Uşaq Onkoloji şöbəsinə Novruz hədiyyəsi – Uşaqlara dəstək olaq!

  • 2026.03.19 18:35
  • 81 Baxış
 Uşaq Onkoloji şöbəsinə Novruz hədiyyəsi  – Uşaqlara dəstək olaq!



Milli Onkologiya Mərkəzində uşaqlara dəstək aksiyası baş tutub. Belə ki, Milli Onkologiya Mərkəzinin direktoru, professor Cəmil Əliyevin elmi rəhbərliyi ilə aparılmış elmi məqalələr beynəlxalq konfranslarda yer tutmuş və pul mükafatları qazanılmışdır.


Medicina.az xəbər verir ki, Professor Cəmil Əliyevin göstərişi və həkimlərin təşəbbüsü ilə Milli Onkologiya Mərkəzinin İkinci Kimyaterapiya şöbəsinin həkimi, tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkimi Elçin Mansurov pul mükafatının böyük qismini Uşaq onkologiyası şöbəsinə hədiyyə edib.


Şöbə müdiri Reyman İsmayılzadə Uşaq onkologiyası şöbəsinin adından təşəkkür edib və bu dəstəyin uşaqların müalicəsi üçün əvəzsiz töhfə olduğunu qeyd edib.

Şöbə rəhbəri Reyman İsmayılzadə belə təcrübənin digər ölkələrdə olduğunu bildirib:

“Burda yatan uşaqların problem təkcə onların ailələrinin, biz həkimlərin, dövlətin problemi deyil. Uşaq xəstələr elə həssas təbəqədir ki, onların müalicəsi, sevinməsi, problemlərinin həlli bütün dövlət, qeyri-dövlət sektoru, özəl sektorun, hər bir fərdin problemidir. Respublikada bu uşaqlara yüksək səviyyədə diqqət var. Bizi daim Heydər Əliyev adına fond, prezident və vitse prezident, Leyla və Arzu Əliyevalar ziyarət edir, çox böyük dəstək göstərirlər.

Təbii ki, biz istərdik ki, xarici ölkələrdə, məsələn İngiltərədə olduğu kimi uşaq onkologiya şöbəsinə ayrı-ayrı sahibkar, mədəniyyət işçisi, din xadimlərinin sponsorluğu ilə avadanlıq, cihazlar və digər lazımi mayinə-müalicə vasitələrinin hədiyyə olunması tendensiyası yaransın. Bu dünyada ən xeyirxah addımdır. Mən istərdim, Azərbaycanda hər kəs bu şöbənin olduğunu bilsin, bu uşaqları yaddan çıxarmasın və dəstəyini göstərsin”.



Əməkdar həkimi Elçin Mansurov da bu aksiya, təşəbbüsün işıqlandırılmasında məqsədin şəxsi məqsəd və reklam yox, təbliğat xarakteri daşıyır.

“Biz artıq ikinci dəfədir qonorar ianə kimi şöbəyə təqdim edirik. Amma bu dəfə mətbuata açıq edib ictimaiyyələşdirmək qərarına gəldim ki, insanların məlumatı olsun.

Azərbaycanda yüzlərlə xərçəng xəstəsi uşaq var. İmkanlı vətəndaşlarımız nəzərə alsın ki, belə bir mərkəz, şöbə var və bu uşaqlara gücümüz çatandan nəsə yadrım etməliyik. Onları sevindirmək Allaha da xoş gedər, bəndəyə də. Akademik Cəmil Əliyevin göstərişi ilə bundan sonra da qonorar, mükafatlar nə qazansaq, mütləq uşaq şöbəsinə ianə edək.
Həmvətənlərimizi əziz bayramlarda onkoloji şöbədə olan uşaqları sevindirməyə səsləyirəm”.


Aygün Musayeva