Yeni il öncəsi saxta spirtli içkilərlə bağlı xəbərdarlıq

  • 2025.12.24 08:37
  • 248 Baxış
Yeni il öncəsi saxta spirtli içkilərlə bağlı  xəbərdarlıq

Yeni il şənlikləri yaxınlaşdıqca saxta spirtli içkilərin təhlükəsi pik həddə çatır. Əsl spirtli içki ilə eyni dada, qoxuya və rəngə malik olan metil spirti bədənə daxil olduğu andan etibarən səssizcə öldürür.

Medicina.az xəbər verir ki, türkiyəli professor dr. Mehmet Selim Kocabora saxta spirt kimi tanınan metil spirtinin son dərəcə təhlükəli bir maddə olduğunu qeyd edib. O, metil spirtinin bədəndə metabolizə oluna bilməyəcəyini bildirib:

"Metil spirt zəhərlənməsində ilk əlamətlər adətən gözlərdə görünür. Təxminən 12-24 saat ərzində bulanıq görmə, dumanlı görmə və işığa həssaslıq kimi şikayətlər başlayır.

Görmə problemlərinin sonrakı mərhələlərdə mərkəzi sinir sisteminə təsir göstərir. Yeriş pozğunluqları, nitq çətinlikləri və çaşqınlıq kimi ciddi nevroloji vəziyyətlər yarana bilər.

Erkən müalicə edilmədikdə görmə itkisi daimi korluğa çevrilə bilər".



Qastroenterologiya üzrə mütəxəssis professor Dr. Vedat Göral xüsusilə Yeni il dövründə bazara çıxarılan saxta spirtli içkinin daha böyük təhlükə yaratdığına diqqət çəkib.

Professor Göral metil spirtinin qəbul edildikdən sonra formaldehid və qarışqa turşusuna çevrildiyini və bu maddələrin hüceyrə səviyyəsində geniş yayılmış zərərlərə səbəb olduğunu, demək olar ki, bütün orqanlara təsir etdiyini bildirib.


Professor Göral metil spirtinin görünüş, qoxu və dad baxımından etil spirtindən fərqləndirilə bilməyəcəyini və bunun insanların aldadılmasını asanlaşdırdığını vurğulayıb. O, aşağı qiymətinə görə bazara çıxarılan saxta spirtin bir çox insanın ölümünə səbəb olduğunu qeyd edərək əlavə edib:

“Bu, sadəcə bir sağlamlıq problemi deyil. Bu, açıq-aydın bir qətldir, insan həyatı ilə oynayır”.

Professor Göral metil spirt zəhərlənməsinin 6-8 saatdan sonra və ya ertəsi gün ürəkbulanma, qusma, qarın ağrısı, qaraciyər iltihabı, sarılıq, mədəaltı vəzi çatışmazlığı və tənəffüs çatışmazlığı kimi həyati təhlükə yaradan vəziyyətlərin yarana biləcəyini qeyd edib.

Təcili Tibbi Yardım Mütəxəssisi Dr. Erkan Temizkan, metil spirtinin son dərəcə zəhərli bir maddə olduğuna diqqət çəkərək, bu maddənin bədənə zəhərli təsir göstərdiyini və ölümcül nəticələrə səbəb ola biləcəyini bildirib.

Dr. Temizkan, saxta spirtdən qorunmağın yeganə yolunun yalnız məlum, etibarlı və nəzarət edilən satış nöqtələrindən spirt əldə etmək olduğunu vurğulayıb.

Temizkan əlavə edib ki, həkimlər spirti tövsiyə etmirlər, lakin istehlak edilməlidirsə, mütləq etibarlı satıcılardan alınmalıdır.

Aygün
Medicina.az