İnfarkt riskini azaltmaq üçün düzgün kalsium qəbulu necə olmalıdır?

  • 2024.05.06 10:40
  • 792 Baxış
İnfarkt riskini azaltmaq üçün düzgün  kalsium qəbulu necə olmalıdır?
Yeni bir araşdırma sayəsində infarkt riskini azaltmaq üçün kalsiumun nə vaxt istehlak edilməli olduğu müəyyən edilib.

Medicina.az xəbər verir ki, bunun üçün ABŞ tədqiqatçıları 36 164 yetkin insanın kalsium istehlakı rutinlərini təhlil ediblər. Sonda onlar müəyyən ediblər ki, səhər yeməyi ilə axşam yeməyi arasında kalsiumun düzgün paylanması ürək-damar xəstəlikləri riskini azaldır.

“BMC Public Health” jurnalında dərc edilən araşdırmaya görə, naharda kalsium qəbulunu 5% azaltmaq və səhər yeməyində 5% artırmaq ürək-damar problemləri riskini 6% azalda bilər.

Tədqiqatçılar düzgün kalsium qəbulunun ürək-damar xəstəlikləri üçün vacib risk faktorları olan qan lipidlərini, yağ kütləsini və qan təzyiqini tarazlaşdıra biləcəyini qeyd ediblər. Nəzərə çatdırılıb ki, dünyada ölümün əsas səbəbi olan ürək-damar xəstəliklərinə ürək çatışmazlığı, infarkt və insult daxildir.

Süd məhsullarında, tünd yaşıl yarpaqlı tərəvəzlərdə və bəzi balıqlarda bol miqdarda olan kalsiumun mənimsənilməsinin açarı bədənin bioloji saatı ola bilər.

Dietoloq Melani Mörfi Riçterin sözlərinə görə, kalsiumun udulması günün ilk yarısında bir qədər yüksək olur. Çünki kalsium mübadiləsi üçün zəruri olan paratiroid hormonu kimi bəzi hormonlar gündüzlər daha yüksək səviyyədədir.

“Mayo Clinic” 19-70 yaş arasında olan kişilərin və 19-50 yaş arasındakı qadınların gündə 1000 milliqram kalsium, 71 yaşdan yuxarı kişilərin və 51 yaşdan yuxarı qadınların isə 1200 milliqram kalsium qəbul etməsini tövsiyə edir.

Kalsium üçün tövsiyə olunan yuxarı hədd 19-50 yaş arasındakılar üçün gündə 2500 milliqram, daha yaşlılar üçün isə 2000 milliqramdır.

San Fransisko Sağlamlıq Universitetinin məlumatına görə, bir stəkan süddə təxminən 300 milliqram, bir kasa bişmiş ispanaqda 240 milliqram və 85 qram sardinada 370 milliqram kalsium var.

Alimlər qida rasionuna çərəzləri, toxumları, süd məhsullarını daxil edən və balanslı qidalanan insanların əksər hallarda kalsium əlavələrinə ehtiyac duymadıqlarını bildirirlər.


Aysel