Bakıda özəl klinikada MRT aparatının içində qızın gözü zədələndi– ŞİKAYƏT-FOTOLAR

  • 2021.04.02 19:48
  • 22449 Baxış
Bakıda özəl klinikada MRT aparatının içində qızın  gözü zədələndi – ŞİKAYƏT-FOTOLAR


Bakıda Caspian İnternational klinikasında gənc qız MRT cihazından keçən zaman gözləmədiyi halda gözündən zədə alıb.


Medicina.az xəbər verir ki, martın 29-u klinikada baş və boyunun MRT-si üçün gələn qız aparatın içində uzanır və cihaz işə düşən kimi sol gözünə zərblə nəyinsə dəydiyini və çaqqıltı səsi eşidir. Ağrıdan, qorxudan qışqırıb, cihazın içindən çıxan xanımın şikayətlərinə isə əhəmiyyət verilməyib.

Nərgiz Məmmədova adlı xanımın başına gələnləri olduğu kimi təqdim edirik.

“Aparatın içərisində gözümü yumub uzanmışdım, birdən sol gözümün üstünə nəsə metal kimi zərblə dəydi və çaqqıltı səsi eşitdim. Gözümə əlimi vurdum ağrıyırdı. Ağrı və qorxudan qışqırıb aparatın içindən çıxdım, digər otaqda olan anam da səsimə içəri girdi. Mən həmin gözümlə heç nə görmürdüm, 3 dəqiqə gözüm qaranlıq oldu. Sonra hər yeri qara nöqtələrlə görməyə başladım.

MRT-ə cavabdeh personal şikayət, ağrı və qışqırığıma baxmayaraq reaksiya belə vermirdilər.
Yalnız biri dedi ki, ola bilər gözündəki tuş qalığı yayılıb.
Halbuki mən tuş vurmamışdım.

Mən həkimlərə yalvarırdım ki, heç olmasa soyuq buz, su gətirsinlər, gözüm şişib, qoyaq.
Hamı eləcə baxırdı. Axırda məni göz həkiminə apardılar. O da həmin klinikanın həkimi Cahid Şahbazov idi.

Orda dəhlizdə onu gözləyən xəstə növbəsi çox idi, məni orda əyləşdirdilər. Gözüm görmur, ayaqlarım əsir, ağlayırdım. Səsimə Cahid Şahbazov çıxıb üzərimə qışqırdı ki, səsimi kəsim.

Anam personala nə qədər desə də ayrı otaqda uzadın, dərman verək, təzyiqini ölçək, heç kim yaxın durmurdu.
Nəhayət göz həkimi narazı halda məni müayinə edib dedi ki, heç nə yoxdur, göz zədəsizdir. Sadəcə həyəcandan damarları partlayıb, ona görə üstü göyərib. Tetrasiklin mazı çəkib yola saldı.


Biz klinikanın məsul insanlarına, MRT həkiminə nə qədər soruşsaq da, axı MRT aparatı içində nə baş verə bilərdi, heç kim heç nə demədi. Belə çıxdı ki, bu isterikanı mən uydurmuşam.

Biz onlara güvənməyib, başqa klinikaya getdik. Orda göz həkimi tam müayinə edərək, dedi ki, MRT zamanı kənar yad cisim və ya əşyadan zərbə almışam və dərman yazdı.

Həmin klinikanın radioloqu izah etdi ki, ola bilər aparatın içində öncəki pasiyentin hansısa metal əşyası qalıb, bu sırğa, düymə və s. ola bilər. O da MRT işə düşəndə sıçrayaraq, maqnit kimi cəlb olunduğundan havaya qalxıb və gözə dəyib.

Biz yenidən İnternationala qayıdıb, məsələni araşdırmaqlarını tələb etdik. Çünki onlar bu işdə cavabdeh idilər.

Uzun müddətli mübahisələrdən sonra dedilər ki, araşdırıb məlumat verəcəyik.
3 gün keçib, hələ də onlardan səs səmir, xəbər yoxdur. Belə görünür ki, o klinikanın rəhbərliyi heç bir şey edən də deyil.

Buna görə də başıma gələnləri paylaşıb, hər kəsi xəbərdar etməyi özümə borc bilirəm ki, orda MRT təhlükəli ola bilər və heç kim aparata ciddi nəzarət etmir.

Gözüm isə hələ də düzəlməyib”.

Məsələ ilə bağlı klinikanın açıqlamasını dərc etməyə də hazırıq.