Yeni xəstəlik yarana bilər: Flurona - Baş infeksionistdən AÇIQLAMA

  • 2022.01.07 15:54
  • 1686 Baxış
Yeni xəstəlik yarana bilər: Flurona -  Baş infeksionistdən AÇIQLAMA
Pandemiyanın ilk dövrlərində tibb işçiləri yeni növ koronavirus (COVID-19) və qripə eyni vaxtda yoluxmaq ehtimalı barədə xəbərdarlıq edirdilər. İsraildə hamilə qadında flurona virusu aşkar edilib. Bu virus isə özündə həm korona, həm də qrip infeksiyalarının əlamətlərini daşıyır. Fluronaya yoluxma Braziliyanın üç ştatında və Xorvatiyada da qeydə alınıb.


Həkimlər hər iki xəstəliyin simptomlarının üst-üstə düşdüyünü, xəstələrdə yüksək hərarət, əzələ ağrısı olduğunu bildirir və virusun təhlükəli nəticələr törədə biləcəyi üçün diqqətli olmağı tövsiyə edirlər.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib:

“Ümumiyyətlə, qış aylarında kəskin respirator virus infeksiyaları, o cümlədən qrip və koronavirus infeksiyasına yoluxanlar arasında artım müşahidə edilir. Belə olan halda sıxlıq, tünlük olan yerdə bir nəfər eyni vaxtda və yaxud ardıcıl olaraq həmin infeksiyalara yoluxa bilər. Hər iki infeksiya yuxarı tənəffüs yollarını və ağciyərləri zədələyə bilirsə, onda xəstəlik daha ağır keçə bilər. Xüsusən də zəif immun sisteminə malik və xroniki xəstəliyi olanlarda müxtəlif fəsadlar törədə bilər.

Flurona barədə danışan mütəxəssis-ekspert bildirib ki, hər iki virusdan qorunma yolları eynidir: “Həmin infeksiyaların ötürülmə yolları eyni olduğuna görə, qorunma yolları da eynidir. COVID-19-da tövsiyə olunan qorunma üsulları eynilə həmin xəstəlikdə də işə yarayır. Müxtəlif risk qrupuna daxil olanlar, xroniki xəstəliyi olanlar və yaşlı sakinlər hər il qrip xəstəliyinə qarşı peyvənd olunmalıdırlar. Bu, tamamilə başqa peyvənddir. Yaxşı olar ki, risk qrupunda olanlar ağır nəticələrlə üzləşməmək üçün həm COVID-19-a, həm də qripə qarşı peyvənd edilsinlər”.

Xüsusilə qış aylarında kəskin respirator virusların artması qrip və koronavirusa eyni vaxta yoluxmanı daha aktual edir. Ona görə də özümüzü mütləq qorumalı və karantin qaydalarına əməl etmək lazımdır.