“The Economist”dərgisinin COVİD-lə bağlı sensasion hesablaması - 12 milyon insan ölüb

  • 2021.05.26 19:41
  • 2209 Baxış
“The Economist”dərgisinin  COVİD-lə bağlı sensasion hesablaması   - 12 milyon insan ölüb

Böyük Britaniyanın “The Economist” jurnalı koronavirusdan ölənlərin sayı ilə bağlı öz hesablamasını aparıb.

Jurnal ortaya qoyduğu nəticələri “COVİD-19 infeksiyasından ölənlərin əsl sayı” kimi təqdim edir və rəsmi statistikanın reallığı əks etdirmədiyini vurğulayır. Jurnalın bu mövzuda dərc etdiyi məqalə “Bütün dünya əhalisinin peyvəndlənməsi üçün on milyonlarla səbəb” adlanır.

Biz COVİD-19 infeksiyasından ölənlərin əsl sayı üzrə hesablamaları təqdim edirik. Bu hesablamalar pandemiya həqiqətlərini əks etdirməklə yanaşı, vacib bir mesaj verir. Yoxsul ölkələrə peyvənd verilməyənə qədər indi Hindistanda hökm sürən acınacaqlı vəziyyət dünyanın başqa yerlərində də baş verə bilər. Milyonlarla insanı ölüm təhlükəsi gözləyir.

Biz qeydə alınmış ölüm hallarından demoqrafik statistikaya qədər 121 kateqoriya üzrə mövcud məlumatlardan istifadə etməklə qarşılıqlı əlaqə modeli yaratdıq. Bu model rəqəmlərdəki boşluqları doldurmağa imkan verir. Əldə etdiyimiz nəticələrə görə, COVİD-19 infeksiyası təxminən 7.1-12.7 milyon insanın həyatına son qoyub. Orta hesabla 10 milyon insan məhz bu infeksiyaya görə həyatını itirib. Pandemiyadan dünyasını dəyişənlərin sayı rəsmi rəqəmlərdən ən azı üç dəfə yüksəkdir. Ancaq hər yerdə yoluxma halları, ölənlərin sayı və ölkələr üzrə müqayisə yalnız rəsmi rəqəmlərə əsaslanır.


Amma bizim əldə etdiyimiz nəticələr bunun tam əksini göstərir. Ölənlərin sayına nəzər salanda pandemiyanın varlı ölkələrdən yoxsul ölkələrə və daha çox təcrid olunmuş yerlərə yayıldığını görürük. İnfeksiyanın bu cür geniş miqyas alması gündəlik ölüm dərəcəsinin kəskin şəkildə artması ilə nəticələnib.

Varlı ölkələrdə ölüm dərəcəsi çox yüksək olsa da rəsmi statistikada yer almayan 6.7 milyon ölüm halının böyük hissəsi yoxsul və orta gəlirli ölkələrin payına düşür. Rumıniya və İranda COVİD-19 infeksiyasından ölənlərin sayı rəsmi statistikada göstəriləndən iki dəfə çoxdur. Misirdə isə ölənlərin həqiqi sayı rəsmi göstəricilərdən 13 dəfə çoxdur. ABŞ-da bu fərq 7,1% təşkil edir.

Hər gün koronavirusdan minlərlə adamın dünyasını dəyişdiyi Hindistanda da vəziyyət eynidir. Bizim əldə etdiyimiz məlumatlar göstərir ki, infeksiyadan dünyasını dəyişənlərin sayına görə Peruda vəziyyət Hindistandakından 2,5 dəfə daha pisdir. Xəstəlik Nepal və Pakistanı da öz ağuşuna alıb. İnfeksiyanın yeni variantları sürətlə yayıldığına və yoluxma halları şiddətlə artdığına görə hətta virusun o qədər ölümcül olmadığı yerlərdə də səhiyyə sistemləri iflic olub və meyitxanalar dolub-daşır.

Bütün bunların qarşısını almağın bir yolu var – peyvəndləmə aparmaq. COVİD-19 əleyhinə peyvəndlər əməkdaşlıq və yeni elmi fəaliyyətlərin nümunəsi kimi “Apollo” kosmik proqramına daxil edilib. Pandemiyanın hökm sürdüyü bir il ərzində peyvəndlər sayəsində insanları xəstəlikdən və ölümdən qorumaq mümkün olub. Onlardan yüz milyonlarla insan faydalanıb.

Buna baxmayaraq qısa müddətdə peyvəndlər varlılar və yoxsullar arasındakı fərqi daha da artıracaq. Varlı ölkələrdə COVİD-19 infeksiyası yalnız orqanizmi çox zəif olan, sağlamlıq vəziyyəti yaxşı olmayan insanların, bir də peyvənddən imtina edənlərin həyatına son qoya biləcək. Bunun tam əksinə olaraq, yoxsul ölkələrdə insanların əksəriyyətinin heç bir seçimi olmayacaq. Onların sağlamlığı aylarla, bəlkə də illərlə təhlükə altında qalacaq. /novator.az/