20 manatım yoxdur, həkim qəbuluna düşə bilmirəm - 26 saylı poliklinikada özbaşınalıq

  • 2023.05.25 16:00
  • 2297 Baxış
20 manatım yoxdur, həkim qəbuluna düşə bilmirəm  - 26 saylı poliklinikada özbaşınalıq

Bakı şəhəri, Nizami rayon sakini Gülbala Abdullayev 26 saylı Şəhər Poliklinikasından şikayətçidir.

Bu barədə Bakupost.az -a Gülbala Abdullayev özü bildirib.


Onun sözlərinə görə, çek almadığı üçün həkim qəbuluna düşə bilmir:

"Poliklinikada belə qayda var, həkim qəbuluna düşmək üçün 20 manat ödəyib talon almalısan. Bütün xəstələr belə edir. Amma mənim pulum yoxdur. İmkanım çatmır deyə qəbul etmirlər. Hər dəfə talon almaq üçün yaxınlaşanda deyirlər ki, kompüter işləmir. Bu poliklinikanın anam və həyat yoldaşımın ölümündən də xəbəri olmayıb. Yoldaşım 9 il onkoloji xəstəlikdən əziyyət çəkib. 5 ildir vəfat edib. Heç birindən xəbərləri yoxdur. Özüm də 2-ci qrup əliləm”.

Gülbala Abdullayev çekin verildiyi şöbənin rəisindən narazılığını da ifadə edib:

“Talon verən şobənin rəisi Vüsalə adlı xanımdır. O sanitar idi. Birdən-birə gəlib bu vəzifəni tutub. Vüsalə xanım baş həkim Aidə xanımın yanında mənə dedi ki, get, hara istəyirsən, şikayət et, Bakı Baş Səhiyyə Mərkəzindən Aysel xanım mənim arxamdadır. Baş həkim Aidə xanım onlarla başa çıxa bilmədiyini deyir. O bildirir ki, hər tibb bacısının bir adamı var, zəng edib tapşırtdırır”.

Şikayətçi, məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsə də, ona cavab verilməyib:

"Bakı Baş Səhiyyə Mərkəzində 4, TƏBİB-də isə 1 dəfə olmuşam. Məni yola verdilər. Srağagün hər iki quruma elektron qaydada müraciət etdim. Səhiyyə Nazirliyinə də müraciət etmişəm. Cavab yoxdur. 1 həftə də gözləyəcəm, nəticə olmasa, Mehriban Əliyevaya müraciət edəcəyəm. Hər şeyi sübut edə bilərəm”.

Məsələ ilə bağlı 26 saylı Şəhər Poliklinikası ilə əlaqə saxladıq.


“Həmin şəxsin USM və digər yoxlanışları dəfələrlə həyata keçirilib. Bu onun ilk şikayəti deyil, dəfələrlə hər yerə şikayət edib. Baş həkim də onu tanıdığı üçün gələndə öz qəbuluna dəvət edir, lazım olduğu halda yoxlanışın baş həkimin otağında aparılmasını da təklif edir. Yəni, hər dəfə onu razı şəkildə yola salmağa çalışırıq.

Xəstə həmin gün saat 5-6 radələrində xəstəxanaya gəlib. Həkim ondan talon tələb edib. Talonu verən ixtisaslı həkim də saat 8-dən 3-ə qədər işlədiyi üçün xəstə talonu ala bilməyib. Baş həkim özü xəstəxanada olsaydı, özü onuyola salardı. Lakin yoxlanış həkimi onu tanımayıb deyə qəbul etməyib.

O, qeydiyyat bölməsindəki qızlardan müdirin kim olduğunu öyrənib. Məni tanımadan, görmədən haqqımda əsassız, artıq-əskik ifadələr işlədib. Həmin gün özümü sığortalamaq üçün TƏBİB-ə zəng etdim. Xəstənin şikayətinin əsassız olduğu bildirdim. Baş həkimə də hər şeyi dedim, izahatımı da yazdım”.

Aynur İbrahim