Kimlər icbari tibbi sığortaya nə qədər pul ödəyəcək? - Dövlət və özəl sektorda çalışanlar üçün

  • 04 Yan 2020 15:57
  • 2772 Baxış
Kimlər icbari tibbi sığortaya nə qədər pul ödəyəcək? -  Dövlət və özəl sektorda çalışanlar üçün

Dövlət və neft sektorunda işləyən 500 manat əməkhaqqı alırsa, icbari tibbi sığortaya görə 20 manat ödəniləcək


Medicina.az xəbər verir ki, bu ildən 4 mərhələdə müxtəlif rayonlar üzrə fərqli müddətlərdə tətbiq olunacaq icbari tibbi sığortaya görə ödənişlər də 4 kateqoriyaya bölünür:



1) Dövlət və neft sektorunda işləyənlər icbari tibbi sığortaya görə hesablanmış aylıq əməkhaqqı məbləğinin 4 faizi məbləğində ödəniş edəcəklər.

Lakin bu ödəniş işçi və işəgötürən arasında bərabər paylanacaq. Belə ki, işçilər və işəgötürənlər müvafiq olaraq ayrı-ayrılıqda hesablanmış aylıq əməkhaqqı məbləğinin 2 faizi məbləğində ödəniş edəcəklər. Məsələn, dövlət və neft sektorunda işləyən 500 manat əməkhaqqı alırsa, icbari tibbi sığortaya görə 20 manat ödəniləcək ki, onun da 10 manatı işçinin maaşından, 10 manatı isə işəgötürənin hesabından çıxılacaq.



2) Qeyri-dövlət və qeyri-neft sektorunda işləyənlər isə icbari tibbi sığortaya görə hesablanmış aylıq əməkhaqqı məbləğinin 2 faizi məbləğində ödəniş edəcəklər.

Lakin bu ödəniş də işçi və işəgötürən arasında bərabər paylanacaq. Belə ki, onların hər biri hesablanmış aylıq əməkhaqqı məbləğinin 1 faizini tibbi sığorta fonduna ödəyəcək. Məsələn, qeyri-dövlət və qeyri-neft sektorunda işləyən 500 manat əmək haqqı alırsa, icbari tibbi sığortaya görə 10 manat ödəniləcək ki, onun da 5 manatı işçinin maaşından, 5 manatı isə işəgötürənin hesabından çıxılacaq.



3) Sahibkarlıq faəliyyəti ilə məşğul olan fiziki şəxslərə gəlincə, onların mövcud qanunvericiliyə əsasən icbari tibbi sığorta ayırmalarının məbləği minimum aylıq əməkhaqqının 4 faizini təşkil edir.

Hazırda ölkədə minimum aylıq əməkhaqqı 250 manat olduğuna görə müvafiq olaraq icbari tibbi sığorta ayırmalarının aylıq məbləği 10 manat təşkil edəcək.



4) Mülki hüquqi müqavilələr əsasında işlər (xidmətlər) yerinə yetirən şəxslərin tibbi sığorta fonduna aylıq ödənişi onların imzaladığı mülki hüquqi müqavilələr əsasında gördüyü işlər (xidmətlər) dövriyyəsinin 2 faizinə bərabər olacaq.

Belə ki, müqavilə dəyəri 1000 manat olduğu halda aylıq ödəniş 20 manat, 1500 manat olduğu halda aylıq ödəniş 30 manat olacaq.