Hormonal dərmanlar beyin şişi yaradır

  • 2024.03.29 21:20
  • 752 Baxış
Hormonal dərmanlar beyin şişi yaradır
Fransada aparılan elmi araşdırma daha çox qadınlar tərəfindən istifadə edilən bəzi hormonal dərmanların orqanizmdə şiş yaranması ehtimalını artırdığını üzə çıxarıb.

Medicina.az xəbər verir ki, uzun müddət və yüksək dozada qəbul edildikdə bu preparatların beyin şişi riskini artırdığı məlum olub.

Doğuşa nəzarət, qadın xəstəlikləri və ya şokolad kistası zamanı qəbul edilən bəzi hormonal dərmanların uzun müddətli istifadə edilməsinin olduqca təhlükəli nəticələri ola biləcəyi anlaşılıb.

Araşdırma çərçivəsində Fransada hormonal dərman istifadə edən 250 mindən çox qadının məlumatları təhlil edilib.

Araşdırmada tədqiq edilən hormonal dərman "sipoteron asetat" testosteron səviyyəsini azaltmaq üçün istifadə edilən süni progesteron hormonudur. Bu dərman kişilərdə əməliyyat olunmayan prostat xərçənginin müalicəsində də istifadə olunur.

Araşdırmaçılar onu da diqqətə çatdırıblar ki, bu dərmanlar üzündən meydana gələ biləcək beyin şişlərinin əksəriyyəti xoşxassəli olur. Dərman istifadəsi dayandırıldıqda beyin şişi riski də xeyli azalır.

Bildirilir ki, 5 ildən 30 ilədək istifadə edildikdə bəzi dərmanların həm qadınlarda, həm də kişilərdə beyin şişi yaratması ilə bağlı hallar 2007-ci ildən bəri qeydə alınır.

Mütəxəssislər bildirirlər ki, həkimlər xəstələrinə “sipoteron asetat” təyin edərkən daha seçici olmalıdırlar. Yüksək dozaların və uzunmüddətli istifadənin tələb olunduğu hallarda, beyin şişlərinin erkən diaqnostikası üçün vaxtı-vaxtında MRT çəkdirmək tövsiyə olunub.


Aysel