İnsanlarımızın yarıdan çoxuna psixiatr müayinəsi lazımdır – 90 yaşlı Professor - VİDEO

  • 2026.03.04 16:20
  • 93 Baxış
İnsanlarımızın yarıdan çoxuna psixiatr müayinəsi lazımdır –  90 yaşlı Professor - VİDEO

“Son illərdə nevrozlar, depressiyalar və intihar halları artıb. Bunun əsas səbəblərindən biri yaşadığımız sosial sistemin dəyişməsidir”.

“Azərbaycanda psixi pozuntuların böyük hissəsinə ilk olaraq nevroloqlar müdaxilə edir. Halbuki psixi xəstəliyi psixiatr müalicə etməlidir”.

“Psixiatriyadan qorxu və damğalanma sindromu insanları müalicədən uzaqlaşdırır”.

“Depressiyalı xəstələri bu gün 98 faiz halda sağaltmaq mümkündür”.

“Sağlam həyat tərzi seçməyən insan gec-tez xəstələnir - bunun başqa yolu yoxdur”.


Medicina.az xəbər verir ki, "BakuPost"-un müsahibi professor, 10 il Azərbaycanın baş psixiatri vəzifəsində çalışmış, Azərbaycan Psixiatriya Assosiasiyasının Prezidenti, 200-dən artıq elmi nəşrin müəllifi, 90 yaşlı əməkdar həkim Nadir İsmayılovdur.

Bu söhbətdə Nadir müəllimlə ölkədə psixoloji və psixiatrik vəziyyətin ümumi mənzərəsini, son illər artan nevroz və depressiyaların səbəblərini, psixiatriya xidmətinə münasibətdə “damğalanma” qorxusunu, autizm və asılılıqlar kimi həssas mövzuları, həmçinin şəxsi təcrübəsi və patentləşdirdiyi müalicə metodları barədə fikirlərini müzakirə edəcəyik.



- Nadir müəllim, Siz ölkənin baş psixiatri olmusunuz. Deməli, təkcə pasiyentlərin yox, ümumən ölkədə insanların psixoloji durumuna dair də kifayət qədər məlumatınız var. Ölkədə psixiatrik vəziyyət nə yerdədir?


- Bir var psixoloji vəziyyət, bir də var psixiatrik vəziyyət. Yəni sağlamlıq psixologiyasını ifadə edən əlamətlər var, bir də xəstəliyi göstərən əlamətlər. Hər ikisinin cavabı ayrı ola bilər. Amma bir-biri ilə də bağlıdır, bir-birinə təsir edən göstəricilərdir.

Müasir psixologiyanı yaşadığımız quruluşla əlaqələndirmək lazımdır. Biz uzun illər sosializm mühitində yaşamışıq, indi bazar iqtisadiyyatında - başqa sözlə, kapitalizm mühitində yaşayırıq. Amma klassik kapitalizmə tam keçməmişik, bir növ “vəhşi kapitalizm” yaşayırıq. Bu proses uzun illər getməlidir ki, biz kapitalizm qanunları ilə yaşaya bilək. Bu isə insanların psixologiyasına birbaşa təsir edir.

Hər kəs çalışır ki, çox pul qazansın. Çox pul qazanmaq üçün bəzən yanlış yollar seçilir. Bu qidaya da aiddir, insanlarla münasibətə də, dərs prosesinə də, müalicəyə də, dərmanlara da - hər şeyə aiddir. Bu gün yaşadığımız sistemin təsiri hər sahədə görünür və bir sıra hallarda psixi pozuntulara gətirib çıxarır.

Son illərdə nevrozlar, depressiyalar, intihar halları artıb. Niyə? Çünki quruluş dəyişib - bununla əlaqədardır.

Bu sahədə mütəxəssis azdır - psixiatra müraciət niyə gecikir?

- "Əsas problemlərdən biri bu sahədə mütəxəssisin az olmasıdır" deyə bilərikmi? Psixiatriya sanki “bəxti gətirməyən” sahədir. Sovet dövründən bəri ora getmək istəyən az olub: gəliri az sayılıb, üstəlik insanlar “dəlilərlə işləmək” istəməyib. İndi isə psixoloji problemlərin artdığı bir dövrdə bu boşluğu necə doldurmaq olar?

- Psixiatrlara müraciət edənlərin sayı az deyil. Xəstələr çoxalıb, problemi olan adamlar çoxdur. Sadəcə, çoxları əvvəl nevroloqun, kardioloqun və s. yanına gedir. Sonra yavaş-yavaş gəlib bizi tapırlar.

- Belə çıxır ki, sizə gəlib çatan xəstələrin böyük hissəsi artıq bir neçə həkimdən keçmiş, problemin ağırlaşdığı mərhələdə olur

- Əksər xəstələr bizə gələndə görürük ki, üç-dörd həkimdən keçib, külli miqdarda dərman qəbul edib. Bu, doğrudan da var. Biz də başlayırıq öz müalicəmizi tətbiq etməyə.

Təbabətdə bir neçə “qanun” var. Onlardan biri budur: xəstə bir həkimə gedir, müalicə olmur, həkimi dəyişirsə, müalicə imkanı 10% azalır. İki-üç həkimdən keçib dördüncü həkimə gələndə isə 30% müalicə imkanını itirmiş olur. Çünki xəstədə psixoloji olaraq mənfi təsirlər yaranır.

- Burada həkimlərin də rolu var. Azərbaycanda maraqlı bir vəziyyət var: psixi pozuntuların böyük hissəsinə ilk olaraq nevroloqlar müdaxilə edir və dərman yazırlar. Sizcə, bu, sistemin özündə olan bir problemdir, yoxsa sadəcə vərdişə çevrilmiş bir yanaşma?

- Nevroloq psixi pozğunluğu olan xəstəni müəyyən qədər müalicə edə bilər. Amma qanunla psixi xəstəni psixiatr, nevroloji xəstəliyi isə nevroloq müalicə etməlidir. Hər sahənin öz mütəxəssisi var. Harada mükəmməllik yüksəkdirsə, xəstə də həmin sahəyə getməlidir.

Epilepsiya, autizm, nevroz: sərhəd haradadır?


- Burada yalnız “ağlını itirmiş” insanlardan danışmırıq. Məsələn, daun sindromu, epilepsiyanın ağır formaları… Bu xəstələr psixiatriya mərkəzindəmi olmalıdır?

- Epilepsiya nevroloqlarla bizim şərikli xəstəliyimizdir. Əgər psixi pozuntu varsa, bu bizə aiddir. Psixi pozuntusu olmayan epileptiklər nevroloqa getməlidir. Nevrozlar, davranış pozuntuları, depressiyalar isə bilavasitə psixiatra aiddir.

- Bəs autizm?

- Autizm də geniş yayılmış pozuntulardan biridir. Onunla illərlə məşğul olmaq lazımdır. Tək dərmanla yox, digər vasitələr də olmalıdır ki, uşağın psixikası açılsın, inkişaf etsin, normal həyata qovuşsun.


- Autizm və daun sindromlu uşaqlarla bağlı başqa bir problem də var. Bu sahədə dövlət müəssisələri çox azdır, mövcud mərkəzlərin əksəriyyəti isə özəldir və bəzən valideynlərin təşəbbüsü ilə yaradılır. Sizcə, bu sahədə dövlət nəzarətində daha sistemli mərkəzlərə ehtiyac varmı?

- Müəyyən mərkəzlər var, orada psixoloqlar da çalışır, psixiatrlar da. Amma doğrudur ki, onlar əsasən özəl müəssisələrdir.

Asılılıq: oyun, narkotik, alkoqol


- Professor, asılılıq yaradan oyunlar, narkomaniya, alkoqolizm barədə psixiatriya nə deyir?

- Bakı şəhəri üzrə Narkologiya mərkəzi var, respublika üzrə də böyük mərkəzdir, stasionar şöbəsi də var. Lazım olan sayda həkim işləyir. Müraciət etməlidirlər. Lazım olsa stasionar, lazım olsa ambulator müalicə aparılır.

Damğalanma sindromu” və psixiatriya qorxusu

- Etiraf etmək lazımdır ki, psixiatriya hələ də cəmiyyətdə müəyyən qorxu və stereotiplərlə qarşılanır. Bir çox insanlar “psixiatriya xəstəxanasına getsəm, daha pis olar” düşüncəsi ilə müraciəti gecikdirir. Bu qorxunun səbəbi nədir?

- Bunun elmi adı “stiqma”dır — damğalanma sindromu. Bəzən bizim xəstəxanaları “dəlixana” adlandırırlar. Valideynlər uşağını, yaxınını ora qoymaq istəmir. Amma vacibdirsə, mütləq müraciət etməlidir. Çünki çox xəstələr gözümüzün qabağında sağalır.

- Neçə faiz sağalır?

- Depressiyalı xəstələri biz bu gün 98% halda sağalda bilirik. İstənilən ağır depressiyalı xəstə mənim yanımda 10–15 gün ərzində depressiyadan çıxır.

- Bu stasionar müalicədirmi, yoxsa Siz şəxsi qəbul edib müalicə yazmaqla bu nəticəni əldə edirsiniz?

- Bu mənim üsulumdur. Onun patentini almışam, ixtira kimi qəbul olunub. Burada dərman da var, məsləhət də, psixoloji təsir də. Əsas dərmanlardır, amma təsir kompleksdir.

Xəstələri “ağırlığına görə” bölmək mümkündür

- Xəstələrin sayı artdıqca psixiatriya sisteminin də yenilənməsi zərurəti yaranır. Sizcə, həm idarəetmədə, həm də cəmiyyətin bu sahəyə baxışında hansı dəyişikliklər edilməlidir?

- Xəstələri ağırlığına görə üç dərəcəyə bölmək olar: yüngül, orta, ağır. Ağır xəstələrin çoxu 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına göndərilir (Maştağadakı xəstəxana). Orta dərəcəlilər üçün 2 nömrəli xəstəxana var. Lap yüngül xəstələr üçün Sabunçu xəstəxanasının tərkibində psixosomatika şöbəsi, psixi sağlamlıq mərkəzi var — ambulator müraciətlər qəbul olunur, lazım olsa stasionara yönləndirilir.

- Bunu kim müəyyənləşdirir? Kim qərar verir ki, xəstə Maştağaya getməlidir, yoxsa Sabunçuya?

- Təəssüf ki, çox vaxt ilk olaraq valideynlər və yaxınlar çaş-baş qalır. İlkin, yüngül hallarda poliklinikalardakı psixiatriya kabinetlərinə, psixi sağlamlıq mərkəzinə müraciət etməlidirlər. Həkim müəyyən edir: stasionar lazımdır, yoxsa yox.

İnsan necə xəstələnir? Genetika və immunitet

- Ümumən insanlar necə xəstələnir?

- Xəstəliyin necə yaranması təbabətin ən çətin problemlərindən biridir. Bir neçə amil var. Burada genetikanın böyük rolu var — irsiyyət. İkinci yerdə immunitetdir, orqanizmin müqavimət qabiliyyəti. İnsan o vaxt xəstələnir ki, müqavimət aşağı düşür, orqanizm öz gücünü göstərə bilmir.

Ona görə müalicə sistemində orqanizmin immun qabiliyyətinin yüksəlməsinə birinci dərəcədə fikir verməliyik. Bəzi dərmanlar immuniteti qaldırmır, əksinə aşağı salır, toksik vəziyyət yaradır. Ruhi xəstəliklərdə intoksikasiya olur, orqanizm zəhərlənir — onu azaltmaq lazımdır.

Psixiatriyada bu günə qədər tətbiq olunmuş, sonralar unudulmuş 18 müalicə metodu var. Gəlin görək hər həkim onların heç olmasa 3–5-indən istifadə edirmi? Çox vaxt yox.

Preventivlik və uzunömürlülük sirri


- İstənilən adam ruhi xəstəliyə tutula bilər, yoxsa önləmək mümkündür?

- Əvvəlcədən kimin necə olacağı bilinmir.

- Siz 90 yaşa yaxınlaşırsınız, hələ də praktik təbabətlə məşğulsunuz, dərs deyirsiniz, assosiasiya idarə edirsiniz. Üstəlik, ağır xəstələr və depressiv mühitlə üz-üzəsiniz. Özünüzü necə qoruyursunuz?

- Sağlam həyat tərzi seçmək lazımdır. Sağlam həyat seçməyən adam uzun yaşaya bilmir, mütləq xəstələnir. Mən çox vaxt deyirəm: çəkin çoxdursa, köksənsə və ya siqaret çəkirsənsə, sağlam ola bilməzsən. Nə kök adam, nə də siqaret çəkən adam tam mənasıyla sağlam ola bilməz.

Birinci yerdə siqaret çəkməmək, narkotikdən istifadə etməmək, bədən çəkisinin normadan artıq olmasına imkan verməmək dayanır. Bunu bacarsan, orqanizmin sağlamlığının 80%-ini təmin edirsən. Sonra açıq havada piyada gəzmək, hər gün idman etmək, qidaya diqqət etmək, hər qidanı qəbul etməmək.

İçki içirsənsə də çox az dozada. Mənim dozam 60 qramdır: 60 qram araq, 60 qram konyak, 60 qram viski, bəzən çaxır. Bundan artıq içə bilmirəm. Deyirlər “bu içki deyil”. Amma əsl içki elə odur.

- Bu, psixikaya da təsir edir?

- Bəli, əlbəttə. Stresdən özünü qorumaq lazımdır.

- Bəzən stressə qarşı siqaret, içki, narkotikdən istifadə edirlər…

- Bu səhv yoldur. Başqa üsullar var.

Autogen məşq: öz-özünə təlqin

- Təbabətdə “autogen məşq” deyilən metod var: öz-özünə hipnoz, emosional təlqin vasitəsilə yüngül xəstəliklərdən azad olmaq. Xaricdə 30–40% insan bunu bilir, istifadə edir. Bizdə isə çox az adam tanıyır.

Alman alimi Şuls deyib ki, bu metodu öyrənmək üçün təqribən üç ay, gündə üç dəfə məşq lazımdır. Biz isə bunu asanlaşdırıb 21 gün ərzində (4 həftəyə yaxın) müəllim və həkim iştirakı ilə öyrətmə üsulunu tətbiq etmişik. Həftədə bir dəfə qrup məşğələsi olur, hamı müəllimin dediyini yerinə yetirsə, 100% öyrənir. Bu da patentlərimdən biridir.

Hansı əlamətlərdə psixiatra getmək lazımdır?

- İnsanlar hansı əlamətləri hiss edəndə psixiatra müraciət etməlidir? Məsələn, öz-özünə danışmaq psixi problemdirmi? “Psixika” nələri əhatə edir?

- Duyğu-hissiyyat, qavrama, yaddaş, emosiya, təfəkkür, düşüncə, şüur - bunların hamısı psixiatriyanın əhatə etdiyi sahələrdir. Bu sahələrdə pozuntu varsa, müraciət etmək lazımdır.

Yaddaş pozuntusu da bizə aid problemdir.

Küçədə öz-özünə danışanlar - bəzən şizofreniya xəstələridir. Şizofreniyanın 21-ə qədər forması var. Əsl şizofrenikləri müalicə edirsən, remissiya yaradırsan (müvəqqəti sağalma) - həmin dövrdə öz-özünə danışa bilər. Bu “qüsur əlaməti” sayılır: xəstəlik sanki keçib, amma izləri qalıb.

- Panik atak, təşviş, nevroz?


- Bunların hamısı nevrotik pozuntulara aiddir. Nevrozlar 100% psixiatriyaya aid xəstəliklərdir. Nevroloqların burada rolu yoxdur. Nevrosteniya, isteriya, sarışan ideyalar - hamısı bizə aiddir: təşviş pozuntuları, emosional pozuntular, panik atak.

- Adam adi bir xəbərə görə təşvişə düşürsə, bu da bir siqnaldır?

- Belə adamlar vaxt itirmədən həkimə müraciət etsə yaxşıdır. Bu halda dərmansız müalicə — psixoterapiya kömək edir. Psixoterapiyanın 50-yə qədər üsulu var. Hipnoz ən təsirli formalarındandır. Elə xəstələr olur ki, 2–3 hipnoz seansından sonra tam sağalır. Bu əsasən nevrotik pozuntulara və yüngül depressiyalara aiddir. Şizofreniyada və ağır depressiyada psixoterapiya təkbaşına kömək etməz.

Dahi və dəli” mövzusu

- “Dahi və dəli” deyirlər. Bəzən dəlilər özlərini dahi hesab edir, bəzi dahilər də sanki “zərrə dəli” olur. Bunlar arasında əlaqə varmı?

- Elə bir dahi adam yoxdur ki, onda müəyyən psixoloji pozuntu olmasın. Dahilik norma çərçivəsindən kənara çıxmaqdır. Şizofreniyaya bəzən “dahilərin xəstəliyi” deyirlər. Nə qədər dahi insanlar ruhi xəstə olublar: Qoqol, Van Qoq, Salvador Dali və s. “Ağılsız” adamlar isə daha çox başqa xəstəliklərə tutulur — əqli gerilik və s. Şizofreniyaya tutulanların çoxu intellekti zəngin adamlardır.

- Azərbaycanda da belə istedadlı, amma ruhi xəstəlikdən əziyyət çəkən pasiyentləriniz olub?

- Var. Amma konfidensiallıq qorunmalıdır.

Kreslo xəstəliyi”: vəzifədən gedəndən sonrakı davranışlar

- Ölkədə “kreslo xəstəliyi”, “vəzifə xəstəliyi” də var. Uzun müddət vəzifədə olan şəxs vəzifədən azad olunandan sonra davranışında dəyişikliklər baş verir: birdən-birə dindar olur, şeir yazmağa başlayır, özünə tamam yad sahə seçir və s. Bunun psixiatriyada adı varmı?

- Bunu daha çox şəxsiyyət pozuntuları, davranış pozuntuları kimi qiymətləndirə bilərik. Amma yaşla da bağlıdır. Yaşlı və cavan adamın psixologiyası fərqli olur. Yaşlılıqla əlaqəli xəstəliklər var: Altsheymer, beyin damarlarının sklerozu. Şizofreniya isə daha çox gənclərin xəstəliyidir: əsasən 17-25 yaş arasında başlayır, xəstələrin 90%-ində bu yaş aralığında müşahidə olunur.

İşdən çıxandan sonra ciddi stres olur. İşi tərk etmək - özü də iş qabiliyyəti ola-ola - böyük stresdir. Ona görə yaxşıdır ki, iş qabiliyyətin varsa, işləyəsən.

Kimlər daha çox müraciət edir?

- Depressiya və nevroz daha çox hansı sahədə işləyənlərdə olur?

- Hər sahədə var: müəllimlərdə də, həkimlərdə də, mühəndislərdə də, savadlıda da, savadsızda da. Evdar qadınlarda da var. Xəstəlik peşəyə baxmır - diaqnoza və yaşa baxır.


- Süni intellekt, sosial şəbəkələr, oyunlar uşaqlarda depressiya yaradır deyirlər. Siz necə baxırsınız?

- Süni intellekt böyük yenilikdir. Amma mənfi təsirləri də ola bilər. Mən eşitmişəm ki, bəziləri süni intellektə (ChatGPT-yə) xəstəlik əlamətlərini yazır, “mənə müalicə təyin et” deyir. O da guya müalicə yazır, həkim kənarda qalır. Bu düzgün deyil. Həkim söhbətdə çox şeyi nəzərə alır - bunu sistem nəzərə ala bilməz.

Mənim maraqlandığım yeni üsullardan biri qısa müddətli psixoterapiyadır: 2–3 dəqiqə ərzində xəstəyə psixoloji təsir göstərirsən, effekt verir. Mən bu barədə məqalə yazmışam, konfransda da çıxış edəcəyəm.

Mən xəstə ilə söhbət edirəm, müəyyənləşdirirəm ki, ona qısa müddətli psixoterapiya lazımdır. Nevrotik pozuntu var. Onu kresloda oturduram, müəyyən testlər aparıram. Sonra ayağa qaldırıram, bəzi hərəkətlər etdirirəm, barmaqlarını birləşdirirəm və təlqinlə barmaqlarını aça bilmir - hipnozla bağlanmış olur. Sonra əlimi onun başına qoyub deyirəm: “De ki, mən həkimin müalicəsini qəbul edib tezliklə sağalacağam.” İki dəfə deyir. Sonra təlqinlə əllərini açdırıram. Xəstədə böyük inam yaranır. Tədqiqatımda bu üsulla 86% insan müalicə olur - 1-2 görüşlə. Əsas təsir dərmansız olur, amma bəzən yüngül dərman da verilir - yuxunu, emosiyanı tənzimləmək üçün.

Travma, stres və “çırtma” məsələsi

- Bu gün bir hadisə baş verir, onu keçmiş travmaya bağlayırlar. Bu nə dərəcədə realdır? Məsələn, şizofreniya meyli varsa, onu üzə çıxarmaq üçün travma lazımdır?

- Əgər adamda xəstəliyə meyl varsa, onun təzahürü üçün bir travma, bir “çırtma” lazım ola bilər. Qorxu da ola bilər, stres də. Amma hər qorxan adam xəstələnmir. Xəstəlik insanın canında olmalıdır.

Əgər uşaq sağlamdırsa, onun üstünə qışqırmaq da olar, acıqlanmaq da, cəzalandırmaq da. Amma meyl varsa, bu, xəstəliyin meydana çıxmasına səbəb ola bilər.

Sosial şəbəkədə söyüş və aqressiya: psixologiya, yoxsa tərbiyə?


- Bu gün sosial şəbəkələrdə aqressiya, təhqir və söyüş dili ciddi müzakirə olunur. Bu, daha çox psixoloji problemlərlə bağlıdır, yoxsa tərbiyə məsələsidir?

- O da psixologiyaya aiddir. Tərbiyəsi yerində deyilsə, o cür üsullardan istifadə edir. Tərbiyəsi olan adam sosial şəbəkədə nə söyüş söyər, nə də başqasına şər atar. Bu onu göstərir ki, xasiyyət pozuntusu olan, müasir şəraitdə tam sağlam olmayan adamlar çoxdur.

- Onları məcburi müalicəyə cəlb etmək lazımdır?

- Yox. Bizə müraciət edirlərsə, məsləhət veririk.

Pul qazanmaq ehtirası psixoloji problemdirmi?

- Çox pul qazanmaq istəyi, başqasına problem yaratmaqla öz “mərtəbəni" qaldırmaq - bu psixoloji problemdir?

- Yaşadığımız mühit pul qazanmağa yönəlib. Hamı istəyir qazancı çox olsun. Pulu olan adam arzularını həyata keçirə bilir. Ona görə pul qazanmaq istəyini təbii saymaq olar. Bacarığı varsa, ixtisası imkan verirsə, qoy qazansın.

- Amma çox vaxt hər şeyi olan adam da xoşbəxt olmur, təşviş içində olur…

- O zaman onun psixoloq və ya psixiatr məsləhətinə ehtiyacı var. Belə adamlarla söhbət edib uğurlu məsləhətlər vermək lazımdır.

Professorun patentləri

- Yuxarıda dediniz ki, tətbiq etdiyiniz müalicə üsulunu patentləşdirmisiniz. Bildiyimə görə, patent aldığınız üsullar çoxdur.

- Mənim dörd patentim var:
1. Bəbək ətrafı həlqə sindromu ilə depressiyaya diaqnoz qoymaq - xəstədən bir kəlmə soruşmadan, yalnız gözə lupa ilə baxaraq depressiyanı təyin etmək.
2. Autogen məşqin 21 günə öyrədilməsi (3 ay yox, 21 gün).
3. Autoanalitik psixoterapiya - insanın öz-özünə psixoloji təsiri.
4. Depressiyaların müalicəsi - mənim üsulumla depressiya 98% halda 10-15 günə müalicə olunur. Sonra profilaktik müalicə davam edir.

- Professor, bu illər ərzində həm oxuduqlarınız, həm də pasiyentlərinizlə bağlı böyük təcrübənizdən çıxış edərək insanlara nə tövsiyə edərsiniz? Necə yaşasınlar, özlərini xəstəliklərdən necə qorusunlar?

Düzgün yaşasınlar. Düzgün yaşamağın birinci forması düzgün adam olmaqdır. Düzgün adamları Allah daha çox yaşadır, az xəstələndirir. Düzgün deyilsənsə, həmişə fəlakətlə rastlaşacaqsan.

İkincisi, normal həyat tərzi seçmək lazımdır: siqaret çəkməmək, içki içməmək, çəkini artırmamaq, piyada hərəkət, idman, stresdən uzaq olmaq. Bunları edə bilirsənsə, həm ömrün artacaq, həm də sağlam olacaqsan. Edə bilmirsənsə, xəstələnəcəksən. Cavanların çoxu siqaret çəkir - o necə sağlam ola bilər?

- Qidanın da psixologiyaya təsiri var?

- Bəli, var.

- Doktor, maraqlı söhbət üçün təşəkkür edirəm.

- Çox sağ olun.

Elçin Zahiroğlu