Hər həftə Panamaya 15 milyon qısırlaşdırılmış milçək buraxılır - ABŞ-ın xəstəliklə qəribə mübarizə üsulu

  • 2024.06.21 22:10
  • 2149 Baxış
Hər həftə Panamaya 15 milyon qısırlaşdırılmış milçək buraxılır -  ABŞ-ın xəstəliklə qəribə mübarizə üsulu
İnsanın və isti qanlı heyvanların açıq yaralarına 250-500 yumurta qoyan “New World Screwworm” adlı milçək növü təhlükə saçır. Sürfələr dərinin alt qatlarına nüfuz edir və orada yetişir. Onlar yetişdikləri orqanizmin sonda ölümünə səbəb ola bilirlər. Bu canlılarla ciddi problem yaşayan ABŞ hər həftə Panamaya 14,7 milyon qısırlaşdırılmış milçək buraxır.

Medicina.az bu qəribə əməliyyatın arxasında duran maraqlı səbəbləri təqdim edir:

Birləşmiş Ştatlar illərdir bu təhlükəli parazitlə mübarizə aparır.

Bildirilir ki, dişi milçək yumurtadan çıxandan dörd-beş gün sonra cütləşir. Onun bütün həyat dövrü təxminən 20 gündür. Dişi həyatı boyu 3 minə qədər yumurta qoya və 200 kilometrə qədər uça bilər.

ABŞ-ın hər həftə Panamaya milyonlarla milçək buraxması ilk baxışdan qəribə görünür. Hətta ABŞ-ın mənfi məqsədlər güddüyü də iddia edilib. Lakin alimlər bu əməliyyatın arxasında duran səbəblərin kifayət qədər əhəmiyyətli olduğunu bildirirlər.

Belə ki, “New World Screwworm” adlı təhlükəli parazit yumurtalarını canlıların açıq yaralarına qoyur. Sürfələr həmin canlının ətini yeyərək böyüyürlər. Təəssüf ki, bu vəziyyət həm insan, həm də heyvanlar üçün son dərəcə ağrılıdır və çox vaxt ölümcül olur. Bu zərərli parazitə nəzarət etmək üçün ABŞ milçəkləri qısırlaşdırıb təbiətə buraxmaq üsulunu tətbiq edir.

1950-ci illərdə Edvard F.Kniplinqin kəşfləri sayəsində milçəklərin müəyyən bir mərhələdə radiasiya ilə qısırlaşdırıla biləcəyi və beləliklə də onların çoxalmasının qarşısının alınmasının mümkün olduğu aşkar edilib. Bu kəşf hazırda tətbiq edilən genişmiqyaslı əməliyyatın əsasını təşkil edir.

Panamanın Pakora şəhərindəki bir fabrikdə həftədə 20 milyon milçək istehsal olunur. Milçəklər xüsusi nəzarət otaqlarında yetişdirilir, radiasiya ilə qısırlaşdırılır və daha sonra təyyarələrlə buraxılır. Həmin milçəklər təbii həyat dövrlərini davam etdirsələr də çoxala bilmirlər. Bu da parazitin yayılmasının qarşısını alır.

Əməliyyat ABŞ-a ildə təxminən 15 milyon dollara başa gəlir. Lakin bunun müqabilində çoxlu insanın və milyonlarla heyvanın həyatı xilas edilir, eyni zamanda böyük iqtisadi itkilərin qarşısı alınır.


Aysel