“2 yaşında uşağın qarnı ağrıyırdı, şəkərli diabet çıxdı” - Endokrinoloqdan mühüm açıqlama

  • 2018.01.19 17:43
  • 47384 Baxış
“2 yaşında uşağın qarnı ağrıyırdı, şəkərli diabet çıxdı” -  Endokrinoloqdan mühüm açıqlama
Ağır qurd preparatları mədəaltı vəz və qaraciyəri korlayır


Bioloji Təbabət klinikasının uşaq endokrinoloqu Həbibə Mirzəyeva uşaqlarda endrokrinoloji xəstəliklərin yayılması və simptomları barədə danışıb.


Mütəxəssis Medicina.az-a açıqlamasında bildirib ki, bəzən valideynlər uşaqları pediatrlara aparıb, hər cür xəstəlikdən müalicə etdirməyə çalışırlar, amma endokrinoloqa göstərmək ağıllarına gəlmir. Halbuki hazırda körpələr və azyaşlı uşaqlar arasında endokrinoloji pozğunluqlar artıb:


"Məsələn, uşaq uzun müddət xroniki qəbizlikdən əziyyət çəkir, uşağı pediatr yanında mədə-bağırsaqdan müalicə edirlər, amma nəticəsi yoxdur. Halbuki o uşaqda hipoterioz ola bilər. Və yaxud uşağın boyu qısa qalır, çəkisi artır. Burada yenə də mədə-bağırsaq və köklüyə qarşı müalicə aparılır. Amma oğlan uşaqlarında boyun qısa, çəkinin çox olması ikincili cinsi inkişafın ləngiməsi nəticəsində də baş verə bilər. Uşaqda endokrinoloji diaqnoz vaxtında qoyulduqda, müalicə də keyfiyyətli olur. Əks halda simptomlar müalicə olunur, əsas problem qalır və o problem ağır formaya keçir. Bu məsələdə pediatrlar da diqqətli olmalıdır. Çox olub ki, uşaqda böyrəklərin funksiyasının pozulması zamanı sidikdə şəkər çıxır. Və bilməyərəkdən uşağa şəkər diaqnozu qoyulur. Amma böyrəyin problemi qalır kənarda. Böyrəklərin sovurma qabiliyyətinin pozulması gələcəkdə endokrin sistem xəstəkiklərinə gətirib çıxarır. Amma vaxtında uşaq uroloqu və endokrinoloqu ilə birgə müayinə aparılsa, vəziyyətdən daha tez çıxacaq”.

 



Həkim Azərbaycanda I tip şəkərli uşaqların sayının artdığını da qeyd edərək, çox zaman şəkər simptomlarının başqa xəstəliklərlə səhv salındığını vurğulayıb:


"Hazırda 13 yaşa qədər uşaqlar arasında I tip şəkərli diabet çox yayılıb. Mədəaltı vəzin insulin sekresiyası demək olar ki, yoxdur. Çox zaman körpə doğulandan bu problemlə doğulur. Məsələn, bizə koma əlamətləri ilə rayondan 2 yaşlı uşaq gətirmişdilər. Müayinə nəticəsində onda diabet təyin olundu.

 

İnsulin təyini mütləq idi. Uşaq öz ağrılarını izah edə bilmir, ağlayır. Bu uşaq da sadəcə əlini qarnına qoyaraq, ağlayırmış. Bizə də qarın ağrısı simptomu ilə gətirilmişdi. Heç kimin ağlına gəlməzdi ki, bu uşaq şəkərdir.  


Adətən uşağın qarnı ağrıyanda valideyn düşünür ki, qurdu var. Əksər uşaqlarda da qurd olur. Analizdə qurd çıxınca, qurd preparatları təyin olunur. Bu dərmanlar da mədəaltı vəzidə hüceyrələrin sintezini pozur, vəzi zədələnir. Halbuki uşaqda qurd yox, şəkərli diabet simptomlarıdır. Lüzumsuz qurd müalicələri uşaqların orqanizminə ziyandır. Əgər ata anada şəkər xəstəliyi yoxdursa, uşaq doğulandan diabet deyilsə, deməli, bu, sonradan yaranıb. Sonradan yaranmasının səbəblərindən biri də mədəaltı vəzin funksiyasının ağır dərmanlar vasitəsilə sıradan çıxmasıdır. Bu gedişlə davam etsək, ölkədə ildən-ilə I tip Diabet uşaqların sayı artacaq. Mən bir il ərzində 22 uşağa I tip diabet diaqnozu qoymuşam. Təsəvvür edin, ölkə üzrə bu rəqəm neçədir”. 


Həbibə həkim valideynlərə bu simptomlarda ehtiyatlı olmağı tövsiyyə edir:


-Uşağın qarnı daima ağrıyırsa

-Zəifləyirsə, çəkisi azalırsa

-Rəngi avazıyır, solğundur

-Yuxuludur

-Çox su, çay içirsə


Bunlar şəkərin gecikmiş əlaməti ola bilər. Mütləq şəkərin təyin olunması analizləri verilməlidir. Ümumiyyətlə, uşaqlarda şəkərli diabetə görə ildə 1 dəfə analiz verilməsi məsləhət görülür. Əgər şəkər vaxtında diaqnoz olunmazsa, uşaqlara insulin təyin olunmazsa, uşaq komatoz vəziyyətə düşə bilər. 


Həkimlə əlaqə:


Bakı,: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), Memar Əcəmi metrosunun yaxınlığında

Tel.: (012) / (050) / (055) / (070) 430 89 89

“2 yaşında uşağın qarnı ağrıyırdı, şəkərli diabet çıxdı” -  Endokrinoloqdan mühüm açıqlama