Yumurtalığın follikulyar kistası- Yaranma səbəbi, müalicəsi

  • 01 Noyabr, 2019
  • 3211 Baxış
Yumurtalığın follikulyar kistası- Yaranma səbəbi, müalicəsi
Yumurtalığın follikulyar kistası – ovarial toxumanın ovulyasiya olunmayan follikuldan formalaşan funksional retension törəməsidir. Əksər hallarda yumurtalıqların follikulyar kistaları klinik olaraq təzahür etmir; bəzən qarnın aşağı hissəsində ağrılar, aybaşının ləngiməsi, sonsuzluq qeydə alınır. Yumurtalığın follikulyar kistalarının diaqnostikasında ginekoloji baxış, dinamik exoqrafiya, laparoskopiyadan istifadə olunur. 
 
Residivləşən və persistə edən kistaların müalicəsi hormonal və iltihabəleyhinə terapiya ilə aparılır. Müalicə effekt vermədikdə və ya ağırlaşmalar yarandıqda cərrahi müalicə tətbiq edilir.

Yumurtalığın follikulyar kistası ovulyasiya olunmayan dominant follikuldan yaranan xoşxassəli ovarial törəmədir. Kistanın ölçülərinin böyüməsi qan damarlarından mayenin transsudasiyası və ya epitel qatın qranulyoz hüceyrələrində onun sekresiyasının davam etməsi ilə əlaqədardır. Yumurtalığın follikulyar kistalarına əsasən reproduktiv yaşda olan qadınlarda rast gəlinir, bəzən xəstəlik menopauza dövründə yarana və ya anadangəlmə ola bilər. Yumurtalığın bütün kistalarının 80%-dən çox hissəsini follikulyar kista təşkil edir.

Yumurtalığın follikulyar kistası girdə formalı, nazik, hamar divarlı, saman- sarı rəngli mövtəviyyatdan ibarət 1 kameralı törəmə olub, diametri 3-8sm arasında dəyişir. Follikulyar kista birtərəfli lokalizasiyaya malikdir. Yumurtalığın follikulyar kistaları maliqnizasiyaya uğramır və əksər qadınlarda menstruasiyanın başlanmasına yaxın və ya 2-3 aybaşı sikli ərzində öz-özünə geriyə inkişaf edir.

Yumurtalığın follikulyar kistasının formalaşma səbəbləri

Yumurtalığın follikulyar kistasının patogenezinin əsasında hiperestrogeniyaya və birfazalı anovulyator aybaşı siklinə gətirib çıxaran endokrin-metabolik dəyişikliklər dayanır. Bu pozğunluqlara fiziki və psixoemosional yüklənmələr səbəb ola bilər. Yumurtalığın follikulyar kistası çox zaman abort, qeyri-spesifik iltihablar (ooforit, adneksit, salpingit), nəzarətsiz kontrasepsiya, kəskin infeksiyalar, CYKİ, sonsuzluq zamanı ovulyasiyanın hiperstimulyasiyası ilə əlaqədar yumurtalıqların disfunksiyası nəticəsində yaranır.

Yenidoğulmuşlarda yumurtalıqların follikulyar kistalarının inkişafınin ananın estrogenlərinin dölə təsiri, eləcə də yenidoğulma dövrünün hormonal krizləri ilə  bağlılığı ehtimal olunur. Yumurtalıqların follikulyar kistaları hormonal balans  bərpa olunduqda  geriyə inkişaf tendensiyasına malikdir. Xəstəliyin təkrari epizodları residivləşən follikulyar kistalara; 2-3 aydan çox davam edən müddətdə reqress izlənilmədikdə persistə edən kistalara aid edilir.
 


Yumurtalığın follikulyar kistasının əlamətləri

Diametri 4-5 sm-dən kiçik olan kistalar adətən heç bir əlamətlə özünü büruzə vermir və təsadüfən aşkarlanır. Yumurtalığın iri ölçülü (8sm-ə qədər və  daha böyük)  follikulyar kistaları qarnın aşağı hissəsində ağrı, qasıq nahiyəsində dartılma və ya ağırlıq hissi ilə müşayiət oluna bilər. Diskomfort və ağrılar aybaşı siklinin ikinci yarısında baş verir, çox zaman cinsi akt, fiziki aktivlik, kəskin hərəkətlər zamanı yaranır və ya güclənir. Bir sıra pasiyentlərdə qeyri-müntəzəm, gur, uzunmüddətli aybaşılar, az miqdarda aybaşıarası ifrazatlar qeydə alınır.

Dayanıqlı anovulyator aybaşı sikli persistə edən follikulyar kistanın olmasına dəlalət edir, belə hallar sonsuzluqla müşayiət edilə bilər. Ovulyasiyanın sağlam yumurtalıqda baş verdiyi hallarda hamiləlik mümkündür. Hestasiya dövründə yumurtalığın follikulyar kistası öz-özünə geriyə inkişaf edə və ya ciddi ağırlaşmalara, hətta hamiləliyin pozulmasına da səbəb ola bilər.

İri ölçülü follikulyar kistalar, eləcə də hamiləlik və fiziki aktivlik zamanı kistanın ayaqcığının burulması, kapsulun cırılması, ovarial toxumanın nekrozu, qarındaxili qanaxma ilə müşahidə olunan yumurtalığın apopleksiyası riski mövcuddur. Belə hallarda kəskin qarın simtomatikası qəfil başlayan güclü ağrılar, başgicəllənmə, ürəkbulanma, qusma, hipotoniya, taxikardiya, dəri örtüklərinin solğunluğu ilə xarakterizə olunur.


Yumurtalığın follikulyar kistasının müalicəsi

Yumurtalığın diametri 5-6sm-dən böyük olmayan follikulyar kistaları adətən menstruasiyanın başlanmasına yaxın və ya 2-3 aybaşı sikli ərzində öz-özünə geriyə inkişaf edir. Belə hallarda pasiyent dinamik müşahidə altına alınır. Yumurtalığın residivləşən kistasının reqressə uğramasını stimulə etmək üçün kombinə olunmuş oral kontrasepsiya, iltihabəleyhinə terapiya, vitaminlər, homeopatik vasitələr təyin edilir. Fizioterapevtik prosedurlardan elektrofarez, maqnitoterapiya, amplipulsterapiya, ultrafonofarez tətbiq edilir.

Xəstəliyin persistə edən formaları, törəmənin proqressiv böyüməsi, diametri 8sm-dən böyük olan kistalar cərrahi müalicəyə göstəriş sayılır. Tipik hallarda laparoskopik yolla kistanın soyulması, divarlarının tikilməsi və ya yumurtalığın rezeksiyası həyata keçirilir. Ağırlaşmalar olduqda xəstə təcili əməliyyat olunmalıdır; yumurtalığın apopleksiyası zamanı ooforektomiya və ya adneksektomiya icra edilir.
 


Yumurtalığın follikulyar kistasının profilaktikası

Follikulyar kistanın yaranmasının qarşısını almaq üçün yumurtalıqların iltihabi və dishormonal patologiyaları vaxtında müalicə olunmalı, profilaktik ginekoloji müayinələr aparılmalıdır. Kistanın residivləşən gedişi zamanı patoloji vəziyyətin səbəbləri aşkarlanmalı və aradan qaldırılmalıdır.

Yumurtalığın follikulyar kistası fonunda gedən hamiləliyin aparılması ovarial törəmənin vəziyyətinin dinamikasına ciddi nəzərət tələb edir.