Melatonin əlavələri hansı hallarda təhlükəli ola bilər? - Osman Müftüoğlu açıqladı

  • 2024.03.18 11:51
  • 335 Baxış
Melatonin əlavələri hansı hallarda təhlükəli ola bilər? -  Osman Müftüoğlu açıqladı
Prof. Dr. Osman Müftüoğlu son illərdə sürətlə populyarlaşan melatonin əlavələri ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.

Medicina.az xəbər verir ki, O.Müftüoğlu əlavələrdəki melatonin miqdarının kifayət qədər az olduğunu bildirib.

“Udulmuş melatonin həbləri çox vaxt parçalanmadan və bağırsaqlarda sovrulmadan birbaşa kanalizasiyaya gedir. Bu hormon əlavəsindən faydalana bilmək və əks təsirlər ilə üzləşməmək üçün bəzi nüanslara diqqət etmək lazımdır”, - deyə professor qeyd edib.

O, melatonin əlavələrindən istifadə etməzdən əvvəl nəzərə alınmalı bəzi məqamlar olduğunu diqqətə çatdırıb:

“Xüsusilə bəzi dərmanlarla və ya qida əlavələri ilə melatonin birləşdirildikdə sağlamlığa mənfi təsir göstərir. Buraya ilk sırada “panax jenşen”, “ginkgo biloba” və sarımsaq ekstraktı kimi qanı durulaşdıran maddələr daxildir. Bu cür əlavələrdən və ya reseptlə satılan qan durulaşdıran dərmanlardan istifadə edərkən melatonin qəbul etməmək məsləhətdir.

Antidepresantlardan və ya qan şəkərini balanslaşdıran dərmanlardan hər hansı biri də melatonin istifadəsi zamanı əks təsirlərə səbəb ola bilər”.

Osman Müftüoğlu melatonin əlavələrinin yüksək dozada qəbul edilməməli olduğunu xatırladıb.

“Bu, baş ağrısı, başgicəllənmə, ürəkbulanma, gecə tərləməsi, qarabasma kimi hallara səbəb ola bilir. Nəzərinizə çatdırım ki, melatonin lazımı dozadan çox qəbul edildikdə gözləntilərin əksinə olaraq yuxusuzluğa səbəb olur. Yuxu üçün 1-2 mq melatonin kifayətdir. Həblər yatmazdan 1-2 saat əvvəl, dilaltı tabletlər və ya damcılar isə yatmazdan 10-30 dəqiqə əvvəl qəbul edilməlidir”, - deyə O.Müftüoğlu qeyd edib.

Professor melatonin əlavələrinin yuxu problemləri olan, yuxusuzluqdan əziyyət çəkən insanlar üçün çıxış yolu olduğunu etiraf edib. Lakin buna baxmayaraq, onu istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməyin çox vacib olduğunu vurğulayıb.


Aysel