Azərbaycanın əsas kardioloji mərkəzində “Anju” yoxdur – Ürək xəstələrini başqa yerə daşıyıb müayinə etdirirlər

  • 2018.07.04 17:27
  • 23071 Baxış
Azərbaycanın əsas kardioloji mərkəzində “Anju” yoxdur –  Ürək xəstələrini başqa yerə daşıyıb müayinə etdirirlər
Ötən günlərdə Bakıda Elmi Tədqiqat kardiologiya institutunda bir pasiyentin ölüm faktını araşdırarkən, məlum olmuşdu ki, neçə illərin kardioloji xəstəxanasında ürək xəstəliklərinin müayinəsi üçün müasir müayinə metodu olan angioqrafiya yoxdur. Ona görə xəstələri vəziyyətləri bir az düzələn kimi təcili yardımla digər xəstəxanaya aparıb, anju etdirib geri qaytarırlar.


Xəstəxananın baş həkimi Rza Səmədov Medicina.az-a açıqlamasında aparatın olmadığını təsdiqləyib: "Hamı bilir ki, bizdə "anju” yoxdur. Xəstələri Topçubaşov adına Elmi-Tədqiqat İnstitutunda angioqrafiya etdiririk. Təbii ki, bizdə olsa yaxşı olar. Amma bu, bizim gücümüzdə olan məsələ deyil”.

Ölkənin vacib xəstəxanasına bu illər ərzində elə də bahalı olmayan bir avadanlığın, qısası ürəyin rentgenini çəkən angioqrafiyanın alınmaması absurd bir məqamdır. 


Qeyd edək ki, angioqrafiya aparatı ürək-damar xəstəliklərinin düzgün diaqnostikası üçün ən vacib qurğulardan biridir.


Tibb ekspert, həkim kardioloq Adil Qeybulla da institututda hələ də angioqrafiyanın olmamasını mənfi hal kimi dəyərləndirdi:


" İnfarkt keçirmiş, işemiya keçirmiş xəstələrin sonrakı reabilitasiyası üçün angioqrafiya önəmlidir. Birmənalı olaraq ürək patologiyası olan şöbələrdə belə angiorqafiya olmalıdır. Ola bilər orda ürək əməliyyatları etməsinlər, amma ürək müalicəsi ilə bağlı mərkəzdirsə, anjunun olması vacibdir. Bu gün Tədris terapevtik və cərrahiyə klinikasında anju var, belə də olmalıdır. Hətta hər hansı xəstəxana ürək xəstəsi qəbul edirsə, orda angioqrafiya olmalıdır.

Əslində bu bir rentgen aparatıdır. Kontrast maddə vurmaq üçün kateterlərdir, Elə də bahalı bir aparat sayılmır. Bu qədər Səhiyyəyə ayrılan büdcə qarşısında əlçatmaz deyil. 

Ağır ürək xəstələrini xəstəxanadan çıxarıb digərinə anju üçün daşımaq da təhlükəlidir. Kardiologiya institutunun tezliklə angioqrafiya aparatı ilə təmin olunması labüddür”.

Azərbaycanın əsas kardioloji mərkəzində “Anju” yoxdur –  Ürək xəstələrini başqa yerə daşıyıb müayinə etdirirlər