Şotlandiyanın Edinburq Universiteti tərəfindən aparılan yeni bir araşdırma, 50 yaş və yuxarı yetkinlərin böyük bir hissəsinin gecə altı-səkkiz saat yatmasına baxmayaraq keyfiyyətli yuxu ala bilmədiyini və buna görə də gün ərzində yorğunluq hiss etdiyini ortaya qoydu.
Medicina.az xəbər verir ki, Scientific Reports jurnalında dərc olunan araşdırmaya görə, tədqiqatda iştirak edənlərin təxminən 90 faizi gecə boyunca tez-tez oyanıb, təxminən 70 faizi isə yuxusuzluq və ya yuxu apnesi kimi klinik cəhətdən əhəmiyyətli yuxu problemləri ilə qarşılaşıb.
Tədqiqatçılar qeyd ediblər ki, bu nisbət əvvəlki təxminlərdən xeyli yüksəkdir və bu da xüsusilə 50 yaşdan yuxarı işçilər arasında "gizli yuxu çatışmazlığı epidemiyası"nın baş verə biləcəyini göstərir.
Tədqiqatda 50-66 yaş arası 45 işçi bir il ərzində ağıllı saatlardan istifadə edərək izlənilib. İştirakçıların yuxu rejimləri ölçülüb və sağlamlıq və həyat keyfiyyəti ilə bağlı sorğular da qiymətləndirilib.
Məlumatlar göstərir ki, iştirakçıların əksəriyyəti gecə orta hesabla 6,5-8 saat yatsa da, tez-tez yuxu kəsintiləri istirahət hisslərini əhəmiyyətli dərəcədə azaldır.
Tədqiqatçılar narahatlıq hissinin əsas səbəbinin qısa yuxu müddəti deyil, gecə tez-tez oyanma olduğunu vurğulayıblar. Onlar iş yerindəki stressin evdə yuxu keyfiyyətini pozduğunu və uzunmüddətli perspektivdə işçilərin sağlamlığına mənfi təsir göstərdiyini qeyd ediblər.
Tədqiqatın müəlliflərindən biri olan Dr. Belinda Steffan, menopoz və yaşla bağlı dəyişikliklərin, eləcə də qayğı məsuliyyətlərinin, maliyyə narahatlıqlarının və işlə bağlı stressin də yuxu problemlərini daha da artırdığını bildirib.
Mütəxəssislər xatırladıblar ki, əvvəlki tədqiqatlar yuxu keyfiyyətinin aşağı olmasının demensiya, depressiya və bəzi xərçəng növləri də daxil olmaqla bir çox ciddi sağlamlıq problemləri ilə əlaqəli olduğunu göstərib.
Aygün
Medicina.az