19 illik övlad həsrətinə son qoyuldu - RİSKLİ HAMİLƏLİYİN GÖZƏL NƏTİCƏSİ

  • 10 İyul, 2019
  • 15684 Baxış
19 illik övlad həsrətinə son qoyuldu - RİSKLİ HAMİLƏLİYİN GÖZƏL NƏTİCƏSİ
 
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında daha bir riskli hamiləlik uğurla nəticələnib. ATU-nun həkimlərinin səyləri nəticəsində bir ailənin 19 illik övlad həsrətinə son qoyulub.

Bu barədə medicina.az-a universitetin mətbuat xidmətindən məlumat verilib.

ATU-nun I mamalıq-ginekologiya kafedrasının assistenti, həkim-ginekoloq Arzu İsmayılova ailənin ona hamiləliyin 3-cü ayında müraciət etdiyini və bunun qadının 19-cu hamiləliyi olduğunu deyib:
 
"Bundan əvvəlki 18 hamiləlik təxminən 5-6-cı aylarda mənfi sonluqla bitib. Ona görə də vaxtından qabaq düşük doğuş təhlükəsini aradan qaldırmaq üçün hamilə qadında qabaqlayıcı müalicələr aparılıb. Hamiləliyin 22-ci həftəsindən sonra patologiya şöbəsində yerləşdirilən qadın sona qədər izlənilib. Müalicə zamanı ilk növbədə infeksiya amili, şəkərin yuxarı olması və qalxanvari vəz patologiyası nəzərə alınıb. Hamiləliyi erkən sonlandırmaq məcburiyyətində qalsaq da, ailənin ümidlərini doğrultduq. Hamiləliyin 7-ci ayında doğulan körpə neonatologiya şöbəsində ciddi nəzarətdə saxlanıldı”.

 
 
Tədris Cərrahiyyə Klinikasının Neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı bildirib ki, onlara müraciət edən qadının infeksion markerləri yüksək olub, endokrin patologiyalardan, dəfələrlə düşüklərlə nəticələnmiş hamiləlikdən əziyyət çəkib. Həmin ananın bir övladı doğulsa da, sağ qalmayıb:
 
"Mənim üçün vacib idi ki, baş-beyinlə bağlı problem yaşamayaq. Çünki ağ ciyər, mədə-bağırsaq, mübadilə eyni zamanda, qorunmaz immun sistemləri, bu sistemlərlə bağlı çox ciddi problemlərimizin olacağını əvvəlcədən bilirdik. Amma baş-beyinlə bağlı problemin olması bizim işimizi demək olar ki, imkansız hala gətirib çıxarardı. Xoşbəxtlikdən beyinlə bağlı problemimiz olmadı. Belə uşaqlarda qansızmaları çox görürük. Ginekoloqların köməyi ilə bu problemdən də qorunduq”. Ailə onlara bu xoşbəxt anları yaşadan tibbi personala dərin minnətdarlıqlarını bildirib. Körpə ailəsi ilə birgə evə yola salınıb.