İnsanda quş qripi aşkar edildi - İlk dəfə

  • 2024.06.06 10:00
  • 654 Baxış
İnsanda quş qripi aşkar edildi -  İlk dəfə
Ümumdünya Səhiyyə Təşkilatı dünyada ilk dəfə insanda quş qripi A(H5N2) virusuna yoluxma halının qeydə alındığını açıqlayıb.

Medicina.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Meksikada baş verib.

"Meksikanın hakimiyyət orqanları ÜST-yə Meksika ştatının sakinində aşkar edilmiş quş qripi A(H5N2) virusu ilə bağlı məlumat verib", - deyə təşkilatın Cenevrədəki mənzil-qərargahının bəyanatında deyilir.

Qeyd olunur ki, bu, dünyada A(H5N2) qripi virusuna insan yoluxması ilə bağlı laboratoriya tərəfindən təsdiqlənmiş ilk hadisədir.

Məlumata görə, virus 59 yaşlı şəxsdə aşkarlanıb. Mütəxəssislər onun quşlarla və ya digər heyvanlarla təması olmadığını bildiriblər. Aprelin 17-də xəstədə hərarət, təngnəfəslik, ishal, ürəkbulanma, ümumi halsızlıq yaranıb. Aprelin 24-də xəstə həkimə müraciət edib və Tənəffüs Yolları Xəstəlikləri İnstitutuna yerləşdirilib. Aparılan müalicələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Xəstə həmin gün ölüb.

Xəstənin yaxınlarının dediyinə görə, o, bütün bunlardan öncə, yəni xəstəliyin simptomları üzə çıxmadan əvvəl başqa səbəblərdən 3 həftə yataqda qalıb.

ÜST virusun mənbəyinin məlum olmadığını açıqlayıb. Hazırda bununla bağlı araşdırma aparılır. Buna baxmayaraq, mövcud məlumatlara əsasən, ÜST xəstəliyin insanlar arasında yayılma riskini aşağı səviyyədə qiymətləndirib.

Qeyd edək ki, bundan əvvəl də insanların A(H5N1), A(H5N6) və A(H5N8) viruslarına yoluxması barədə məlumat verilib. Lakin heç biri rəsmi olaraq laboratoriya tərəfindən təsdiq edilməyib.


Aysel