20 yaşlı qızı komaya salan həkim danışdı: “Deyə bilmərəm ki, mənlik deyil...”

  • 2017.12.05 12:37
  • 33164 Baxış
20 yaşlı qızı komaya salan həkim danışdı:  “Deyə bilmərəm ki, mənlik deyil...”
"Grand Hospital”ın həkimi, invaziv radioloq İlqar Hüseynov öz səhvi ucbatından 20 yaşlı Ayşən Mirzəyevanın komaya düşməsi barədə xəbərlərə reaksiya verib.


O, Medicina.az-la əlaqə saxlayaraq bildirib ki, hansısa tibbi hadisədə həkim səhvinin olub-olmadığını adi vətəndaş təsbit edə bilməz. Həkim A. Mirzəyevanın beyninə yad materialın getməsində öz səhvinin olduğunu isə nə təkzib edib, nə də təsdiq. 


İlqar Hüseynovun açıqlamasını olduğu kimi təqdim edirik: 


"Həkim səhvi belə bir şeydir ki, adi vətəndaş təsbit edə bilməz və ya başqa qeyri-ixtisas sahibi bu haqda nəisə deyə bilməz. Ona görə həkim səhvi söz birləşməsi olsa da, bunu təsbit etmək onların səlahiyyətində deyil. Ailədən gizlədilmə olmayıb. Qız reanimasiyada olsa belə, ailə övladlarının yanına buraxılıb. Bunlar ciddi məsələlərdir və telefon vasitəsilə bir cümlə ilə ifadə etmək çətin məsələdir. Şablon olaraq deməyim ki, hadisənin baş verməsi mənlik deyil, indi bu haqda heç nə deyə bilmərəm. Adi diş çıxarılması zamanı da ağrıkəsicinin təsiri altında insan komaya düşə bilər. Hazırda müalicəsi davam etdirilir. Sağala bilər”.

Xatırladaq ki, Ayşən Mirzəyeva noyabr ayının 30-da "Grand Hospital"da damarın hemangioması diaqnozu ilə əməliyyata alınıb. Əməliyyatı invaziv radioloq İlqar Hüseynov aparıb. Proses zamanı damarın bağlanılması üçün istifadə olunan material Ayşən Mirzəyevanın beyninə gedib və qız komaya düşüb. Onun atası Əlimusa Mirzəyev iddia edir ki, qızının komaya düşməsi onlardan gizlədilib.