Gənclərdə xərçəng xəstəlikləri niyə sürətlə artır? - Fransada yaşayan azərbaycanlı psixiatr

  • 2021.03.16 16:48
  • 1993 Baxış
Gənclərdə xərçəng xəstəlikləri niyə sürətlə artır? -  Fransada yaşayan azərbaycanlı psixiatr

Aylarla, illərlə alkoqol qəbul edən insanı birdən-birə içkidən tam uzaqlaşdırmaq olmaz. Çünki bu, ən yaxşı halda epilepsiya ilə, ən pis halda isə ölümlə nəticələnə bilər.

Medicina.az xəbər verir ki, bu sözləri publika.az-a müsahibəsində Fransada yaşayıb çalışan psixiatr, addiktoloq Şahsuvar Mirzəyev bildirib.

"Bəzən çox şeylər bəsit vərdişdən, bəzən isə kökündə psixi problemlər duran məqamlardan başlayır. İnsan günbəgün artan templə siqaret çəkir, alkoqol, narkotik maddələr qəbul edir ki, psixoloji gərginliyini aradan qaldırıb, sakitləşsin. Bu vasitələrdən bir müddət istifadə edəndən sonra eyni ağırlıq yenidən geri qayıdır.

Universitetdə təhsil aldığım müddətdə klinikalarda staj keçirdim. Bəzən 10 yaşlı uşaqlarda da siqaret, içki, marixuana aludəçiliyinə rast gəlirdim. Əsas səbəbi isə hazırda Avropada sadaladıqlarımın satışının adi hal almasıdır. Bu zərərli vərdişlərə alışdıqca, risk faizi daha da artır. Lakin bir neçə dəfə spirtli içki içməklə siz vərdişkar olmursunuz. Burada həmçinin cəmiyyətin də rolu böyükdür. Məsələn, bizim toplumun bəzi dairələrində kişiliyin gücü içdiyi arağın litri ilə ölçülür. Yaxud valideynlərin mütəmadi alkoqol qəbul etməyi uşaqda şüuraltı rahatlıq yaradır ki, mən də bu yolla gedəcəm. Hər il bu zərərli vərdişlərin fəsadları Fransa dövlətinə 210 milyard avro məbləğində ziyan vurur. Biz hələ mənəvi fəsadlardan danışmırıq. Bir məsələ də var ki, Fransa şərabı UNESCO-nun tanıdığı maddi dəyərdir. Amma hesablasaq, bu, içkinin dövlətə gətirdiyi fəsadları ilə müqayisədə azdır. Bilirsinizmi ki, siqaretin, spirtli içkinin orqanizmə zərəri marixuanadan çoxdur. Çünki fiziki və psixoloji asılılıq daha dərindir. Həmçinin xərçəngə yol açır.

- Avropada siqaretdən, spirtli içkilərdən, narkomaniyadan müalicə olunmaq üçün dərman preaparatları var. Yəni ilkin mərhələdə pasiyent 1 həftə zərərli vərdişindən uzaqlaşmalıdır. Beyin yeni mühitə adaptasiya olmalıdır. Aylarla, illərlə alkoqol qəbul edən insanı birdən-birə içkidən tam uzaqlaşdırmaq olmaz. Çünki bu, ən yaxşı halda epilepsiya ilə, ən pis halda isə ölümlə nəticələnə bilər. Müəyyən dərmanlar var ki, epilepsiya hallarının qarşısını onunla alırıq. Lakin azərbaycanlı həmkarlarıma təklif edirəm ki, həmin preparatlar yoxdursa, xəstənin gün ərzində 2-3 litr su içməsini təmin edin. İkinci fazada isə dərmanlar müxtəlif detokslarla əvəzlənməlidir. İstənilən halda xəstənin öz iradəsi vacibdir. Lakin artıq alışqanlıq yaranıbsa, beynin kontrol sistemi itibsə, burada heç bir əzmdən, iradədən söz gedə bilməz. Kimisə müalicəyə məcbur edə bilməzsiniz. İnanın ki, hətta izoləedici kameralar da işə yaramayacaq. Çünki narkologiya, alkoqolizm artıq bağlılıq yaratmış xəstəlikdir. Krevin terminologiyası sırf bu problemə verilən addır. Yəni hansısa bir əşyaya psixoloji və fizioloji cəhətdən bağlanırsınız və bu istəyi başqa heç nə ilə əvəzləyə bilmirsiniz. Bu asılılıq gün ərzində 1 dəfə də, 10 dəfə də təkrarlana bilər. Burada görüşdüyünüz insanlardan tutmuş iş mühitinədək bütün detalların təsiri var. Lakin vacib bir məqam odur ki, krevin halı 20-30 dəqiqədən artıq davam etmir.

Tutaq ki, alkoqoldan artıq müalicə olunan insan mağazaya daxil olanda gördüyü müxtəlif çeşidli içkilərə qarşı istək yaranır. Yaxud heroin, marixuana tüstüsü də eyni şəkildə təsir gücünə malikdir. Bir növ Pavlov testini xatırlayın. Yəni demək istəyirəm ki, bu istək hər an baş qaldıra bilər. Sizdən tələb olunan içkiyə təhrik edən məkanlardan, insanlardan uzaq durmaqdır. Xüsusən də bu vərdişlərdən uzaqlaşmısınızsa, krevin halları daha çox baş verəcək. Əsas işimiz də bu halla mübarizədir. Bir məqam da var ki, zərərli vərdişləri yaranan insanın iştahı da sönür. Yediklərinizdən zövq ala bilmirsiniz. Çünki marixuananın, heroinin, içkinin verdiyi ləzzət itəndən sonra bir anda cəhənnəmə düşürsünüz və o həzzi heç nədə tapmırsınız. Tədricən isə bu maddələri həzz üçün deyil, cəhənnəmdən qurtulmaqdan ötrü qəbul etməyə başlayırsınız. Pasiyentlərimizi müalicə etdiyimiz dərmanlar isə 24, 48 bəzən isə 72 saat cüzi həzz yaşadır ki, müalicənin faydasını görə bilək. Avropada, Fransada bu dəhşətli alışqanlıqdan əziyyət çəkənlər çoxdur. Krizis müddəti adətən 7-10 gündür. İkinci mərhələdəki detoksların qəbulu isə xəstənin könüllü istəyi ilə gerçəkləşir."