Azərbaycanda son 1 ildir, bir çox xəstəliklərdən sağalmaq, ömrü uzatmaq üçün bir vaxtlar məşhur sovet həkimi Neumavikinin metodu kimi tanınan soda içmək yenidən gündəmə gəlib.
Trendi pandemiya dövründən bəzi blogerlər və “instagram həkimləri” yenidən alovlandırdı.
Daha sonra Türkiyədə yaşayan Kifa adlı bloger dərdinə çarə tapılmadığı, hətta Türkiyədə həkimlərin çarə edə bilmədiyi xəstəliyindən çay sodası içməklə xilas olduğunu videomüraciətdə açıqladı. Bu video viral oldu, bir müddət sosial şəbəkələri gəzdi. Hətta insanlara satışda olan Sovet QOST sodasının yox, Kent markasının sodasının daha zərərsiz və effektiv olduğu bildirildi.
Soda tərəfdarı həkimlər də az deyil. Bunlardan biri fitoterapevt Füzuli Hüseynovdur.
Artıq soda için kimi məsləhətlər ciddi televiziya verilişlərində də açıq səslənir.
Tik - tok və instagramda isə blogerlər yalan gerçək guya çay sodası içdiklərini göstərir və bunu təkidlə məsləhət edirlər. Belə məsləhətlərə inanan insanlar, xüsusən ağır xəstələr sodanı sınamağa keçir.
Bəs soda qida borusu, mədə divarı, eləcə də mədə xəstəliklərinə necə təsir edir? İnsan soda içməkdən qida borusu və mədə xərçəngi qazana bilərmi.
Mövzu ilə bağlı medicina.az-a açıqlamasında məşhur qastroenteroloq həkim Davud Qüdrətov sodanın mədəyə təsirindən danışıb.
“Soda hidrokarbonatdır, mədədə turşuluqdan göynəmə, yanma olanda onu söndürür. Amma bu özünü, mədəni, bütün sistemi aldatmaqdır. İlkin mərhələdə turşuğuluğu neytrallaşdırır, amma müalicə deyil, əksinə çox fəsadlar verə bilər.
Mədəyə soya vermək, sanki yağın bitdiyini göstərən sarı işığı yanan avtomobilə yağ tökmək əvəzinə, onun o sarı işıq lampasını çıxarıb atırsan. Mədəsi xəstəsi olan insana çay sodası içmək qəti olmaz. Bu bütün sistemi pozur.
Sodadan 1-2 dəfə, çox qıcqırmada təcili yardım kimi içmək olar. Maaloks, Almagel də eyni təsir edir. Soda içincə, bizim təbbi hidrokarbonatlı mədən suyumuz var- Kəlbəcərin istisuyu. O suyu belə süfrə suyu kimi hər gün içmək olmaz.
Soda simptomatik təcili yardımdır. Onu içməyin orqanizmə heç bir faydası yoxdur, heç bir əsası yoxdur.
Bu gün youtubda, tik-tokda, televiziya efirlərində savadsızcasına fikirlər səsləndirilir. Məni təəccübləndirən odur ki, hətta diplomu olan, məşhur həkimlər də ağızlarına gələni danışırlar. Biri deyir dolma yemək zərərlidir, qatıq yeyəndə mədə turşuluğunu yeyib aparır.
Bu onun göstəricisi odur ki, o həkim insan anatomiyasını bilmir, xəbəri yoxdur, mədənin necə işləməsindən anlayışı yoxdur. 45 ilin həkimi deyəndə ki, qatığı yeyəndə mədənin turşuluğunu aparır, onda digər başqalarından nə gözləyək?”.
Aygün Musayeva
MEDİCİNA.AZ