Qarabağ universitetinin Tibb və sağlamlıq elmləri və İncəsənət fakültəsinin müəllimi, dosent, tibb üzrə fəlsəfə doktoru Ramil Həşimlinin həmmüəllifi olduğu obstuktiv yuxu apnoe sindromuna aid 2 elmi məqaləsi Q1 kvartilli beynəlxalq elmi dərgidə çap olunub.
“Medicina” xəbər verir ki, alimin həmmüəllifi olduğu “Hematological Biomarkers of the Obstructive Sleep Apnea Syndrome” adlı məqaləsi “Clinical Medicine” jurnalında yayımlanıb. Araşdırmada OSAS olan xəstələrdə iltihabi biomarkerlərin diaqnostik və proqnostik rolu qiymətləndirilib, xəstəliyin ağırlıq dərəcəsini müəyyənləşdirən və müalicə sonrası dəyişiklikləri izləməyə imkan verən maşın öyrənməsi modeli hazırlanıb.
R.Həşimlinin həmmüəllifi olduğu “The role of single-sited combined nasal and uvulopalatopharyngoplasty surgery in obstructive sleep apnea syndrome” adlı digər elmi məqaləsi “European Archives of Oto-Rhino-Laryngology” jurnalında dərc edilib. Tədqiqatda OSAS və burun tıxanıqlığı olan xəstələrdə kombinə olunmuş cərrahi yanaşmanın klinik effektivliyi elmi əsaslarla təhlil olunub.
Qeyd edək ki, Qarabağ Universiteti əməkdaşlarının elmi məqalələrinin nüfuzlu beynəlxalq jurnallarda dərc olunması universitetin rəqabətqabiliyyətli ali təhsil və tədqiqat mərkəzi kimi beynəlxalq nüfuzunun artmasına töhfə verir.
Aygün Musayeva