Yeni doğulan uşaqların qeydiyyatı elektronlaşdırıldı

  • 14 Avq 2020 12:37
  • 2867 Baxış
Yeni doğulan uşaqların qeydiyyatı elektronlaşdırıldı

“Əvvəllər doğumun dövlət qeydiyyatı vətəndaş qeydiyyat şöbəsinə, icra nümayəndəliyinə müraciət etdikdə dövlət qeydiyyatına alınırdı və faktiki olaraq qeydiyyatdan kənarda qalan uşaqların tərəfimizdən müəyyən edilməsi və buna qarşı hər hansı tədbir görülməsi imkanımız xaricində idi”.

Medicina.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

Onun sözlərinə görə, hazırda problem aradan qalxıb: “Biz indi tam fərqli mənzərənin şahidi oluruq, çünki hazırda doğumun qeydiyyatı, demək olar ki, avtomatlaşdırılmış qaydada aparılır. Belə ki, doğum faktı baş verdikdə dərhal bu barədə məlumat Səhiyyə Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada Əhalinin Dövlət Reyestrinə göndərilir və məlumat reyestrə daxil olduqda uşağa avtomatlaşdırılmış rejimdə təkrar olunmayan (unikal) və həyatının sonunadək dəyişməyən fərdi identifikasiya nömrəsi (FİN) verilir. Bu da, öz növbəsində, bizə uşaqları birmənalı eyniləşdirməyə, doğumu qanunvericiliklə müəyyən olunmuş müddətdə qeydə alınmayanları vaxtında aşkar etməyə, doğumun dövlət qeydiyyatının məcburiliyi barədə bildiriş göndərməklə valideynləri qeydiyyat orqanına dəvət etməyə, üzrlü səbəb olmadan qeydiyyatdan yayınanları isə inzibati məsuliyyətə cəlb etməyə imkan verir”.


X