verir ki, ilan sancması zamanı sancma yerində dəri qızarır, şişkinləşir və göyərmələr əmələ gəlir.

Zərərçəkəndə ürəkbulanma, qusma, soyuq tər, nəfəs almanın çətinləşməsi, zədə nahiyəsinin keyiməsi müşahidə olunur. Həkimə qədər zərərçəkənə tibbi yardım göstərilməlidir. İlk öncə zərərçəkəni sakitləşdirmək və uzadaraq rahat şərait yaradılmalıdır. Yara nahiyəsini yod məhlulu ilə dezinfeksiya etmək və həmin nahiyəyə buz qoymaq lazımdır.

Əl altında olan materiallardan yara nahiyəsinə şina qoymaq məqsədəuyğundur. Eyni zamanda xörək duzu məhlulu ilə isladılan sarğı da qoyula bilər.


İlan sancması zamanı yara ətrafına sıxıcı sarğı qoymaq, yaranı kəsmək, yandırmaq qəti qadağandır. Xəstə ən gec 12 saat ərzində həkimə çatdırılmalıdır. Daha sonra həkim nəzarəti altında müəyyən analizlərin əsasında ilan zəhərinə qarşı zərdab tətbiq edilə bilər.

Aygün M.
Medicina,Az